Azərbaycan
   
   13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 - 10.5.1960) anadan olub.
   13 iyul 1910 - Yazıçı, dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.
   13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda" monumental tablosu, "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu və s. əsərlərin müəllifidir. Rəsmləri dünyanın 20-dən çox ölkəsində sərgilənib.
   13 iyul 1936 - Tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq, dəniz, od, səma”, «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim», “Alman klinikasına şəxsi səfər” filmlərinin rejissorudur.
   13 iyul 1957 - Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində anadan olub. Azərbaycanda ilk pantomim teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında” (Qərib), “Dantenin yubileyi”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s.
   
   14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib. 10-dək kitabın müəllifidir.
   
   15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
   15 iyul 1925 - Azərbaycanın Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
   15 iyul 1926 - Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (1926-13.8.2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə ("Mən ki gözəl deyildim" - Gözəl, "Qayınana" - Mülayim, "Şərikli çörək" - Şamama, "Ölsəm, bağışla" - Ana, "Həm ziyarət, həm ticarət" - Ana və s.) yaddaqalan obrazlar yaradıb.
   15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev anadan olub. “Bakı-90” simfoniyası, “Noktürn” və s. əsərlərin müəllifidir. Dövlət Filarmoniyasında bədii rəhbər, Akademik Opera və Balet Teatrının direktoru olub.
   15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.
   16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” - Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah, “Bəyin oğurlanması” - Amanoğlu və s.) maraqlı rollar oynayıb.
   16 iyul 1934 - Əməkdar memar, Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rasim Həsən oğlu Əliyev anadan olub.
   16 iyul 1958 - Tanınmış aktyor, Xalq artisti İlham Təvəkkul oğlu Əsgərov Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. 1982-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “Doğma sahillər”, “Biz qayıdacağıq” filmlərində, “Sarıköynəklə Valehin nağılı”, “Fatehlərin divanı” və s. televiziya tamaşalarında çəkilib, bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   
   Dünya
   
   13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner, 1841-1918) anadan olub.
   13 iyul 1923 - SSRİ Xalq artisti, məşhur aktyor Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla, 100-dək filmdə (“I” əməliyyatı...” - iş icraçısı Pal Stenanıç, “Sportloto-82” - San Sanıç Muraşko, “İvan Vasilyeviç peşəsini dəyişir” - rejissor Karp Yakin) çəkilib.
   13 iyul 1928 - Rus yazıçısı, tarixi romanların müəllifi Valentin Pikul (1928-1990) anadan olub. “Bayazet”, “Söz və iş”, “Favorit” romanları və s. müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
   13 iyul 1934 - Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.
   13 iyul 1954 - Məşhur türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə doğulub. Populyar mahnıların (“Sən ağlama”, “Geri dön”, “Sarışınım”, “Məni unutma” və s.) mahnıların, filmlərə musiqilərin müəllifidir. Türk estradasının bir sıra ulduzları (Tarkan, Sərtab Ərənər və s.) onun sayəsində musiqi aləmində parlayıblar.
   
   14 iyul 1454 - İntibah dövrünün şairi Angelo Polisiano (Angelo Poliziano, 1454-1494) anadan olub. İtaliya ədəbiyyatında ilk dünyəvi dram əsərinin («Orfey haqqında nağıl») müəllifidir.
   14 iyul 1860 - Rus tarixçisi, şairi, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Məşhur «Qafqaz» kitabının müəllifidir.
   14 iyul 1862 - Avstriya modernist rəssamı Qustav Klimt (1862-1918) anadan olub.
   14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
   14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” romanları və s.
   14 iyul 1910 - Amerika multiplikatoru, Tom və Cerri haqqında cizgi filmlərinin həmmüəllifi (Cozef Barbera ilə birlikdə) Uilyam Hanna (William Hanna, 1910-2001) anadan olub.
   14 iyul 1918 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist və yazıçı İnqmar Berqman (Ernst Ingmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
   14 iyul 1919 - Fransız aktyoru Lino Ventura (Lino Ventura - Angiolino Joseph Pascal Ventura, 1919-1986) anadan olub. “Yüz gün Palermoda”, “Əlvida, polis”, “Macəra axtaranlar” və s. filmlərdə çəkilib.
   14 iyul 1928 - Tanınmış gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.
   
   15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10. 1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Lazarın dirilməsi”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması” və s.
   15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.
   15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1. 1860-1904) vəfat edib. “İtgəzdirən qadın”, “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərinin müəllifidir.
   15 iyul 1910 - Yaponiya kinorejissoru Satsuo Yamamoto (Satsuo Yamamoto, 1910-1983) anadan olub. Filmləri: “Hərb və sülh”, “İmperatorsuz avqust” və s.
   15 iyul 1919 - İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919-1999) anadan olub. “Tor altında”, “Yabanı qızılgül”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.
   15 iyul 1924 - Məşhur çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) anadan olub. "Azərbaycanfilm"də rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (1962, rejissor Tofiq Tağızadə) çəkilib. Baş rolda M.Esenbayev özü çəkilib.
   
   16 iyul 1486 - İntibah dövrünün italyan rəssamı Andrea del Sarto (Andrea del Sarto, 1486-1531) anadan olub.
   16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
   16 iyul 1858 - Belçika bəstəkarı, dirijor Gjen İzai (Eugene Ysaye, 1858-1931) anadan olub.
   16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.
    16 iyul 1928 - Rus şairi Andey Dementyev anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir. Azərbaycan bəstəkarı Polad Bülbüloğlu da şairin sözlərinə bir neçə mahnı (“Dostlar”, “Mən insanlarda yalana nifrət edirəm”) yazıb.
   
   Hazırladı: Vüqar Orxan