Azərbaycan
   
   18 sentyabr 1885 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 - 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda “Milli Musiqi Günü” (“Üzeyir Musiqi Günü”) kimi qeyd olunur.
   18 sentyabr 1885 - Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885 - 28.7. 1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonik və vokal əsərlərin müəllifidir. Opera Teatrının rəhbəri və dirijoru, Azərbaycan radiosunun musiqi şöbəsinin müdiri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nı yazıb.
   18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 - 1978) vəfat edib. Milli Dram Teatrının, “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   18 sentyabr 1988 - XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905, Təbriz, Xoşnigab kəndi - 1988) Tehranda vəfat edib. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, \"Heydərbabaya salam\" poeması, \"Türkcə divan\" toplusu çapdan çıxıb.
   18 sentyabr 1994 - Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.
   
   19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922-1995) vəfat edib. Populyar mahnıların (\"Sevgilim\", \"Leyla\", \"Bakı\"), operettaların (\"Romeo mənim qonşumdur\", \"Dördüncü fəqərə\", “Ordan-burdan”), simfonik əsərlərin, oratoriya və kantataların müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
   
   20 sentyabr 1921 - Görkəmli astronom, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olub.
   20 sentyabr 1993 - Tanınmış kinorejissor, ssenarist Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 - 1993) vəfat edib. “Bakı” kinostudiyasında, \"Mosfilm\"də işləyib. “Onun böyük ürəyi”, \"Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
   
   Dünya
   
   18 sentyabr 1882 - Rus rəssamı Mixail İvanoviç Avilov (1882-1954) anadan olub.
   18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika aktrisası, fəxri “Oskar” mükafatının laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
   
   19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Goldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq”.
   19 sentyabr 1948 - İngilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “ Fransız leytenantının arvadı“, “Svanın məhəbbəti”, “Missiya“, “Həyatın dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.
   
   20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
   20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənə halını alan tədbir dünyanın ən nüfuzlu kino müsabiqələrindən biri oldu.
   20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
   20 sentyabr 1934 - Məşhur italyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan