Azərbaycan
   
   14 sentyabr 1880 - Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Ədibin "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri - Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.
   14 sentyabr 1911 - Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan MR Şahbuz rayonunun Sələsüz kəndində anadan olub.
   14 sentyabr 1939 - Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Televiziya tamaşaçılarının rəğbətini qazanmış "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" pyesləri ilə məşhurlaşıb. "Döngə", "Burulğan", "Ürək” və s. pyeslərin, “Qızıl zəncirli açar” (povestlər və hekayələr) kitabının və s. müəllifidir.
   14 sentyabr 1989 - Naxçıvan Dövlət Kukla Teatrının yarandığı gündür.
   14 sentyabr 1992 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6. 1924, Ağstafa - 1992) vəfat edib. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
   
   15 sentyabr 1905 - Azərbaycan Kukla Teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (hamam sahibi Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
   15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında şəhər S.Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulan eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçiləri şəhəri tərk etmişdi. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Xalq Cümhuriyyətinin paytaxtı elan edildi.
   15 sentyabr 1918 - Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşrinin (parlamentin orqanı) - «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.
   15 sentyabr 1943 - Xalq artisti, rejissor, ssenarist Xamis Bəkir oğlu Muradov Qax rayonunda doğulub. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru (2002-2011) olub. 50-dək sənədli filmin müəllifidir, “Qanun naminə” filmində çəkilib.
   15 sentyabr 1959 - Müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub. Musiqi karyerasına 1983-cü ildə başlayıb. 1987-ci ildə estrada müğənnilərinin beynəlxalq müsabiqəsinin qalibi olub.
   15 sentyabr 2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
   
   16 sentyabr 1790 - Coğrafiyaşünas, alim, səyyah Hacı Zeynalabdin Şirvani (1790-1837) anadan olub.
   16 sentyabr 1909 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 - 22.4.1983) Bakıda doğulub. "Sevil” (1929), "Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmlər doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
   16 sentyabr 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. 40-a yaxın sənədli filmin müəllifidir: «Sahil bağı», «Odlar torpağı», «Qızıl güllər diyarı», «İçərişəhərin əbədi nağılı» və s.
   
   17 sentyabr 1956 - Tanınmış rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) anadan olub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub. Azərbaycanın “Dövlət kitabı” (2002), “Caspian” jurnalının naşiri olub.
   
   Dünya
   
   14 sentyabr 1321 - Böyük italyan şairi Dante Aligyeri (Dante Alighieri, 15.5.1265, Florensiya - 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya”nın müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema 3 hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət"), hər hissə 33 nəğmədən ibarətdir.
   14 sentyabr 1618 - Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes, 1618-1680) anadan olub.
   14 sentyabr 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları” (Fyodor), “On iki stul” (1976) və s.
   14 sentyabr 1914 - İtalyan kinorejissoru Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Filmləri: “Qanun naminə”, “İtalyansayağı boşanma” və s.
   14 sentyabr 1961 - Alman aktrisası, «Oskar» mükafatı (2006) laureatı Martina Qedek (Martina Gedec) anadan olub. Filmləri: “Özgələrin həyatı”, “Yalan tamah” və s.
   
   15 sentyabr 1613 - Fransız yazıçısı Fransua de Laroşfuko (François de La Rochefoucauld; 1613-1680) anadan olub. "Əxlaq qaydaları" əsəri ilə tanınır.
   15 sentyabr 1789 - Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: "Casus", "Dəniz qulduru”, "Losman", "Pionerlər", "Sonuncu mogikan", "Ləpirçi" və s.
   15 sentyabr 1890 - İngilis yazıçısı, detektiv əsərlər müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 - 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm”, ”Kartları açın”, “Qəhvəyi kostyumlu adam”, “Parıldayan sianid” və s. Belçikalı xəfiyyə Puaro yazıçının 30-dan çox romanının qəhrəmanıdır.
   15 sentyabr 1894 - Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyeza”, “Fransız kankanı” və s.
   15 sentyabr 1914 - Türk yazıçısı Orxan Kamal (1914 - 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Dövlət quşu” və digər romanları, “Çörək davası”, ”Arxa küçə”, “Sərxoşlar”, “İşsiz” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.
   15 sentyabr 1925 - Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları” (İvan), “Odun ram edilməsi” və s.
   15 sentyabr 1946 - Amerika aktyoru, «Oskar» laureatı Tommi Li Cons (Tommy Lee Jones) anadan olub. Filmləri: “Qaçaq”, “Anadangəlmə qatillər” və s.
   15 sentyabr 1946 - Amerika kinorejissoru Oliver Stoun (William Oliver Stone) anadan olub. Üç dəfə «Oskar» laureatıdır: “Gecəyarısı ekspress” (ssenari), “Vzvod”, “Dörd iyulda doğulan” (rejissor). “Con F.Kennedi. Dallasda atəşlər”, “Nikson” və s. sənədli filmlərini çəkib.
   
   16 sentyabr 1462 - İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.
   16 sentyabr 1888 - Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
   16 sentyabr 1924 - Amerika aktrisası, Hollivudun məşhur ulduzlarından biri Loren Bekoll (Lauren Bacall - Betty Joan Weinstein Perske) anadan olub. Filmləri: “Milyonçuya necə ərə getməli”, “Şərq ekspressində qətl” və s. Fəxri “Oskar” laureatıdır (2009).
   16 sentyabr 1956 - Amerika aktyoru Mikki Rurk (Mickey Rourke - Philip Andre Rourke) anadan olub. Filmləri: “Doqquz həftə yarım”, “Əjdaha ili” və s.
   
   17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
   17 sentyabr 1922 - Berlində dünyada ilk səsli filmin nümayişi keçirilib.
   17 sentyabr 1931 - İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa İtaliano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
   17 sentyabr 1939 - Tanınmış rus aktyoru və rejissoru Vladimir Menşov Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır”, “Məhəbbət və göyərçinlər”, “Şırlı-Mırlı” (hər üçündə rejissor və aktyor) və s.
   
   Hazırladı: Vüqar Orxan