Azərbaycan
   
   7 sentyabr 1914 - Ədəbiyyatşünas və teatrşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914-19.9. 1973) anadan olub. Azərbaycan teatrşünaslıq elminin formalaşmasında böyük xidmətlər göstərib, Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" kitablarının müəllifidir.
   7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində şeirlər yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib. “Bir cənub şəhərində”, “Ötən ilin son gecəsi” filmlərində mahnıların sözlərinin müəllifidir.
   7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, musiqişünas, fəlsəfə elmləri doktoru Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi-estetik mahiyyətini tədqiq edib. Bakı Musiqi Akademiyasının professorudur.
   7 sentyabr 1961 - Musiqişünas, sənətşünaslıq doktoru Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifi, “XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları” (3 cilddə) kitabının tərtibçisidir. Bakı Musiqi Akademiyasının professorudur.
   
   8 sentyabr 1949 - Tanınmış rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.
   8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli Yevlax rayonunda doğulub. Səhnə sənəti, kino, təsviri incəsənət, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, Azərbaycan Televiziyasında mədəniyyət mövzusunda verilişlərin müəllifidir.
   8 sentyabr 1982 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909, Şamaxı - 1982, Bakı) vəfat edib. Kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə kolxoz-sovxoz teatrına rəhbərlik edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.
   
   9 sentyabr 1937 - Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937-13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.
   9 sentyabr 1939 - Xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova (1939- 14.9.2010) anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.
   
   10 sentyabr 1917 - Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917- 24.11.1994) Ordubadda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.
   10 sentyabr 1931 - Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas partiyaları ifa edib.
   10 sentyabr 1947 - Yazıçı-publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. “İtirilmiş səs” “Səs qərib olmur”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Ruhların üsyanı”, “Xallı gürzə” (tarixi roman) və s. kitabların müəllifidir.
   
   Dünya
   
   7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
   7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, sonra Rusiyaya qayıdaraq orada vəfat edib.
   7 sentyabr 1909 - Türk-yunan mənşəli Amerika rejissoru Elia Kazan (Kazan - Elia Kasancoğlu, 1909-2003) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).
   7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub.
   8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
   8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida”), 9 simfoniya (ən məşhuru № 9), 5 simfonik poemanın və əsərlərin müəllifidir.
   8 sentyabr 1923 - Məşhur avar şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923-2003) Dağıstanın Sada kəndində anadan olub.
   8 sentyabr 1925 - İngilis aktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).
   8 sentyabr 1937 - Məşhur türk aktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. Əslən Krım türkü (noqay), ixtisasca həkimdir. Şeirlər yazır. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s.
   
   9 sentyabr 1583 - İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub. 
   9 sentyabr 1769 - Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.
   9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 - 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” (pyeslər) və s.
   9 sentyabr 1908 - İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.
   9 sentyabr 1930 - Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Nadejda Rumyanseva (1930-2008) anadan olub. Filmləri: “Qızlar”, “Yanacaqdoldurma stansiyasının kraliçası”, “Balzaminovun evlənməsi” və s.
   
   10 sentyabr 1872 - Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: ”Dersu Uzala”, “Tayqanın arasında”, “Vulkanın kraterində” və s.
   10 sentyabr 1912 - Məşhur danimarkalı karikaturaçı Herluf Bidstrup (Herluf Bidstrup, 1912-1988) anadan olub.
   10 sentyabr 1914 - Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.
   10 sentyabr 1934 - Türk mənşəli (Krım tatarı) məşhur Ukrayna bəstəkarı Ələmdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.
   
   Hazırladı: Vüqar Orxan