Oqtay Ağayev nəfəsli daha neçə-neçə nəğmələr, mahnılar
   
   Bu mahnılar uzun illər Azərbaycan efirinin, Bakının estrada və digər mədəniyyət mərkəzlərinin, sivil məhəllələrinin sərin mehi, gur ahəngi, xoş hərarəti, “atəşi-hicr”-“vüsali-eşq”i kimi səslənib. Bu səs sahibinin yaşadığı yetmiş iki (1934-2006) illik ömrün altmışa qədəri böyük sənətə, oxuduğu mahnıların iki yüzəcəni lentə yazılıb...
   
   Onun səsinin “anatomiya”sındakı çoxçalarlılığın fərqində olmayanların sayı çox az olar, məncə. Bunun səbəbini bilənlər isə daha az olar, zənnimcə. Bu orijinal səs, sən demə, sahibinin bioqrafiyası ilə əkiz doğulubmuş. Bu səs - öz “əkiztayı” ilə tanışlığa qədər - sahibinin öz ləhcəsiylə desək, alayı cür səslənir qulaqda. Qulaqlarımızdakı “çəkic-zindan” isə bu səsin içindəki detalları incələməkdə çətinlik çəkir.
   
   Nədən?
   
   Ondan ki, bəzən üç-dörd dəqiqə çəkən bir mahnısında saatlarla sürən vizual-sosial xiffətlər, ictimai-siyasi bürkülü qorxu-hürkülər də yaşanır. Axı o, Ədalət Partiyasının sədri olmuş babasının sürgünündən üç il öncə doğulmuş uşaq idi və dörd il sonra da Böyük Vətən müharibəsi başlanacaqdı. Babasının uzaq Komidən gələn (əslində, gəlməyən) səs-sədası onun qulağına çatmasa da, belə şeylərin nə demək olduğu ağlına batmasa da, valideynlərinin sir-sifət mənzərələri, qır-qırım halətləri onun balaca ürəyinə yaşından zorba xoflar yatırır, anadangəlmə major səsinə minor tellər calayırdı. Bu səsin şaqraq, major olduğu haqda qonşuları danışırmış. 1953-cü ildə daxil olacağı Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllimi olası xoşxasiyyət, qayğıkeş Sofya İvanovna Xalfenə danışırmışlar. Hər şeyi amansızcasına dağıdan bolşeviklərin adını çəkmədən deyirmişlər ki, bütün mal-mülkləri və sonuncu otaqları əllərindən alındıqdan sonra, atası Bəhram Ağayev ailəsini İçərişəhərdəki dədə-baba evinə yığmağa məcbur qalıb və bütün bu müsibətləri “vecinə almayan” Oqtay bu iç şəhərin dar dalanlarını özü üçün filarmonik parter, “yarus-parus” hesab edib, bir ciknələr çəkirmiş ki, day nə deyim! Bu “deyimlərdən” riqqətə gələn yetmiş səkkiz yaşlı Sofya xanım da Oqtaya başqa tələbələrinə nisbətdə daha çox vaxt, diqqət, məhəbbət ayırır, vokalın bütün incəliklərini öyrədir, bu “bapbalaca oğlan”ı böyük sənət yoluna hazırlayır.
   Deyirlər, Oqtay ordu sıralarında da sıradanbir əsgər olmayıb. Onu “Bakılı oğlan”, “Balaca ustad”, “Canlı toy-büsat” - deyə çağırırmışlar orada. O, əsgərlikdən sonra da ayağısayalılardan olur. Ölməz Bülbül məktəbinin yetirməsi Firudin Mehdiyevin sinfində təhsilini davam etdirən Oqtay qaynar Bakı aləminin rəngarəng mədəniyyət mühitində diqqət mərkəzinə düşür.
   
   Əzəli-əbədi solist
   
   İdiomatik ifadələr bolluğumuzda bir “süddənyanıq” deyimi də var ki, bunu, əsasən (və xüsusən) sısqa, cılız, solğunbəniz uşaqlara rəğmən işlədirlər. Oqtay Ağayevin səsinin bir suyu da (özü bir yana) buna çalırdı. Repertuarındakı “Ana südü” mahnısı bunu bir az da aksentləşdirirdi sanki. Bu mahnının doğulma (və dəc səsləndirilmə) dəmlərindəki dərsliklərdə “Nənəm, a şişək qoyun...”, “Tşü nənəm, nənəm, nənəm, Səni sağan mənəm, mənəm” kimi sayaçı sözlər fonunda nəhəng sovet badyalarına sağılan Bakı neftinin siyasi qıtlığındanmı yaranmışdı bu “yanıq”lıqlar, ya nədən (“deyə bilmərəm”)? Amma hər halda onun səsində, nəfəsində, baxışında, bütün jestikulyasiyasında bir yanıqlıq vardı; - həm bioloji, həm tembro-məfdunedicilik baxımdan. Bunların hamısı da ki, yeddi-səkkiz il bundan öncələrədək “qocaman sənətkar” dediyimiz bu insanın uşaqlıq illərindən qaynaqlanırdı. Və bu məqamda onun ifa etdiyi “Sən - ey uşaqlıq!” (burada müharibə “baş qəhrəman”laşdırılsa da...) mahnısının mətnini vermək yerinə düşür:
   
   Nəğmə susdu dodaqlarda -
   Dilə gəldi tüfənglər.
   Mənim atam uzaqlarda -
   Cəbhələrdə bir əsgər.
   
   Anamızın laylaları
   Nənnilərdə pozuldu.
   Arzuladıq ilk baharı,
   İstəyimiz yaz oldu.
   
   Sən, ey uşaqlıq,
   Bizdən uzaq düşdün artıq.
   De, səni yellər apardı,
   Ya soyuq əllər apardı?!
   
   Görmədik biz gül dəstəsi,
   Görmədik biz oyuncaq.
   Ata səsi, ana səsi
   Eşitmədik doyunca...
   
   Öz qoynuna aldı bizi
   Bu buruqlar şəhəri.
   Yarı böldük tikəmizi -
   Gözlədik al səhəri...
   
   Yuxarıda “Əzəli-əbədi solist” sözlərini elə-belədən yox, bir mahnısında deyildiyi kimi - “bilə-bilə”dən yazmışam. Belə ki, Oqtay Ağayev Azərbaycanın ən adlı-sanlı iki estrada orkestrinin hər ikisində uzun illər əvəzsiz və şöhrətli solist kimi fəaliyyət göstərib. Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin 1960-lardan 1990-laradək təntənəli çıxışlarını Oqtay Ağayevsiz təsəvvür etmək mümkünmü? 1970-ci ilə qədər böyük bəstəkar-dirijor Rauf Hacıyevin, ondan sonra Tofiq Əhmədovun rəhbərliyilə fəaliyyət göstərən həmin musiqi kollektivi bəzən “Oqtay orkestri” kimi anılıb-sanılırdı. Azərbaycanı qarış-qarış gəzən, öz orijinal maneraları, gözəl vokal elementlərilə keçmiş SSRİ-nin bütün respublika xalqlarını cəzb edən, əlçatmaz Kreml məkanındakı konsertlərin 11-nin iştirakçısı olan Oqtayın səsi Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya, Əlcəzair, Mərakeş və digər ölkələrdən də gəlirdi.
   Oqtay Ağayevin kino sahəsindəki işləri də az deyil. Əvvəlcə onun aktyor kimi çəkildiyi “Yapon və yaponiyalı” qısametrajlı filmini (1990) xatırlayaq. Bu ekran işində Oqtay Ağayevin yaratdığı milis rəisi obrazı peşəkar aktyorların oynadığı obrazlardan, mən deyərdim, bir bal yuxarı çəki-qiymətdə alınıb. Onun “O qızı tapın”, “Dağlarda döyüş” və sair kinofilmlərdə ifa etdiyi mahnıları da canlı obraz təsiri bağışlayır tamaşaçıya. Amma... tamaşaçılıqdan daha çox -
   
   Dinləyicilikdə...
   
   Bəli, daha çox dinləyicilikdə yaşayır Oqtay Ağayev. Yuxarıda - üç-dördünün adını çəkib, az-çox bəhs açmaqla - onun iki yüzdən çox mahnısının lentə yazıldığını demişəmsə, qoy aşağıda onlardan on dəfə azının adlarını qeyd edim: “Qaytar mənim eşqimi”, “İçərişəhər”, “Ötən günlər”, “Səni məndən soruşdu”, “Sənin bircə təbəssümün”, “Eşqimin bəxti”, “Bir səhər”, “Sevgilim”, “Mənim gənclik məhəbbətim”, “Ağ paltardasan”, “Məhəbbət qocalmaz”, “Sən danışanda”, “Körpə nəfəsi”, “Azərbaycan gözəlləri”, “Həyat eşqi”, “Şəhər qatarı”, “Çiçəklər sevinsin”, “Ana gözləri”, “Sən ki mənim özümdəsən” və “Qarabağın gözəlləri”...
   Sonuncu mahnını yenə elə-belədən yox, bilə-bilədən axıra saxladım. Ulu Şəhriyarın söz ballarından birini - “...gözəllərin axıra qalmışıydı”nı xatırladır mənə bu səs, bu ifa. Elə Oqtay Ağayevin (mənim də iştirakımla) işlətdiyi son sözlərindən birini də xatırladır: “Gərək şairlərimiz o vaxtlar Qarabağ gözəllərindən daha çox Qarabağ igidlərindən yazaydılar ki, bizlər də onları oxuyub, onları öyüb, indiki vəziyyətə düşməyəydik...”
   Amma nə qəm, Oqtay ruhu?! Qarabağın o didərgin gözəlləri qaçqın-köçkünlük məkanlarında yeni-yeni yenilməz igidlər doğublar ki, onlar da - səyyari-külli-Vətən universitetlərində yetərincə fədakar vətəndaşlıq dərsləri keçmədə. Bunlar sənin kimi sənətkarların təlqin etdiyi zövqlə, bütöv ölkə gözəllərinə, yaralı Vətən gözəlliklərinə, möhkəm dövlətçilik özəlliklərinə meyli-şövqlə silahlanıb, yeni-yeni “Azərbaycan igidləri”, “Azərbaycan qəhrəmanları”, “Azərbaycan qalibləri” kimi mahnılara mövzu olarlar, inşallah!..
   
   Tahir Əhmədalılar