1993-cü il iyulun 23-də Ağdam erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur
   
   Ağdam Azərbaycan mədəniyyətinə, musiqi və incəsənətinə, ədəbiyyatına görkəmli şəxsiyyətlər, böyük sənətkarlar vermiş bölgədir. Bu rayonda tariximizin şahidi olan qədim tikililər, memarlıq abidələri qeydə alınmışdı. Onların çoxu erməni işğalı nəticəsində vəhşicəsinə dağıdılıb. Ağdam şəhərində dünyada yeganə olan "Çörək muzeyi" var idi. Rayonun məşhur Abdal-Gülablı, Şelli sanatoriyası, Şahbulaq turizm mərkəzi talan edilib.
   Ümumilikdə, rayonun 82 yaşayış məntəqəsi, o cümlədən Ağdam şəhəri işğal altındadır. İşğal olunmamış 44 yaşayış məntəqəsində isə rayon əhalisi yaşayır, qurub-yaradır. Bu gün rayonun əsas idarə və təşkilatlarının yerləşdiyi Quzanlı qəsəbəsində, digər yaşayış məntəqələrində aparılan quruculuq-abadlıq işləri, yeni inşa olunan binalar, mədəniyyət, sosial təyinatlı obyektlər Azərbaycan dövlətinin iqtisadi imkanlarının göstəricisidir.
   Rayonun mədəni həyatı da bu imkanlar daxilində inkişaf edir. Azərbaycan incəsənətinə böyük adlar bəxş etmiş Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbi 2000-ci ildən Ağdam Musiqi Texnikumu adı altında fəaliyyət göstərir. Vaxtilə (1993-cü ilədək) rayonun Mədəniyyət şöbəsinin tabeliyində 107 kitabxana fəaliyyət göstərib. Mərkəzi kitabxana və 66 kitabxana filialı işğal olunmuş ərazidə qalıb.
   Bu gün Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan 16 mədəniyyət evi, 14 klub, 51 kitabxana, 3 muzey və 11 uşaq musiqi məktəbində 780-dən çox işçi çalışır. Mədəniyyət evlərindən 6-sı, klublardan 2-si, 51 kitabxana filialından 10-u yeni qəsəbələrdə fəaliyyət göstərir.