Kabus illərin salnaməsi
   

   Və ya ruh sürgünlərinin divanə qadını
   
   Hər dəfə bu xanım, Müşfiqin ilham pərisi, həyatının sevgisi, yaşam sevinci olan Dilbər Axundzadə, onun şəxsiyyəti, yaşantıları və ömür yolu barədə düşünəndə tərəddüdlər yaşayıram. Onu gah qınayır, müdhiş əzablar gətirən repressiya burulğanında büdrəməsinə, böyük eşqin yuvasında sıxılıb sarsılmasına görə məzəmmət edir, gah da “hansı insan bu boyda məşəqqətlər qarşısında tab gətirər”,- deyə ona haqq qazandırıram. Amma son olaraq bir qənaətə gəlirəm: Müşfiqin ürəyi boyda məhəbbət olan Dilbər də Müşfiqini onun məhəbbəti qədər sevmişdi. Əks halda o sevgidən ilhamlanıb elə səmimi şeir seli yaranmazdı. Hər halda, bu gün şair Müşfiq deyərkən xatırlanan ilk ad onun yaralı qəlbinin yarı Dilbər olur.
   
   Mən ki, bilməz idim nədir məhəbbət...
   
   Mikayıl Müşfiq Dilbərlə öz sevgisinə, öz xoşbəxtliyinə qovuşdu. Onda həyat necə də gözəl, şən və firavan idi. Arzular qanadlarında uçuşurdu sevgi ilə çırpınan ürəklər. Bütün çirkinliklərdən, məkrli planlardan və acı sonluqdan xəbərsiz özlərinə aid dünyalarında səadət yaşayırdılar. Dilbər xanımın məlum «Müşfiqli günlərim» adlı xatirələr kitabını vərəqləyərkən bu sadə, mehriban ailənin yaşantıları gözlərimiz önündə sərgilənir: “Evləndiyimiz vaxt Müşfiq "Azərnəşr"də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi. Qazancı da pis deyildi. Balaca otağımızda Müşfiq dağ şəlaləsi kimi coşub-daşır, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı"...
   Bu, əsl sevgi, Mikayıl Müşfiqin həyatda qazandığı ilk xoşbəxtliyi idi... Dilbərlə 7 il birlikdə yaşadılar. İtkiləri, kədərli günləri olsa belə, böyük eşqlərinə sığınıb həyatın qismətinə razı ömür sürməyə qərar verdilər. İlk göz ağrısını, körpə balasını itirib ağır sarsıntılar keçirdikləri məqamlarda da bir-birilərinə sığındılar. Şair öz sevgisinin böyüklüyündə təsəlli tapdı, Dilbər isə onun şeiriyyətində: “Müşfiq elə nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşqun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi. Lakin Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəsli kimi xatırlayıram"...
   
   Əsdi kədər rüzgarları
   
   Mikayıl Müşfiq oğlu Yalçının ölümü ilə uzun müddət barışa bilmirdi. Həyatına sevinc gətirən, ilhamına yeni qanad verən övladının qəfil ölümü onu çox sarsıtmışdı. Qələm dostları tez-tez yanına gələr, ona təsəlli verməklə ələmini, kədərini unutdurmağa çalışardılar. Amma bu çətin məqamda təzyiqlər də azalmırdı. Həmin hücumlardan bir müddət sonra oxucularla görüşdən evə dönən M.Müşfiq yaşadığı Nijnı Priyutskaya (indiki Süleyman Rəhimov) küçəsinin yaxınlığında dayanan qara maşının yanında iki iricüssəli kişinin xısın-xısın söhbət etməsinə fikir vermədi. Ondan nigaran qalan Dilbərin həyəcanını sakitləşdirmək üçün evə tələsirdi. Çünki son yaşananlardan, bu amansız münasibətdən, nifrət dolu gözlərdən, saxta, yalan dolu ittihamlardan qaçıb yalnız evində, sevimli Dilbərinin və müəllimə işləyən kiçik bacısı Balacaxanımın yanında təsəlli tapırdı. Ona görə də ətrafda baş verənlərə məhəl qoymadan pilləkənləri tələsik qalxaraq qapını döydü. Qapını açan Dilbər Müşfiqin yorğun gözlərinə baxıb «Harada idin, niyə gec gələcəyini qabaqcadan bildirmədin, axı Balacaxanımla gözümüz yolda qalmışdı»,- deyə nigarançılıq dolu baxışlarla Müşfiqini süzdü. Elə bu dəm qapı möhkəm döyüldü. Dilbər qapının belə vaxtsız-vədəsiz döyülməsindən diksindi və üzünə yayılan qorxu ilə yoldaşını süzdü. Müşfiq isə, heç nə olmamış kimi, Dilbəri sakitləşdirib içəri otağa ötürdü və qapını açdı.
   - Mikayıl Müşfiq İsmayılzadə sizsiniz?
   - Bəli, mənəm!
   Bizimlə getməlisiniz! - deyib heç ailəsinə xəbər verməsinə də lüzum görmədilər.
   Yolun kənarında dayanan qara maşın onları gözləyirdi. Qonşular qorxularından qapılarını açmağa cürət etməsələr də, bəziləri mənzillərin işığını söndürüb, pərdə arxasından bu təlatümlü gecənin «qurbanı»na acıyırdılar...
   
   Yalan ayaq tutdu və yeridi
   
   27 may 1937-ci ildə NKVD-nin təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda göstərilir ki, guya Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə mühacirətdəki «Müsavat» gənclər təşkilatı ilə əlaqə saxlayır. O, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir. Bundan əlavə, şair «Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır» kimi qızışdırıcı sözləri ilə xalq arasında narazılıq yaratmaq istəyir. M.Müşfiq burjua-millətçi fikirləri, əksinqilabi düşüncələri ilə ədəbiyyat sahəsində bu yöndə iş aparmaqda günahkar bilinir. Həbs olunmuş müttəhimlərin «könüllü» surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən, Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, 4-də isə həbs edilmişdi.
   NKVD rəisi Sumbatovun (Sumbatyan) və SSRİ prokurorunun baş köməkçisi Rozovskinin imzası ilə təsdiq olunan ittihamnamədə deyilir: «1936-cı ilin sonlarında NKVD Azərbaycanda fəaliyyət göstərən trotskiçi-millətçi təşkilatını üzə çıxarıb zərərsizləşdirmişdir. Azərbaycan SSR-in SSRİ tərkibindən ayrılması istiqamətində bir çox millətçilər hərbi yolla inqilab, ziyankarlıq, partiya və dövlət rəhbərlərinə qarşı terrora əl atmağı qarşılarına məqsəd qoymuşdular”.
   Beləcə, cəfəng ittihamlar, saxta şahid ifadələri və yalan dolu aktlar tərtib olundu. İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələri ilə təqsirli bilindi. Bundan sonra SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il 11:20 dəqiqədə başlanan məhkəməsi 11:40 dəqiqədə İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə başa çatdı. Hökm yanvarın 6-na keçən gecə həyata keçirilir. Beləcə, böyük eşqlə çırpınan daha bir ürək susdurulur...
   
   Böyük eşqin acı sonu
   
   1937-ci il noyabr ayının 1-də M.Müşfiqin həyat yoldaşının həbsi üçün də qərar çıxarılır, noyabrın 2-də isə Dilbər Rza qızı İsmayılzadə-Axundzadənin həbsi üçün order yazılır. Həyat yoldaşının güllələnməsindən bir ay keçməmiş təhlükəsizlik leytenantı Q.B.Avanesov ilk dindirmə aparır. Dilbər xanım iki aylıq əzab-əziyyətli işgəncələrə dözməyərək psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. Xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərovun 19 fevral 1939-cu il tarixdə tərtib etdiyi aktda Dilbər Axundzadənin müalicə olunduğu zaman gəldikləri nəticədən aydın olur ki, xəstənin nitqi sistemsiz, suallara cavabı anlaşılmaz olmuşdur. Onun heç nə ilə maraqlanmadığı, suallara ötəri cavab verdiyi qeyd olunur. 1938-ci ilin oktyabrında Dilbər xanım sakitləşəndən sonra hallyusinasiya (qarabasma) halları keçirir. 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir...
   
   «Mənə deyirlər, dəli olmusan...»
   
   Dilbər xanımın həbsxana həyatı, oradakı yaşantıları və keçirdiyi ağır depressiyalar barədə onun həbsxana yoldaşı, şairə Umgülsüm Sadıqzadənin “Qala xatirələrim” adlı gündəliyində oxuyuruq:
   “25 fevral 1938-ci il. Bu günü yazmaya bilməzdim. Səhər tezdən bizim kamera ilə üzbəüz kameradan dəhşətli hay-küy qopdu. Hamımız qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə... Şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər ağlını itirib. Bu sözü dünəndən bəri eşidirdik. Biz elə zənn edirdik ki, Dilbər, sadəcə, əsəbi hallar keçirir. Amma vəziyyəti, sən demə, doğrudan ciddi imiş. Nə qədər acı da olsa, onunla bir kamerada olan qadınlar Dilbərin onların kamerasından çıxarılmasını istəyirdilər”.
   “27 fevral 1938-ci il. Gecəni səhərə qədər yatmadım. Dilbərin halı hamımızı məyus etmişdi. Onu yuxarıya - xəstəxanaya apardılar. Bizim kameranın üstündə olan palatada ona iynə vurub otaqda tək saxladılar. Axşama kimi yatdı. Axşam isə ayılıb yenidən otaqda ora-bura qaçmağa, ayağını yerə döyüb öz-özünə danışmağa başladı. Onun dediklərini aydın eşitmək olmasa da, bəzilərini başa düşmək olurdu. “Mənə deyirlər, dəli olmusan... Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin, atam gəlsin... Gedin, qapını döyün, deyin, atam gəlib məni aparsın.... Yazıq Dilbər, kimsəsiz Dilbər hey!..” Dilbərin halı bizdə can qoymadı. Axı bu bizim sevimli şairimiz Müşfiqin sevimli, nazlı Dilbəri idi...”
   ...Gündəliyi emosiyasız oxumaq mümkün deyil. İnsan dişini sıxdıqda bütün acılara tab gətirə biləcəyini, iradəsinin möhkəmliyini heç zaman itirməyəcəyini düşünür. Amma birdən ruhu daralır, böyük ürəyi hərarətini itirir, bütün əzablara son qoymaq, təslim olmaq istəyir.
   
   Fiziki məhbusluq bitsə də...
   
   Bu məşəqqətləri, təqib və təzyiqləri, tənə və təhqirləri yaşayan «xalq düşmən»lərinin yaxınları ömrü boyu ruh əsirliyində yaşamalı, mənəvi məhbusluqda qalmalı oldular. Və təbii ki, günahsız olmanın gətirdiyi hislər, sarsıntılar və üzləşdikləri ədalətsizliyə qarşı içərilərindəki üsyan dalğası da heç zaman sakitləşmədi, durulmadı. D.Axundzadə də həbsxanadan azad olandan sonra yenə də özünü təqsirli bilməmişdi.
   O, bəraət alandan sonra M.Müşfiqin şəxsi ev əşyalarını yazılı surətdə tələb etsə də, şairin bacısı Balacaxanım İsmayılzadə buna etiraz edərək əşyaların ona çatacağını bildirir. Beləcə, əli son xatirələrdən də üzülən Dilbər şairlə bağlı yaşantılarını vərəqlərə köçürüb «Müşfiqli günlərim» adlı xatirələr kitabında təsəlli tapır.
   
   Həmidə Nizamiqızı