Azərbaycan
   
   25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
   25 sentyabr 1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Akademik Milli Dram Teatrının baş rəssamı olub.
   25 sentyabr 1935 - Ədəbiyyatşünas alim, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 - 6.6.1997) anadan olub.
   25 sentyabr 1946 - Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri Nüsrət Yusif oğlu Kəsəmənli (1946-17.10.2003) anadan olub. 150-dək şeirinə musiqi bəstələnib, bir sıra sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
   25 sentyabr 1946 - Xalq artisti, opera müğənnisi Şahlar Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir. «Leyli və Məcnun»da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Arşın mal alan»da Süleyman, «Koroğlu»da Həsən xan partiyalarını ifa edib.
   
   26 sentyabr 1906 - Tanınmış opera müğənnisi, Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Məmməd oğlu Haqverdiyev (1906-1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının inkişafında böyük rolu olub.
   26 sentyabr 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının konsertmeysteri, Milli Konservatoriyanın dosentidir.
   26 sentyabr 1956 - Əməkdar artist Ramiz Soltan oğlu Məmmədov anadan olub. 1975-ci ildən Musiqili Komediya Teatrında çalışır. "Yaşıl eynəkli adam", "Qayınana əməliyyatı" televiziya tamaşalarında, “Alma almaya bənzər”, “Yalan” və s. filmlərdə çəkilib.
   26 sentyabr 1961 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897, Şuşa - 1961) vəfat edib. Xalq mahnıları, romanslar, operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
   
   Dünya
   
   25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur və ya Bonapart Qahirədə” (opera) və s.
   25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1949) laureatı Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.
   25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, “Moskva, Çeremuşki” operettası, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Q.Qarayev, G.Sviridov kimi gələcəyin məşhur bəstəkarlarına dərs deyib.
   25 sentyabr 1920 - Rus aktyoru və rejissoru Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.
   25 sentyabr 1944 - Amerika aktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçuş” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.
   25 sentyabr 1952 - İspan rejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Hər şey anam haqqında” (1999), “Onunla danış” (2002).
   
   26 sentyabr 1885 - Rus rəssamı Sergey Gerasimov (1885-1964) anadan olub.
   26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Sternz Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.
   26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin görkəmli nümayəndəsi Martin Haydegger (Martin Heidegger, 1889-26.5.1976) anadan olub.
   26 sentyabr 1923 - Rus kinorejissoru Aleksandr Alov (Lapsker; 1923-1983) anadan olub. Filmləri: “Qaçış”, “Polad necə bərkidi”, “Tehran-43”.
   26 sentyabr 1934 - SSRİ Xalq artisti Oleq Basilaşvili anadan olub. Filmləri: “Payız marafonu”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”.
   
   27 sentyabr Dünya Turizm Günüdür. 1970-ci il sentyabrın 27-də Dünya Turizm Təşkilatının nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat 27 sentyabrın Dünya Turizm Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
   27 sentyabr 1871 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya (Grazia) Deledda (1871-1936) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan