“Allah məni yaradıb, mən isə kitablarımdakı qəhrəmanları yaratmışam. Onlara tale, ömür, mükafat, cəza vermişəm. Onların dərdi dərdim, xoşbəxtliyi xoşbəxtliyim, sevgisi sevgim, ayrılığı mənim ayrılığımdı. Öz ömrümdə onların taleyini yaşamışam”. O, belə deyərdi...
   
   “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş...” trilogiyası, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Möcüzə”, “Yandırılan adam”, “Ölüm yoxdur” romanları və incə ruhlu şeirləri Əlibala Hacızadəni tanıtdırdı, məşhurlaşdırdı, sevdirdi.
   Yazıçı hissiyyatı heç vaxt onu aldatmadı. Ölümündə belə. Son müsahibəsində ”artıq mənə ayrılan yaşamaq limitinin qurtardığını hiss eləyirəm...” və bir də “son kitabımın adı “Son hekayələr” olacaq”, - demişdi. 2009-cu ildə onun həyat hekayəti sakitcə sona çatdı...
   Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya gəlmişdi. Bir dəfə ondan “Hansı hislər sizi yazıçılığa yönəltdi, yoxsa bu elə alın yazısının özü idi?” - deyə soruşdum. Cavabı belə oldu: “Görünür, bu, alın yazısıdır, Allah vergisidir. Şöhrətpərəst adam deyiləm, gənclik illərimdə qarşıma məqsəd qoymamışdım məşhur adam olum. Mən, sadəcə, ürəyimin istədiklərini, ürəyimin dediklərini kağıza köçürürəm. Ona görə sənət aləmində təmənnasız xidmətim çox böyük mükafata layiq görülüb, o da xalqımın, oxucularımın mənə məhəbbətidir. O məhəbbəti hər eldə, hər obada görmüşəm. Azərbaycanın hansı bir guşəsinə, hansı bir kəndinə getsən, orada ya Əfsanə, ya bir Elməddin taparsan. Qəhrəmanlarım Azərbaycanın hər yerinə səpələnib”.
   Əlibala Hacızadə 1961-ci ildə çap olunan “Heykəl gülür” adlı ilk kitabını qorxa-qorxa sənət aləminə təqdim etsə də, kitabının ayağı uğurlu oldu. “Unutmaq olmur”, “Məhəbbət olmayan evdə” povestləri onu məşhurlaşdırdı, 16 ilə yazdığı trilogiyası isə Əlibala Hacızadəyə böyük şöhrət qazandırdı.
   “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş...” kitabları o dövrdə ən yüksək tirajla çap olunaraq rekord həddə çatdı. Əsərləri təkrar-təkrar, hər dəfə 100, 200, 300 min tirajla çap olundu.
   Əlibala Hacızadənin ədəbiyyatımıza gətirdiyi Əfsanə o illərin ən yaddaqalan obrazlarından biri kimi şöhrət tapdı. Görəsən, Əfsanə həyatdan götürülmüş obrazdır, yoxsa yazıçı təxəyyülünün məhsuludur? Bu sual hər zaman oxucuları maraqlandırıb. Yazıçı bu suala belə cavab verərdi: “1966-cı ildə Əfqanıstana getdim. Onda Yazıçılar İttifaqının üzvü idim. 4 kitabım çap olunmuşdu. Oradakı insanlar da, həyat da mənim üçün təzə idi. Bir gün paytaxt Kabilin mərkəzi küçələrindən biri ilə gedirdik, gördük, dörd yol ayrıcında hərəkət dayanıb. Sürücüdən soruşdum ki, bax gör nə olub? Sürücü dedi ki, ağa, bir ora bax. Baxıb gördüm ki, ağappaq bir libas geyinmiş, son dərəcə gözəl bir qız şahanə yerişlə küçədə yeriyir, uzaqdan baxanda elə bildim ki, onun qara gözlərindən üstümə işıq seli axdı. Elə gözəl idi ki, dil bunu təsvir edə bilməz. Qaş-daşı, ayağındakı qızıl xalxalı, qızıldan düymələri - bunların hamısı göstərirdi ki, zəngin ailənin qızıdır. Başa düşdüm ki, küçənin hərəkəti onun gözəlliyinə görə dayanıb. O gözəlliyi görəndən sonra Əfsanəni tapdım”.
   Əlibala Hacızadə tək Əfsanəni tapmadı. Qəlbindəki işıq seli insanların ürəyinə, yaddaşına nüfuz etdi. Əlibala Hacızadə əlinə qələm alan gündən xalqın yazıçısı oldu...
   Sadə, sadə olduğu qədər böyük, böyük olduğu qədər həssas, həssas olduğu qədər səmimi Əlibala Hacızadənin günlərin birində ömrü bitdi, yeni bir ömrü başladı. Biz buna ayrılıq deyirik. Özü deyirdi ki, “Ayrılığın sonu yoxdu...” Bəlkə də var, onu biz bilmirik... 

    Təranə Vahid