Azərbaycan
   
   11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şıxavənd kəndində anadan olub. "Xəzinə", "Bəlalı sevgim", “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim” (1968), “Firəngiz” (1975), “Onun bəlalı sevgisi” (1980) filmlərinin ssenarisini yazıb.
   
   12 dekabr 1893 - Görkəmli, aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə sənətkara bəraət (ölümündən sonra) verilib.
   12 dekabr 1926 - Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926-26.8. 1978) Salyanda doğulub. Salyan Dram Teatrında çalışıb. Yaratdığı “Kür” aşıqlar ansamblı keçmiş SSRİ-də məşhur olub. “Böyük dayaq” filmində aşıq havasını (partkom Şirzadın ifası) səsləndirib.
   12 dekabr 1937 - Şair, tərcüməçi Əhəd Muxtar (Əhəd Muxtar oğlu Qənbərov; 1937-23.5.1998) anadan olub. Özbək, qırğız, qazax, türkmən şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib.
   12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. 1894-cü ildə Cənubi Azərbaycanda, Mərənddə dünyaya göz açıb, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.
   12 dekabr 2007 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 - 2007) vəfat edib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Digər əsərləri: “Əlibalanın ağır səfəri”, “Tələ”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Uzaqdan gələn qonaq”, “Haradansınız, müsyö Abel?” və s.
   
   13 dekabr 1929 - Şərqşünas alim, professor Saleh Əliyev (1929-21.11.2006) Gəncədə anadan olub. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. İran və Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri olub.
   13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.
   13 dekabr 1962 - Filologiya elmləri doktoru, professor Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında, BDU-da kafedra müdiri, beynəlxalq əlaqələr üzrə prorektor işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. Kitabları: “Sabirin novatorluğu”, “İnsan bədii tədqiq obyekti kimi”, “Antik ədəbiyyat tarixi” və s. "Üns" teatrının yaradıcısı və rəhbəridir.
   
   Dünya
   
   11 dekabr 1803 - Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.11869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.
   11 dekabr 1890 - Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
   11 dekabr 1913 - Fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare, 1913 - 8.11. 1998) anadan olub. "Bəyaz gecələr", "Qraf Monte-Kristo", "Parisin sirləri", "Dəmir maska", Fantomas haqqında filmlərdə yaddaqalan rollar yaradıb.
   11 dekabr 1918 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsin (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
   11 dekabr 1930 - Fransız aktyoru, rejissor, ssenarist Jan-Lui Tretinian (Jean-Louis Trintignant) anadan olub. Baş rolu oynadığı «Kişi və qadın” filmi (1966) iki dəfə “Oskar” alıb. Digər filmləri: “Və Tanrı qadını yaratdı”, “Təhlükəli əlaqələr”, “Dzeta” və s.
   
   12 dekabr 1198 - Məşhur ərəb filosofu Əbu Valid Məhəmməd ibn Əhməd Rüşd (1126-1198) vəfat edib. İspaniyada (Kordova) yaşayıb, Avropada Averroes adı ilə tanınıb.
   12 dekabr 1821 - Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
   12 dekabr 1863 - Norveç rəssamı Edvard Munk (Edvard Munch, 1863-1944) anadan olub.
   12 dekabr 1915 - Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
   12 dekabr 1928 - Böyük qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
   12 dekabr 1941 - Rusiyanın Xalq artisti Vitali Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson” (doktor Vatson), “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.
   
   13 dekabr 1797 - Yəhudi əsilli alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s.
   13 dekabr 1908 - Polyak-yəhudi əsilli sovet aktyoru, SSRİ Xalq artisti Rostislav Plyatt (1908 - 1989) anadan olub. Filmləri: “Baharın on yeddi anı” (pastor Şlaq), “Rezidentin səhvi” və s.
   
   Hazırladı: Vüqar Orxan