Ötən illərin mahnıları
   
 
   Və ya “Ayrılıq”ların yorğun xatirəsi
  
 
   Bu mahnını ağlım kəsəndən eşitmişəm. Hər dəfə ötənləri xatırlayıb dərdli-dərdli gözü yol çəkən nənəmin zümzümələrində. Beləcə, onun uşaqlığının «o tay» həsrətini dilə gətirən «Ayrılıq» adlı həsrət, nisgil, göz yaşı izharı mənim uşaqlığımın «bu tay»ında hər zaman ruhumu incidib. İkiyə bölünmüş Azərbaycan ağrısı ilə. Çox sonralar tanıdığım bəstəkar, bu nisgillərin tərcümanı Əli Səlimi bir-birindən gözəl, həzin, məhrəm nəğmələri ilə hər zaman bütöv Azərbaycan həsrətlilərin ruhuna sığal çəkib, arzularına qol-qanad verib. Bir zamanlar özünü yandıran həsrət və ağrıları nota köçürərək çoxmilyonluların ayrılıqlarını dilləndirib.
   
   Ömrün uşaqlıq illəri
   
   XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı neft sənayesi şəhəri kimi bir çoxlarına dolanışıq yeri idi. Bakıya axın edən insanlar arasında Arazın o tayından - Təbrizdən, Ərdəbildən, Sərabdan, Urmiyadan, Zəncandan və başqa bölgələrdən gələnlər xüsusilə üstünlük təşkil edirdi. Onlar dili və dini bir olan qardaşlarının yanında işləməyə gəlirdilər. Bakıda çalışmaqla gün-güzəran quracaqlarına ümid edən, burada müvəqqəti işlədikdən sonra o taya geri dönmək arzusunda olanlar bəlli səbəblərdən sonradan geri dönə bilmədilər. Zöhrab Səlimi də belə soydaşlarımızdan idi.
   Cərəyan edən siyasi hadisələr fonunda Bakıda qalmağa məcbur olan ərdəbilli Zöhrab da bu mühitə öyrəşməyə, həyat şəraiti qurmağa başladı. 1922-ci ildə onun qayğılı həyatına bir sevinc gəldi, oğlu doğuldu. Ona Əli adını verən ata təhsilinə, təlim-tərbiyəsinə də daim diqqətlə yanaşır. Orta məktəbdə dərslərini yüksək qiymətlərlə oxuyan Əlinin musiqiyə, xüsusən də tar alətinə hədsiz marağını nəzərə alıb onu şəhərdə yeni təşkil edilən musiqi məktəbinə də yazdırır. Musiqi, sənət alın yazısı olan Əlinin burada bəxti gətirir. Müəllimi tanınmış musiqiçi Əhməd Bakıxanov olur. Görkəmli tarzənin içində musiqi bulağı qaynayan Əliyə olan xüsusi diqqət və qayğısı onu həmişəlik bu sirli aləmə, musiqiyə bağlayır. Beləcə, müəlliminin diqqəti sayəsində həm mükəmməl ifaçı kimi yetişir, həm də onun yaratdığı orkestrdə çalışmaqla peşəkarlığını artırırdı.
   
   Qovğalı gənclik, didərgin yaradıcılıq ruhu
   
   Musiqidə ruhunu dilləndirən, arzularına qol-qanad verən Əlinin həyatı birdən-birə tamamilə dəyişdi. Yenə «böyük baş»ların siyasi oyunları sadə insanların həyatından, taleyindən keçdi. Səlimin ailəsi növbəti dəfə bu ağrını yaşadı. Moskva-Tehran münasibətlərinin kəskinləşməsi ilə SSRİ-dəki İran əsilli vətəndaşlar geriyə qayıtmağa məcbur edildi. Bu ağrılı qayıdışı yaşayanda Əlinin 16 yaşı vardı. Doğma məktəbi, sevimli müəllimi və adət etdiyi həyat tərzi ilə vidalaşmalı olan Əli bircə sirdaşını - tarını özü ilə apara bildi. Amma hər şey bununla da bitmədi. SSRİ-dən qovulanları İranda da xoş gün gözləmirdi. Səlimilər ailəsi bir müddət Mazandaranda qaldıqdan sonra Ərdəbilə gedir. Orada iş və mənzil tapa bilmədiklərindən Tehrana köçür. Hökumət məmurları isə həmişə onların fəaliyyətinə şübhə ilə yanaşır, xüsusi xidmət orqanları daima onları nəzarətdə saxlamağa çalışırdı. Bütün bu sıxıntı və məhrumiyyətlər gənc Əlini sıxsa da o, yeganə təsəllisi tarla dərdləşir, hər gün ona, musiqiyə daha dərin tellərlə bağlanırdı.
   
   «Soyuq müharibə»nin isti izləri
   
   Həmin sıxıntılı dönəmlərdə dünyanı bürüyən “soyuq müharibə” alovu İrandan da yan keçmədi. ABŞ-ın siyasi təsiri ilə bu ölkədə də SSRİ-nin təbliğat maşınına cavablar axtarılırdı. Geniş kütlələrə mühüm təsir qüvvəsi olan radio vasitəsilə Azərbaycan türkcəsində verilişlər hazırlanıb sovet azərbaycanlılarında rəy formalaşdırılmağa başlanıldı. Təbii ki, bu verilişlərin də əsasını musiqi təşkil edirdi. Bu siyasi hadisələrin bir müsbət tərəfi var idi: insanlar doğma türkcəsində milli musiqi nümunələrini dinləyir, özlərinə məxsus mədəniyyəti mənimsəyirdilər. Bu imkan məqamında hərəkətə keçən Əli Səlimi tezliklə orkestr təşkil etdi, mahnılar yaratdı və o mahnılar efirlərdə səsləndi. Əslində Sovet Azərbaycanının əhalisinə təsir üçün yaradılmış orkestr və yazılan musiqilər sürətlə İranda da yayılmağa və müəlliflərini məşhurlaşdırmağa başladı. Beləcə, Əli Səlimi bir müddət Tehran radiosunda işləməli oldu.
   
   Sehrli sözlərin not həyatı
   
   Çalışmaq, demək istədiklərini musiqi dili ilə izhar üçün hər cür şərait var idi. Əli Səlimi Tehranda yaşayan həmyerlisi, Ərdəbil yaxınlığındakı Nir qəsəbəsinin Korabaz kəndindən olan gənc şair Rəcəb İbrahimi ilə əməkdaşlığa başlayır. “Fərhad” ləqəbilə şeirlər yazan şairlə əməkdaşlığı çox uğurlu alınır. İlk mahnıları, Əlinin ruhunu didən həsrətin himninə çevrilən «Ayrılıq» qısa zamanda ərsəyə gəlir. Bəstəkarın xanımı Fatimə Qənnadinin oxuduğu bu mahnı müəllifin həmfikirləri tərəfindən yüksək qiymətləndirilir. Lakin məlum səbəblər, senzura qadağaları üzündən efirdə səslənməsi mümkünsüz olur. Əslində, mahnının orijinal mətni o dönəmdə bir çox siyasi mətləblərdən xəbər verdiyindən, xalqı oyanışa, birləşməyə səslədiyindən, nə İran, nə SSRİ, nə də ABŞ üçün maraqlı deyildi. Artıq milyonlarla dinləyicisi olan radionun efirindən bu mətndə bir mahnının səslənməsi təbii ki, böyük siyasi çevrilişlərə rəvac verə bilərdi. Ona görə də mahnı geri qaytarılır. Belə olduqda dostlarının təkid və xahişini nəzərə alan Əli Səlimi Rəcəb İbrahimiyə yeni mətn sifariş verir. Artıq bu mətndə o tay - bu tay həsrətindən, millətin ayrılığından deyil, sevgililərin hicranından söz açılırdı. Amma musiqi əvvəlki ahəngində qaldığından olduqca yanıqlı və kədərli idi. Yeni mətnli “Ayrılıq” mahnısı 1958-ci ildə Tehran radiosu ilə səsləndirildi.
   
   Bu taya köçən nisgil
   
   60-cı illərdə Tehrana qastrol səfərinə gedən görkəmli müğənni Rəşid Behbudov artıq İranda çox məşhurlaşan bu mahnının müəllifləri ilə görüşür. Sənətkarı evinə qonaq aparan Əli Səlimi SSRİ-dən gəlmiş musiqiçilərə bir neçə mahnısını bağışlayır. Ustad müğənni Bakıya qayıtdıqdan sonra musiqi nömrəsi üzərində işləyir və “Ayrılıq” mahnısını repertuarına daxil edir. Onun əksər konsertlərində ifa olunan, hər bir xarici qastrol səfərində səslənən mahnı daha da geniş yayılmağa və şöhrətlənməyə başlayır. Bu məşhur mahnını Rəşid Behbudovdan başqa digər tanınmış sənətçilər - Türkiyənin məşhur sənətkarları Zəki Müren, Barış Manço, İrandan mühacirətə getmiş Yaqub Zurufçu, Azərbaycanın Xalq artisti Gülağa Məmmədov və başqa ifaçılar da sevərək oxuyublar.
   
   Uzun illik əməkdaşlıq və saysız musiqi nümunələri

   
   Əli Səlimi və Rəcəb İbrahiminin əməkdaşlıqlarının bu uğurlu nəticəsindən sonra daha bir neçə məşhur nümunə ərsəyə gəlir. Bunlardan “İntizar”, “Unutma məni”, “Ağlama”, “Açıl səhər”, “Savalan”, “Təbriz”, “Uzunçəmən”, “Lalə”, “Yaz gəlibdir”, “Səni görəndən bəri”, “Ceyran sevgilim” kimi 30-a yaxın lirik mahnını göstərmək olar. Onun bəstələri arasında "Fantaziya", "Səməd xatirəsi", "Rəhilə", "Apardı sellər Saranı", "Vətən süitası", "Səkinə dayıqızı", "Köçəri", "Seçim" kimi mahnılar indi də məşhur və seviləndir.
   Fatma Qənnadi, Yədullah Zeyvə, İsmayıl Kərimpur kimi İranda məşhur olan sənətçilərin ifasında sevilərək dinlənən bu mahnılar bu gün də dillər əzbəridir. İki musiqi vurğununun yaradıcılıq məhsulu olan mahnılardan biri də Azərbaycanın Xalq artisti, gözəl ifaçı Şövkət Ələkbərovanın şərəfinə yazılmış «Şövkətə alqış» mahnısıdır. Sənətkarın İrana qastrol səfəri zamanı onun oxumasından ilhamlanan Əli Səlimi və Rəcəb İbrahimi “Şövkətə alqış” mahnısını yazırlar. Bu mahnını da ilk dəfə Fatma Qənnadi oxudu. Mahnı uzun zaman repertuardan düşməyərək, demək olar ki, İranın əksər konsert salonlarında səsləndirildi.
   
   Hamar olmayan sənət yollarında
   
   Əli Səliminin artan nüfuzu və millətçilik ruhu zaman-zaman onun yaradıcılığına da öz zərbələrini vururdu. Belə ki, bu səbəbdən bir müddət “Radio İran”da çalışdıqdan sonra onu, həyat yoldaşı Fatma Qənnadini və digər həmfikirlərini işdən çıxarırlar. Çətin günlər yenidən başlasa da, bu, onları ruhdan salmır. Güzəranlarını toy şənliklərində ifa ilə keçirən sənətçilər imkan tapdıqda yenə də bir araya gəlib yeni mahnılar yazdırır, orkestrlə məşqlər edirdilər. Bundan bir neçə ilə sonra o, İranın Rüdəki salonunda Azərbaycan musiqi alətləri ansamblını yaradır. Bu ansambl sayəsində onu 1978-ci ilin iyun ayında Təbrizdə yeni yaradılan radio televiziya orkestrini qurmağa dəvət etdilər.
   Təbrizə yeni arzularla, burada yeni orkestr qurmaq, gənc musiqiçilər yetişdirmək istəyi ilə gələn sənətçi yeni bir sarsıntı yaşayır. Ölkədə İslam inqilabının baş verməsi, din xadimlərinin musiqini qadağan etməsi onu çətin vəziyyətə salır. Amma bütün bunlara baxmayaraq, Səlimi ruhdan düşmür, uşaqlara yarı gizli musiqi təhsili verməklə güzəranını təmin edir, bədii yaradıcılıqla məşğul olur. Və bütün dünya azərbaycanlılarına xitabən daha bir şah əsərini - «Sizə salam gətirmişəm»i yaradır. Ərdəbilli şair Valeh Mahmud Dəstupuşun sözlərinə yazılan bu mahnı qısa zamanda məşhurlaşaraq dillər əzbərinə çevrilir.
   
   Böyük sevgilər bitmir
   
   Ömrü boyu həsrət və ağrılar, təzyiq və təqiblər yaşayan sənətkar içindəki vətən və musiqi sevgisinə, bütöv Azərbaycan arzusuna sadiq qaldı. Təbrizdə “Musiqi evi” yaradaraq Azərbaycan musiqisini təbliğ etdi, Azərbaycan musiqi mədəniyyətinin dünyada təbliğatçısı olan ifaçılar nəsli yetişdirdi, dünya azərbaycanlılarının dil birliyi, ruh yaxınlığı olan mahnılar yaratdı. 1997-ci ilin 22 aprel səhərində uzun müddət fiziki və mənəvi ağrılar yaşadığı dünyadan ayrıldı. Hər kəsə «Ayrılıq»ın ağrılarını duyaraq yaşamağı qadağan edib, birləşməyi, qovuşmağı vəsiyyət edərək köç etdi. Təbrizdəki “Vadiyi-rəhmət” qəbiristanlığında dəfn edilsə də, hər kəsin qəlbində özünə əbədi bir məkan qurdu.
   
   Həmidə Nizamiqızı