Azərbaycan
   
   21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
   21 sentyabr 1959 - Tanınmış ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Qulu oğlu Cəfərov Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən Azərbaycan Atatürk Mərkəzinin direktorudur. Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədridir.
   
   22 sentyabr 1865 - Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.
   22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (1909 - 6.8. 1939) anadan olub. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılıb) bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
   22 sentyabr 1929 - Türkiyədəki Azərbaycan Kültür Dərnəyinə uzun illər rəhbərlik etmiş Əhməd bəy Qaraca (1929-16.5.2005) anadan olub. M.Ə.Rəsulzadənin əsasını qoyduğu quruma 1955-ci ildən başçılıq edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub, Azərbaycanın mədəniyyəti, tarixinə dair əsərlərin müəllifidir.
   22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929-30.11.1997) anadan olub.
   22 sentyabr 1964 - Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (9.9.1876-1964) vəfat edib. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
   
   23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Sevil ("Sevil", F.Əmirov) və s.
   23 sentyabr 1929 - Yazıçı Əfqan Hacı-ağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. Əsərləri: "Dədə Bəhmən" trilogiyası, “Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi", "Məhəbbət ətirli qərənfilim və s.
   23 sentyabr 1929 - Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929-4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. "Qədim Şərq tarixi" dərsliyinin müəllifidir. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
   23 sentyabr 1935 - Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov anadan olub. "Azərbaycanfilm" kinostudiyasının direktoru (1995-2001) olub. "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox bədii və sənədli süjet çəkib.
   23 sentyabr 1969 - Şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) anadan olub. Dillər Universitetinin tələbəsi ikən 1990-cı ilin 20 Yanvar qırğınında öldürülüb.
   23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910, Şəki - 1970) vəfat edib. "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" və s. pyeslərin, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestlərinin, “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Q.Qarayev) librettosunun müəllifidir.
   
   24 sentyabr 1928 - Görkəmli kinorejissor Arif Hacağa oğlu Babayev (1928-26.8.1983) Bakıda anadan olub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
   24 sentyabr 1936 - Xalq artisti, tanınmış bədii qiraət ustası Əminə Yusifqızı anadan olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, "Azərbaycanfilm"də çalışıb, bir çox filmlərin dublyajında iştirak edib, "Şərikli çörək", "Sən niyə susursan?" və s. filmlərdə çəkilib.
   24 sentyabr 1952 - Əməkdar artist Xalidə Camal qızı Quliyeva (Qasımova) anadan olub. Filmləri: «Nəsimi» (Fatma), «Bakıda küləklər əsir» (Solmaz), «Tütək səsi (Milli), «Xoşbəxtlik qayğıları» (Xalidə) və s.
   
   Dünya
   
   21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “qlobal atəşkəs və zorakılıqsız gün kimi” təsis edilib.
   21 sentyabr 1866 - Məşhur ingilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub.
   21 sentyabr 1911 - Rus aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
   22 sentyabr 1694 - İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
   22 sentyabr 1875 - Litvalı rəssam və bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus (Nikolay) Çörlenis (1875-1911) anadan olub.
   22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (Paul Muni - əsl adı Meshilem Meier Weisenfreund, 1895-1967) anadan olub.
   22 sentyabr 1938 - Məşhur Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed, 1938-13.6.1986) anadan olub.
   
   23 sentyabr 1901 - Çex yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
   23 sentyabr 1938 - Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri; “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.
   23 sentyabr 1943 - İspan müğənnisi Xulio İqlesias (Julio Jose Iglesias de la Cueva) anadan olub.
   
   24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
   24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan; 1896-1970) anadan olub.
   24 sentyabr 1934 - İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner, 1934-1995) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan