Azərbaycan
   
   22 iyun 1802 - Məşhur şərqşünas alim, maarifçi, professor Mirzə Kazımbəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və Mirzə Kazımbəy onun ilk dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
   22 iyun 1897 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 - 26.9.1961) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona “Bülbül” adı verilib. Xalq mahnılarının, romansların (“Sənsiz", "Sevgili canan", Ü.Hacıbəyli, “Ölkəm”, A.Zeynallı və s.), operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1940-cı ildən konservatoriyanın professoru olub.
   22 iyun 1922 - Tanınmış rejissor Rüfət İsmayıl oğlu Şabanov (1922-1998) Bakıda anadan olub. Rus Dram Teatrında, Dövlət Teleradio Verilişləri Komitəsində rejissor işləyib. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Romeo mənim qonşumdur” bədii filmlərində 2-ci rejissor olub. “Gəmi saatının sirri” bədii filminə quruluş verib.
   22 iyun 1924 - Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924- 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanların, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.
   22 iyun 1942 - Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Deyin, hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Ay gecikən məhəbbətim" və s. populyar mahnıların müəllifidir.
   22 iyun 1947 - Şair Eldar Baxış (1947-22.6.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində çalışıb. "Uzun Həsən", "Məlikməmməd" pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
   22 iyun 1996 - Prezident Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Adları “Qızıl kitab”a yazılan gənc istedadlara xüsusi Prezident təqaüdü verilir.
   22 iyun 1999 - Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1996-cı il aprelin 22-də Lüksemburqda imzalanıb) qüvvəyə minib. Saziş Avropa Birliyinin Azərbaycana iqtisadi, sosial, elmi-texniki, mədəni əməkdaşlıq sahəsində dəstək və yardımını əhatə edir.
   23 iyun Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün dünyanın əksər ölkələrində qeyd olunur. Respublikamızda Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.
   23 iyun 1920 - Yazıçı Əkbər Həzrətqulu oğlu Əkbərov (1920 - 25.01.1995) anadan olub.
   23 iyun 1920 - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin 14 sentyabrında Xiyabaninin qətlə yetirilməsindən sonra süqut etdi.
   23 iyun 1923 - Ədəbiyyatşünas, şair, tənqidçi, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 - 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Bənövşə yarpağı”, “İnsan min il yaşardı”, “Keçmə namərd körpüsündən”, “Dağlar buraxmır məni”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. «Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru olub.
   23 iyun 1925 - Xalq artisti, rejissor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova anadan olub. 30 il ərzində S.Vurğun adına Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Bir sıra televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professorudur.
   
   24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.
   24 iyun 1939 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939 - 31.8.1968) Təbrizdə anadan olub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. İtaliyada (Bolonya) Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Araz çayında müəmmalı şəraitdə boğulub. "Məhəbbət nağılı" adlı kitabı Bakıda (1987) nəşr edilib.
   24 iyun 1955 - Görkəmli jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov (1955- 17.12.1999) Bakıda doğulub. “Molodyoj Azerbaydjana” (1986-1988), “Azadlıq” (1989-1992) qəzetlərinin baş redaktoru işləyib. Azərbaycan Ali Sovetinin (1990-1995) deputatı olub, 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.
   
   25 iyun 1907 - Xalq artisti, tanınmış aktrisa Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyyətinə 1920-ci ildə Bakıda Əli Bayramov klubu nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktrisası olub. «Bəxtiyar» filmində Zəhra xala rolu ilə məşhurlaşıb, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
   25 iyun 1930 - Şair Şərif Yusif oğlu Tahirli Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Satirik şeirlərin, “Şikayətnamə”, “Babam yaxşı kişi olubdu”, “Ürəyimin güzgüsü” və s. kitabların müəllifidir.
   25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub. Uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin solisti olub.
   25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
   
   Dünya
   
   22 iyun 1767 - Alman filosofu, məşhur dilçi alim, ədəbiyyatşünas Vilhelm Humboldt (Friedrich Wilhelm von Humboldt; 1767-1835) anadan olub. Berlin Universitetinin yaradıcısıdır.
   22 iyun 1887 - İngilis filosofu Culian Haksli (Julian Sorell Huxley; 1887-1975) anadan olub. Təkamülün sintetik nəzəriyyəsinin müəllifidir, UNESCO-nun ilk baş direktoru olub.
   22 iyun 1898 - Alman yazıçısı Erix Mariya Remark (Erich Maria Remarque - Erich Paul Remark; 1898-1970) anadan olub. Əsərləri: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Üç yoldaş”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s. romanlar.
   22 iyun 1906 - Amerika kinorejissoru, 4 dəfə «Oskar» mükafatının laureatı Billi Uilder (Billy Wilder; 1906-2002) anadan olub. Filmləri: “Cazda ancaq qızlardır”, “Sabrina”, “Mənzil” və s.
   22 iyun 1947 - Tanınmış rus kinoaktrisası Natalya Varley anadan olub. “Qafqaz əsiri” filmində Nina rolu ilə məşhurlaşıb. “Qaçış”, “12 stul” və s. filmlərdə çəkilib.
   22 iyun 1949 - Məşhur Amerika aktrisası Meril Strip (Mary Louise "Meryl" Streep) anadan olub. “Kramer Kramerə qarşı” (Coanna Kramer), “Sofiyanın seçimi” (Sofiya Zavistovskaya), “Dəmir ledi” (Marqaret Tetçer) rollarına görə “Oskar” mükafatına layiq görülüb.
   
   23 iyun 1824 - Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke; 1824-1910) anadan olub. Opera, simfoniya, oratoriyaların müəllifidir.
   23 iyun 1868 - Amerikalı ixtiraçı Kristofer Letem Şoulz (Christopher Latham Sholes) ixtira etdiyi yazı makinasına ilk patent alıb. Yazı makinası ədəbiyyat, jurnalistika və ümumilikdə mədəniyyətdə o dövrün mühüm texniki inqilabı idi.
   23 iyun 1889 - Məşhur rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 - 5.3.1966) anadan olub. Qızıl Orda xanı Əhməd xanın nəslindən olub, soyadını (təxəllüsünü) də bu addan götürüb. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.
   23 iyun 1901 - Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.
   23 iyun 1910 - Fransız dramaturqu Jan Anuy (Jean Marie Lucien Pierre Anouilh, 1910-1987) anadan olub. “Yüksüz sərnişin”, “Kolomba”, “Antiqona” və s. pyeslərin müəllifidir.
   23 iyun 1927 - Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse; 1927-1987) anadan olub. Filmləri: “Kabare”, “Lenni”, “Bütün bu caz” və s.
   23 iyun 1957 - Hollivud aktrisası, «Oskar» mükafatı laureatı Frensis Makdormend (Frances McDormand) anadan olub. “Farqo”, “Şerifin ulduzu”, “Missisipi od içində” və s. filmlərdə çəkilib.
   
   24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Müvafiq şərait”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. “Şeytan lüğəti” adlı acı aforizmlər toplusu tərtib edib.
   24 iyun 1901 - SSRİ-nin Xalq artisti, teatr və kino aktyoru İqor İlyinski (1901-1987) anadan olub. “Volqa-Volqa” (Bıvalov), “Karnaval gecəsi” (Oqursov) və s. filmlərdə komik obrazlar yaradıb.
   24 iyun 1912 - Rusiyanın Xalq artisti, komediya aktyoru Sergey Filippov (1912-1990) anadan olub. Filmləri: “12 stul” (İppolit Vorobyaninov), “İvan Vasilyeviç peşəsini dəyişir” (İsveç səfiri) və s.
   24 iyun 1930 - Fransız rejissoru Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın tanınmış nümayəndələrindən biridir, “Yaraşıqlı Serj”, “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.
   
   25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
   25 iyun 1903 - Məşhur ingilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair; 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
   25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael, əsl adı Georgios Kyriakos Panayiotou) anadan olub.
   25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib.
   
   Hazırladı: Vüqar Orxan