Gürcüstanın paytaxtı Tbilisidə, Rustaveli prospektində Qrandükün sarayı adlı qədim bir tikili var. Vaxtilə Rusiya çarının Qafqazdakı canişinlərinin iqamətgahı olmuş bu sarayın tarixinin bir dövrü Azərbaycan dövlətçiliyi ilə də bağlıdır. 1918-ci ildə Tiflisdə yaranan Azərbaycan Milli Şurasının iclasları burada gerçəkləşib.
   
   Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edən Milli Şuranın 1918-ci il 28 may tarixli iclası məhz bu binada keçirilib, İstiqlal Bəyannaməsi ilk dəfə burada oxunaraq tarixə düşüb, Azərbaycanın müstəqilliyi buradan dünyaya bəyan olunub.
   Həmin günün şahidlərindən olmuş Əkbər ağa Şeyxülislamzadə öz xatirələrində yazır ki, mayın 26-da Gürcü Milli Şurası Zaqafqaziya Seymindən çıxaraq müstəqil Gürcü Xalq Cümhuriyyətini elan etdikdən sonra dərhal Azərbaycan Milli Şurası toplandı. Toplantıya gürcü və erməni tərəfin marağı böyük idi: “Müzakirələr davam etməkdə ikən qonşularımız gürcü və ermənilər arasında cürbəcür şayiələr dolaşmaqda idi: “Azərbaycan özünü Türkiyəyə ilhaq etməyi bəyan edəcək!..”. Sarayın ətrafında on beş mindən artıq erməni, gürcü toplaşıb bizim qərarımızı gözləyirdi. Məclis üzvləri yemək üçün fasilə elan etdiyi zaman onlar: “İstiqlaliyyətmi, yoxsa ilhaqmı elan edəcəksiniz? Milli Şuranın ikiyə bölündüyü doğrudurmu?” kimi suallar yağdırıb, bizi dövrəyə alırdılar.
   Gərginlik və həyəcan içində müzakirələr iki gün davam etdi. Batumdan “Dövləti-Osmaniyə Heyəti Murahhasası” tərəfindən bizə bir xəbər gəldi: “Türklər ilhaqın əleyhinədirlər. Azərbaycan Türkiyəyə ilhaq olunarsa, bolqarlar türklərdən mükafat olaraq, Ədirnəni istəyirlər”. Bu xəbər üzərində ilhaq istəyənlərin son budağı kəsildi... İstiqlaliyyət tərəfdarları qüvvətləndilər...”
   Tarixi gün gəlib çatdı və mayın 28-də Qafqaz Canişin sarayında Zaqafqaziya Seyminin müsəlman qrupunun toplantısına ayrılmış mavi salonda Həsən bəy Ağaoğlu Azərbaycan millətinin “müstəqil və azad bir dövlət olması”nı səsə qoydu. Milli Şuranın üzvlərindən biri Azərbaycan istiqlaliyyətinin elan olunması mərasimini belə anladır: “Axşam, sabiq Qafqaz canişini Qrandükün sarayında Seymin müsəlman qrupuna ayrılan mavi salonda Azərbaycan Milli Şurasının nümayəndələri doktor Həsən bəy Ağaoğlunun rəhbərliyi altında toplandıq. Həsən bəy məclisi açdı və sözə başlayaraq dedi ki, indi deputatlar bizim fikrimizlə razıdırlar. Səs vermək hər deputatın vəzifəsidir, bitərəf qalanlar, xahiş edirəm, məclisi tərk etsinlər. Amma heç kim yerindən qalxmadı. Həsən bəy Azərbaycanın azad və müstəqil bir dövlət olmasını səsə qoyur. Katib Mustafa Mahmudi adları oxuyur, hər bir deputat “razıyam” cavabını verir. Hamının üzündə sevinc vardı.
   Rəis Həsən bəy ayağa qalxaraq bütün deputatlara xitab edir: “Bu saatda, yəni doqquza on dəqiqə işləmiş Azərbaycanın istiqlaliyyəti Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmişdir. Yeni hökumətimizi təbrik edirəm”.
   Gözləri yaşaran deputatlar bir-birlərini təbrik edir, əllərini sıxırdılar. Canişin sarayının önündə toplaşanlar “yaşasın müstəqil Azərbaycan!”- deyə qışqırır, saraydan çıxan Azərbaycan deputatlarını alqışlayırdılar.
   
   Binanın memarlıq üslubu
   
   Tiflisdəki Canişin sarayının tarixi general P.D.Sisianovdan başlayır. Çarın Qafqazdakı canişini üçün ilk iqamətgah 1802-ci ildə tikilib. Sonralar bina dəfələrlə yenidən qurulub. Məhz bu iqamətgahda Qafqaz canişini M.S.Vorontsov Hacı Muradı qəbul edib və onu Şeyx Şamildən ayıraraq öz tərəflərinə çəkməyə çalışıb.
   1845-1847-ci illərdə N.Semyonovun layihəsi ilə binanın yerində saray tikilib. Yeni layihə əsasında tikilən binada klassisizm ənənələri üstünlük təşkil edirdi. Müəllif tikiliyə Avropa intibah dövrü memarlığına xas olan formalar əlavə etmişdi. Kələ-kötür, yonulmamış daşlarla hörülməsi fasadı hissələrə bölürdü. İki yarusda sıralanan arkalı qalereyalar binaya ahəngdarlıq verirdi.
   Sonuncu dəfə (1865-1868-ci illərdə) bina arxitektor Otto Simonsonun layihəsi əsasında demək olar ki, yenidən tikilib. Fasadın görünüşü dəyişdirilib. İntibah dövrü elementləri harmonik elementlərlə əvəzlənib, divara bitişik dördkünc sütunlar, arkalar, qalereya arkadaları, medalyonlar və dairəvi fontanlar qoyulub. Saray gözəl bağçaya və güzgülü böyük zala malik idi. Tikili sadə görkəmi ilə çox əzəmətlidir. O, bizim günlərə qədər də bu görünüşünü saxlayıb.
   1917-ci ilə qədər bu binada çarın Qafqazdakı canişininin iqamətgahı yerləşib. Saray canişinin həm evi, həm də iqamətgahı idi. Rusiya çarının Qafqaz sərdarlarının hamısı məhz bu saraya ayaq basıblar: sarayın özülünü qoyan Sisianovdan əlahəzrət knyaz Mixail Nikolayeviçə qədər. Dövrümüzə gəlib çatan şəkillərin əksəriyyətində bina knyaz Mixail Nikolayeviçin (Romanov) sarayı adlandırılır. Məhz onun dövründə saray Otto Simonson tərəfindən yenidən qurulub. Amma Tiflisdə binanı Qafqaz canişini Mixail Vorontsovun adı ilə Vorontsov sarayı adlandırırlar.
   Qafqaz canişininin gündəlik işləri və ailəsinin şəxsi həyatı burada keçirdi: işgüzar görüşlər, rəsmi və ya qeyri-rəsmi mərasimlər, ziyafətlər, ballar, maskaradlar, digər müxtəlif şənliklər bu binada təşkil olunurdu.
   XX əsrin əvvəllərində bu binada Zaqafqaziya Seymi (1918), sonra Gürcüstan Respublikasının parlamenti və hökuməti, Gürcüstan SSR-in və ZSFSR-in (Zaqafqaziya Federasiyasının) Mərkəzi İcraiyyə Komitələri və Xalq Komissarları Soveti yerləşib.
   
   Tariximizin şahidi
   
   Stalinin anası Yekaterina Cuqaşvili (Keke) 1920-ci illərin əvvəllərində Tiflisdə yaşayıb. Stalin onu Qafqaz canişininin keçmiş sarayında yerləşdirib. Lakin Keke yalnız birinci mərtəbədə kiçik bir otaqla kifayətlənib.
   Stalinin qızı Svetlana Alilluyeva xatirələrində bu barədə yazırdı: “O, (Yekaterina Cuqaşvili - red.) hansısa qədim və qəşəng bir sarayda yaşayırdı. Aşağı mərtəbədə kiçik pəncərələri həyətə açılan alçaq bir otaqda qalırdı. Küncdə dəmir çarpayı və şirma qoyulmuşdu. Otaq qarılarla dolu idi - hamısı da Gürcüstanda qəbul olunduğu kimi qara paltarda. Çarpayıda qoca bir qarı əyləşmişdi. Bizi onun yanına apardılar. O, arıq və qabarlı əlləri ilə hamımızı bərk-bərk qucaqladı, üzümüzdən öpə-öpə gürcücə nəsə deyirdi... Başı yaylıqla örtülü idi. Amma mən bilirdim, atam danışmışdı ki, nənəm cavanlıqda sarışın olub ki, bu da Gürcüstanda gözəl olmaq sayılır”.
   Sovet dövründə, 30-cu illərdə bina uşaqların ixtiyarına verilib, “Pioner və məktəblilər sarayı” kimi fəaliyyət göstərib.
   Azərbaycanın müstəqilliyinin bəyan edildiyi İstiqlal Bəyannaməsinin qəbul edildiyi mavi salon sarayın ikinci mərtəbəsində yerləşirdi. Bu həm də sarayın əsas zalıdır. Dövlət əhəmiyyətli bütün tədbirlər məhz bu zalda keçirilirdi. Hazırda burada olan səhnə sonradan əlavə edilib.
   1917-ci ilədək Qafqaz canişinlərinin iqamətgahı (Qrandükün sarayı) olmuş bu saray bizim tariximizdə də əhəmiyyətli yer tutur. Bütün Cənubi Qafqaz, o cümlədən Azərbaycan çar canişinləri tərəfindən bu binadan idarə olunub. Rusiya İmperiyası dağıldıqdan sonra yaradılan Zaqafqaziya Seymi bu binada fəaliyyət göstərib. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının ilk iclasının (1918-ci il 16 mart) protokolunda harada keçirildiyi göstərilməsə də, başqa protokollara əsasən həmin il martın 25-də olan ikinci iclasın da bu binada keçirildiyini görürük.
   Müsəlman fraksiyasının digər iclaslarının protokollarında məkan göstərilməsə də, 1918-ci il mayın 25-də səhər və axşam iclasları yenə bu sarayda keçirilib. Zaqafqaziya Seyminin süqutunun ertəsi günü (27 may) müsəlman deputatların iclasının harada keçirildiyi protokolda göstərilmir. Çox güman ki, iclas Qafqaz Canişin sarayında olub və bu iclasda da Azərbaycan Milli Şurasının yaradılması qərara alınıb. Nəhayət, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də bu sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib.
   Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da məkan Qafqaz Canişin sarayı göstərilir. Növbəti iclasın (1918-ci il 7 iyun) protokolunda toplantının sadəcə Tiflisdə keçirildiyi qeyd olunur. Beşinci iclasın (1918-ci il 13 iyun) protokolunda isə Tiflisdəki Oriant mehmanxanası göstərilir. Bu, Milli Şuranın Tiflisdə keçirdiyi son iclasıdır. Bundan sonra (16 iyun) Azərbaycan hökuməti Gəncəyə köçdü...
   
   Mehparə