Kabus illərin salnaməsi
   
      
   Ceyran Bayramova - o daha çox Bakıda qadınlar klubunun yaradıcılarından biri kimi tanınır. Ötən əsrin 20-ci illərinin kübar Bakı mühitində aktiv ictimai fəaliyyəti, siyasi dairələrdə qadınlar mövzusunun ən müxtəlif aspektlərdə müzakirəçisi, onların hüquqlarının müdafiəçisi kimi adından tez-tez söz etdirərdi.
   
   Qadın azadlığı, onların təhsilə cəlb olunmasında, idarə və müəssisələrdə çalışması üçün şəraitin yaradılmasında, qadınlarla bağlı qurultay və toplantılarda hər zaman ön sıralarda yer alar, ötkəm danışar və bir az özündənrazı görkəmi ilə liderlik iddiasında da olardı. Onu xarakterizə edərkən Avropasayağı görkəmi, fərqli geyim tərzi, saç düzümü kimi zahiri özəlliklərini də xüsusi qeyd edirlər.
   Bir sözlə, 20-ci illərin tipik komsomolçu qadın görünüşündən fərqli «imic»ə malik idi. Bütün bunların fonunda məlum siyasi maraq və mənsubiyyətindən başqa o bir xanım, ana, həyat yoldaşı, xalqının qadınları üçün mütərəqqi planlar cızan irəli düşüncəli ziya sahibi idi. Bu günün nəzər nöqtəsinə görə isə inqilabçı, məşum 37-nin qurbanlarından biri.
   
   Dost kim, düşmən kim...
   
   Amma məni onun haqqında yazmağa sövq edən tam başqa bir məqamdır, başqa maraqdır. Qütblərə bölünən, siyasi mövqe sahibi, dövrün tanınmış ictimai xadimlərinin xanımları kimi bir-birini həzm etməyən qadınların eyni taleyə - sürgün həyatına məhkum olduqları vaxtlardakı davranış, hiss və həyəcanları. Bu məqamı böyük şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin xatirələrində daha aydın sezdim. Acar knyazının qızı Şükriyyə bir zamanlar ona kinayə ilə baxan, əsil-nəcabətini həzm etməyən, zavod və fabriklərdə sıravi fəhlə kimi işləməsində «canfəşanlıq» göstərən Ceyran Bayramovaya bəslədiyi kin-küdurəti unutmasa da, ağır məqamda ona acımadan da keçməmişdi. Deməli, eyni taleyə məhkum qadınların bir-birinə sığınmaq, peşmanlıq və kədər dolu həyatın sınaq illərini baş-başa keçirməkdən başqa çarələri yox idi. Çünki həyat mövqeyi, siyasi baxışları fərqli olsa da, uzaq Qazaxıstan çölündə, Akmola düşərgələrində hər ikisi eyni taleyi yaşayırdı.
   
   Qadın klubunun yaradıcısı
   
   Onun tərcümeyi-halı qısa və lakonikdir. Gördüyü işlər böyük gələcəyə hesablanmış olsa da. 1896-cı ilin 22 martında Qubanın Zərqova kəndində doğulan Ceyran Şirin qızı Bayramova ilk təhsilini Bakıdakı rus-tatar qız məktəbində almışdı. Sonra şəhərdəki məşhur qızlar gimnaziyasından da məzun olmuşdu. Ali təhsil almaq üçün Rusiyaya getmək istəsə də, dövrün çaxnaşmaları, 1917-ci ilin inqilabi hadisələri onun bu arzusunu ürəyində qoymuşdu.
   Gimnaziyanı bitirdikdən sonra ictimai fəaliyyətə atılan gənc qız ailə həyatı qurduqdan sonra taleyini həmişəlik Bakı ilə bağlamışdır. Qadınlarla bağlı ilk ictimai qurumlardan biri, qaynı, inqilabçı Əli Bayramov adına klubun açılmasında xüsusi fəallıq göstərərək onun fəaliyyətinin daha da genişlənməsinə nail olmuşdur. Beləliklə, 1920-ci ildə Bakı və ətraf rayonların qadınlarını fəal ictimai həyata cəlb etmək üçün Əli Bayramov adına Qadınlar Klubu açıldı. 1921-ci il mayın 30-da xalq maarif komissarı Dadaş Bünyadzadə qurumla bağlı müvafiq sərəncam da verdi. Sənəddə təşkilatın fəaliyyət perspektivləri barədə deyilirdi: «Yoldaş Əli Bayramov adına müsəlman qadın klubu, yeganə nümunəvi müəssisə kimi, Xalq Maarif Komissarlığının tabeliyindədir. Heç bir digər idarələr klubun işinə qarışa bilməzlər, nə inzibati, nə maliyyə, nə də təşkilati baxımdan. Klubun idarə heyətinə təklif edilir ki, onlara aid bütün məsələlər üzrə bilavasitə Xalq Maarif Komissarlığına müraciət etsinlər”.
   Deməli, işləmək üçün hər cür şərait var idi. Ceyran xanım da bu imkanlardan maksimum istifadə etməklə ətrafına fəal qadınları toplamağa başladı. Əslində, nəticə də pis deyildi. Yarandığı dövrdən qısa müddət keçməsinə baxmayaraq, klub fəallarının sırası və fəaliyyət istiqamətləri genişlənirdi.
   
   Setkinin qəhrəmanı
   
   O vaxtkı qəzetlərdən birində klubun fəaliyyətini əks etdirən yazı bunu bir daha təsdiqləyir: «Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməlini elə o bir neçə qadın qoydu, onlar ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirdilər və kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar. Bir neçə ay sonra müdavimlər imtahan verməli idilər. Bu zaman şayiə yayıldı ki, yaxşı qiymət alanları kəndə işə göndərəcəklər. Əvvəllər bu həyəcan doğurdu, lakin sonra təşəbbüskarlar tapıldı. Onlar bəyan etdilər ki, burada qorxulu heç bir şey yoxdur. Qadınlar həyəcanla deyirdilər - kluba gəldik, emalatxana təşkil etdik, çadranı çıxartdıq, savadsızlığımızı ləğv etdik, bəs sonra? Axı, digər qadınlara da kömək etmək lazımdır. Beləliklə, məzunların birinci qrupu böyük inqilabi iş - azərbaycanlı qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq üçün respublikanın qəzalarına yollandılar. Mina xala Şamaxı qəzasına, Məsmə Məmmədova Xızıya, Tahirə Ələkbərova Göyçay qəzasına, Xanım Ağayeva Lənkərana, Bilqeyis Əsgərli Qubaya, Xanım Əliyeva Naxçıvan diyarına, Hökumə Məmmədova Şuşaya yollandılar. Yerlərinə çatan kimi, onlar qızğın surətdə fəaliyyətə başladılar”.
   Klubun artan nüfuzu alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi Klara Setkinin də qulağına çatır və o, 1924-cü ildə Əli Bayramov adına kluba gələrək onun fəalları ilə görüşür. Gördüklərindən təsirlənərək qadın klubunu «inqilabi qüvvələrin toplanış məntəqəsi» adlandırır. O dövrdə çap olunan «Qafqaz od içində» kitabında təşkilat haqqında bu qeydləri yazır: «Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır”.
   Setkinin maraqlı bənzətməsi klubu və onun liderini daha da populyarlaşdırır. Ceyran Bayramova 1929-cu ildə Bakıda Azərbaycan qadınlarının birinci qurultayında iştirak edərək qadınlar, onların ictimai fəaliyyəti, təhsil və iş şəraitlərinin yaxşılaşdırılması, müəyyən idarə və təşkilatlarda vəzifələrə cəlbi istiqamətində alovlu çıxış edərək məqsədlərini bir daha bəyan edir. Beləcə, Bakının kübar qadın mühitinin tanınmış siması ətrafına toplaşanların say sırasını daha da genişləndirir. Onun istər iş, istərsə də şəxsi həyatı, gözəl ailəsi və övladları başqa qadınlara nümunə kimi göstərilirdi. Hər kəs liderinə həsədlə baxırdı. Amma bu o qədər də uzun sürmədi, çərxi-fələk birdən-birə tərsinə döndü.
   
   Sürgünlərin bitkin qadını
   
   Bütün parlaq ideyalar, sosializm quruculuğu və bu yoldakı fədakarlıqlara baxmayaraq, onun da aqibəti bir zamanlar sevmədiyi, millətçi, əksinqilabçı, müsavatçı kimi xor (!) baxdığı qadınların taleyi ilə eyni oldu. Belə ki, o da «xalq düşməni»nin arvadı kimi sürgün, ağır məşəqqətlər, təhqir və təzyiqlər yaşadı. Nə qədər sadiq kommunist olduğunu isbat etməyə çalışsa da, ona heç kim inanmadı, daha doğrusu, inanmaq istəmədi. Və o, həyat yoldaşı Oruc Bayramovun 1935-ci ildə Xalq Daxili İşlər Komissarlığı tərərəfindən əksinqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs edilib, 1937-ci il 31 iyul tarixdə güllələnməsindən sonra «qara siyahı»ya salındı.
   SSRİ MİK-nın 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova «vətən xaini»nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edildi, Qazaxıstanın məşəqqət vədli Akmola həbs düşərgəsinə göndərildi. Həbs edilərkən ailə tərkibi, azyaşlı uşaqları və uzun illik fəaliyyəti qətiyyən nəzərə alınmadı. 9, 10 və 13 yaşlarındakı oğlanları Aydın, Fərid və Əli, eləcə də 3 yaşlı qızı Nazilə taleyin hökmünə buraxıldı, bətnində iki aylıq körpə daşıyan ana dözülməz əzablara düçar olunaraq ünvanı bəlli qatarın naməlum yolçularından biri kimi çox uzaqlara üz tutdu...
   O qatar 8 ilin tamamında apardığı bir çox qadınlar kimi Ceyran xanımı da geri qaytardı. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən ona bəraət də verildi. Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılan qadın (qəribə də olsa) iki dəfə - “Lenin” və “Oktyabr inqilabı” ordenləri ilə təltif edildi. Bilmirəm, Ceyran xanım o ordenləri sinəsində necə daşıdı, amma 1987-ci ilədək yaşadı. Uzun ömrün acı xatirələrini daşıya-daşıya.
   
   47 məhbusdan biri
   
   Şükriyyə xanımın xatirələrindən bir neçə məqam Qazaxıstana, Akmolaya şütüyən qatarda yaşananları, Bakıda bir-birini heç cürə həzm etməyən iki fərqli dünyabaxışlı qadının sürgün yoldaşlığına məhkumluğunu, münasibətlərini əks etdirmək və ümumilikdə orada yaşananları təsvir etmək üçün ən bariz nümunədir: «Əvvəllər daha fərqli ünvanlarda bir-birimizə rast gəlsək də, sanki bir-birimizi görmürmüş kimi üzümüzü çevirərdik. Amma indi bu mümkün deyildi. Buna heç imkan da yox idi. Həddindən artıq dar yer idi. Odur ki, hər kəs sükutla sanki nəyisə gözləyirmiş kimi dayanmışdı. Qatar uzun-uzadı fit verdi...»
   Bu xatirələrin sonrası daha dəhşətli, tükürpərdicidir. Amma içində insanı silkələyən sadəcə bir məqam var: insanı adiləşdirən də, aliləşdirən də yaşantılarıdır. Bu günün prizmasından baxdıqda bütün siyasi maraqları və mövqelərinə baxmayaraq, o qatarlarda uzun-uzadı yol gedənlər və nə yazıq ki, getdikləri kimi qayıtmaq imkanı olmayanların hər biri Azərbaycan qadını, onun ləyaqət və mərdlik timsalıdır.
   
   Həmidə Nizamiqızı