Bəbəsinə “qızıl güllər...”, babasına “Heyrət, ey büt...”lər yetirənim
   
   Bilirəm, bu an çoxunuz bir ağızdan söylədiniz: Dilim! Özü də məhz böyük hərf, baş işarə ilə - xüsusi isim statusunda. Hələ “hər ləhzə yoxdan olur var”lardan yaranan bu ən ümummilli, ümum ÜN var-dövlətimizin, ümumortaq gözəlimizin, ümumcan cananımızın şəninə bundan da hərarəti-məlahətli bənzətmələr tapa, “oxşama”lar oxşaya biləcəyinizi də bilirəm. Amma neyləməli ki, bu məqamda qələm bəndənizin əlində...
   
   Zarafatsız, elə can-qan mövzular olur ki, onları bəlağətsiz başlamamaq olmur. Söz də ki qanadlanmağa başladı, vəssalam! Morfoloji qapını bağlayırsan, leksikoloji pəncərədən gəlir və başlayır ki;
   
   Sən ey -
   
   hər məna-mətləbi çözəyənim, könülləri bəzəyib-düzəyənim, arzuları ərz edib əməllərə gözəyənim! Hələ karandaş-tişədən, qələm-fırçadan öncə “Ölməyə Vətən yaxşı”, “Dəryaca ağlın olsun - Kasıb olsan, gülərlər”, “Gündə bir kərpic düşür - Ömrümün sarayından” sayaq abidələr yaradanım! Gəl, “Aləmi bəzər, özü lüt gəzər” kimi gözütoxluq postulatlarına rəğmən sözüyoxluq etmə - öz şəni-bəyanına da həyan ol! Ey sərkərdə babalarıma “Qılınc qımıldansa, düşmən mızıldanmaz” dedirdənim! Söz dədələrimə “Sözün də su kimi lətafəti var”, “Məndə Məcnundan füzun aşiqlik istedadı var”, “Yol daşını yol quşuna Atma, qardaş, kərəm eylə”, “Sənin ərin ölsün, mənim arvadım - Düşsün aramıza vay, gülə-gülə”, “Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır” kimi atom-kəlamlar yaratdıranım! Ulularına çömçə-çömçə verdiyin o nəhayətsiz gölündən yeni olularına da qaşıq-qaşıq pay böl. Hər kəsə “xalvar-xalvar”, bu sətirlərin müəllifinəsə “dinar-dinar” -
   
   Söylət ki;
   
   deyirəm, bəlkə bəri başdan bir “gözmuncuğu”-sözsancağı eləyək, ey Oğuz dadlı, Azərbaycan adlı ağız Vətənim! Yəni Sən - bütün rəvayət-hekayət, nağıl-noğul, dastani bağ-bostan aləmimizin bəyandarı olaraq, ağız əyyamı əncamlarından olan bir “qurd ağzı” bağlayıb, bu yazılı dövran nümunəmə “vird ağzı” açasan. Eynimə-beynimə sızıb əlimə-qələmimə yazdırasan ki, qoy bəzi-bəzi ağızbüzi-qələmigöyçəklər, aromativ-qramatiklər bu quramativ-periferik üsluba, arxiv-arxaik ifadələrə görə məni və mətbumuzu qınamasınlar. Çünki bu gün - avqustun 1-i Sənin Ad Günündür. Sənin bu mübarək ad günün isə bütün vətəndaş-dildaş-soydaşlarımın Şad Günü deməkdir. Bu ümummilli-ümumdil günümüzün Fərmanını da ki, ümummilli liderimiz Heydər Əliyev düz 11 il bundan öncə verib. Bu Fərmanı Sənin vasitənlə oxşayıb-əzizləmək istədiyim kəlmələrdən üçcəsi: bütün başqalarından daha incə, daha millicə, daha könülcə...
   Bəli, bütün digər fərmanların, qərarların, qətnamələrin, sərəncamların cəmindən alicə. Nədən ki, onların hamısı bu Fərmanın predmetilə - səninlə ifadə olunur, Ana Dilim! Bir nəzəri-göz gəzdirək, görək o milli sərvət-sənəddə ulu öndər -
   
   Nələr deyir
   
   Dilimizin müasir durumu ilə əlaqədar konkret faktlara toxunan Fərmanda “dil və xalq” qarşılığı da çox tutarlı, konseptual şəkildə əsaslandırılır:
   “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hislərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.
   Bu Fərmanın aşağıdakı abzasındakı bir qənaət dilimizin təşəkkül qaynağı haqda - bəzən mübahisəli, bəzi hallarda ikili “görüş”ləri birmənalı edir:
   “Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.
   Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir”.
   İndicə göz yetirdiyimiz ilk abzasdakı “...yüz illər boyunca mürəkkəb bir yol keçmişdir” informasiyası ulu öndərin öz fəaliyyətini də bütün parametrlərilə ehtiva edir; həm sovet, həm də müstəqillik illərimiz rəhbərliyində. Birinci dövrdə - rus dilinin hegemonluğu rejimində Azərbaycan dilini işlək dövlət dili statusuna çatdırması, müstəqilliyimizi addımbaaddım müşayiət edən çətinliklər çağlarında isə, dövlətçiliyimizin bütün komponentlərilə bahəm, dilçiliyimizə, dilçi alimlərimizə qayğı keşiyində rəhbər-əsgər kimi dayanması ilə. Və nəhayət, onun 9 avqust 2001-ci il tarixli tarixi fərman-fəaliyyəti: “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”!..
   Bundan əvvəlkindən - 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanından seçmələri isə davam etdirməmək qeyri-mümkün:
   - “Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür... Bu baxımdan “Kitabi-Dədə Qorqud” eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, “Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi”.
   - “...Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. ...Sarayda və orduda tam hakim mövqe tutaraq, dövlət dili kimi rəsmiləşdi”.
   - “... “Əkinçi”dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır”.
   “...Xalq dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə ədəbi dilin üzünə açıldı. ...Səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir”.
   - “...1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı”.
   - “...Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir”.
   Hər abzası bitkin bir mühakimə-mülahizə sistemi təsiri bağışlayan bu Fərmandan gətirdiyim sitatlara son verməli, müasir çağımızla da səsləşən sonuncusu ilə ilgili əl saxlamalı olur və həmin reklamçılar - “susuzluğuna güvən”vari “məntiq”lilər də daxil, müqəddəs ana dilimizə doğma “arşın mal” ölçülərilə yox, fəna-zina litr-metrlərlə yanaşanlara belə bir xitab edirəm:   

   Dilinizə güvənin!
   

   Bir dildə ki ticarətdən tutmuş siyasətə qədər hər çeşid “alver-dilver”lər, kvota-notalar, “çaya susuz aparıb, susuz gətirmək”liklər, “sərin sular sərvəri, ürəyi yanan, gəl bəri”lik, “suca ömrün olsun”, “bir oddan, bir sudan”, “qızlar bulağından su içmək”liklər var, niyə bu çeşmə-bulaqçı millət onun əfsununa yox, sənin “susuzluğuna güvən”sin, “əlif-lam” reklamçılar?!
   Nədən gözəllərin boyunu “Yürüyəndə sərv boylum”a, sirli-sehrli sir-sifətini, “Aya - sən çıxma, mən çıxacağam”a, “Bağrımı kəsə tellərin”ə, “Qoşa badam sığmayan dar ağızlım”a, “Mən verən düymələri düz köynəyinə”yə, geyim-keçimini “Yenə tavus kimisən, Nə qəşəng bəzənmisən”ə, “Mən sevmişəm Zərnişanı, Onda var gülün nişanı” kimi misra-romanlarla duyurmayasız, həftəbecər küçə-şamçılar?
   Niyə bizi öz şəhər-qəsəbələrimizdəki (hətta kəndlərimizdəki) mağazalarınızın, marketlərinizin vitrinlərindəki özgə dillə dəvət edirsiniz - hətərən-pətərən şriftlər, vermişel-makaron qrafikalarla?!
   Nədir, noolub, “Dindirir əsr bizi - dinməyiriz, ...avtomobil minməyiriz” qınımızdan (gec də olsa) çıxmışıq deyə, “Molla Nəsrəddin”dəki “Mənim öz dilim var...” karikaturamızı bu qədər tezmi unutmalıyıq?!
   ...Öz siyasi al dillərilə çox xalqları elindən-obasından eləyən millətlər var ki, bəlkə də onların leksikonunda “ilanı yuvasından çıxarmaq” məna-möcüzəsi yoxdur. Heç kimin ədəbiyyatında “Salınız yadınıza o günləri ki, analarınız bu dildə sizə layla çalardı, siz isə qulaq ağrısı səbəbindən yatmırdınız və axırda biçarə ananız deyərdi ki, yat, bala, yoxsa xortdan gəlib səni aparar” kimi ədəbi elegiya, bədii ağı yoxdur.
   Yeri gəlmişkən, ötən əsrin əvvəllərində məktəblərimizdə ana dilimizdə də bircə saat dərs icazəsi üçün Bakı başbilənlərinin Qafqaz canişininə yazdığı məktubda “xahiş edirik” ifadəsini “Mən öz dilimdə danışmaq üçün kimdənsə xahişmi etməliyəm?!” deyə “tələb edirik!” yazdıran Nəriman Nərimanovu da yada salınız...
   Deyəsən, 70-ci illərdə sovet respublikalarının heç birində bizdəki “Şirin dil” mahnı-nostaljisi də yox idi, axı...
   Ehtimalımca, heç bir xalq “Gəlin gedək güllüyə, Güllüyə, bülbüllüyə. Hərə bir söz söyləsin, Qoy düzülsün cümlüyə” kimi elmi-populyar poeziya yarada bilməyib.
   Və heç bir millətin qeyri-dilçi və ədəbiyyatçı alimi bizim dünyaca məşhur kristalloqrafımız (əlbəttə, Xudu Məmmədov!) kimi, bu dilin lirik-estetik təhrikilə belə bir bədahəti-həyati bayatı söyləməyib:
   
   Dilim köməyim olsun,
   Əlim köməyim olsun,
   Vətənə yük olarsam -
   Ölüm köməyim olsun...
   

   Allah köməyiniz olsun, əziz və hörmətli vətəndaş-dildaşlarımız!..
   
   Tahir Abbaslı