Azərbaycan
   
   1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcə «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Nəşrdə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər ziyalılar çıxış edirdilər. Jurnalın 32 sayı işıq üzü görüb.
   1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub. 1992-1993-cü illərdə Dövlət Teleradio Şirkətinə (AzTV) rəhbərlik edib.
   1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. Teatrda, televiziya tamaşalarında və kinoda (“Səhər”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
   1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya Teatrında maraqlı obrazlar yaradıb. “Tütək səsi” filmində çəkilib.
   1 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev Şuşada doğulub. Gəncə teatrında çalışıb, 2000-ci ildən Milli Dram Teatrında işləyir. «Yük», «Bizi dağlarda axtarın» filmlərinə çəkilib.
   1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm" kinostudiyasında “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatoru olub.
   1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq", “Cavad xan” və s. filmlərdə çəkilib.
   1 noyabr 1956 - Rejissor Yavər Rzayev anadan olub. Bədii filmləri: “Sarı gəlin”, “İlahi məxluq”.
   2 noyabr 1934 - Şair Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub.
   2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. Populyar mahnıların müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.
   2 noyabr 1988 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
   2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib.
   
   3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında (Fəhlə Uşaq Teatrı) fəaliyyətə başlayıb. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   4 noyabr 1954 - Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev Şəkidə anadan olub. “Həm ziyarət, həm ticarət”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.
   
   5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədidə anadan olub. Xarici işlər naziri (1999-2004) işləyib. Hazırda ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular” və s.
   5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
   1 noyabr 1896 - İngilis şairi, yazıçı Edmund Blanden (Edmund Charles Blunden, 1896-1974) anadan olub.
   
   2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru, ssenarist Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
   2 noyabr 1950 - İrland əsilli Britaniya yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 26.7.1856 - 1950) vəfat edib. Əsərləri: “Kandida”, “Piqmalion”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” (pyeslər), “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” (romanlar).
   2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştun, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s.
   
   3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştiraka görə Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib, M.F.Axundzadənin A.S.Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı rus dilinə tərcümə edib. Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
   3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
   3 noyabr 1869 - Məşhur rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi-Dədə Qorqud” dastanını rus dilinə tərcümə edib. Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
   3 noyabr 1887 - Rus şairi Samuil Yakovleviç Marşak (1887-1964) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir: “On iki ay”, “Pişiyin evi” və s.
   3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir.
   3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar” və s.
   
   4 noyabr 1575 - İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
   4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başladığı gündür. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda UNESCO-nun 194 üzvü var, təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.
   
   5 noyabr 1913 - İngilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
   5 noyabr 1938 - Fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan