Azərbaycan
   
   14 dekabr 1915 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Məcid oğlu Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (1955, Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib. Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb.
   14 dekabr 1927 - Məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. Kristalloqrafiya sahəsində tədqiqatları dünyada tanınıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.
   14 dekabr 1929 - Ədəbiyyatşünas, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. Gürcü dilindən tərcümələr edib. Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ilin aprelində avtomobil qəzasında dünyasını dəyişib.
   14 dekabr 2011 - Xalq artisti, Prezident təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (20.11.1935, Ağdam - 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.
   
   15 dekabr 1905 - Rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) anadan olub.
   15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", “Babəkin üsyanı”, “Fətəli xan” və s. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
   15 dekabr 1910 - Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 - 8.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.
   15 dekabr 1912 - Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayeva (1912 - 4.7.1975) anadan olub. Bir çox mahnı və romansların, simli kvartet üçün pyeslərin və s. əsərlərin müəllifidir.
   15 dekabr 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
   15 dekabr 1946 - Şair, kinodramaturq, tərcüməçi Ramiz Rövşən (Ramiz Məmmədəli oğlu Əliyev) Bakının Əmircan kəndində doğulub. Kitabları: “Göy üzü daş saxlamaz”, “Gedək biz olmayan yerə”, “Nəfəs - kitablar kitabı” və s. “Babamızın babasının babası”, “Şəhərli biçinçilər” və s. filmlərin ssenari müəllifidir.
   
   16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Xaliqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub.
   16 dekabr 1927 - Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 - 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.
   16 dekabr 1934 - Şair və tərcüməçi Tofiq Bayram (1934 - 18.4.1991) anadan olub.
   16 dekabr 1979 - Dünya şöhrətli caz musiqiçisi, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal, "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
   16 dekabr 2011 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 - 2011) vəfat edib. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub.
   
   Dünya
   
   14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.
   14 dekabr 1898 - Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
   14 dekabr 1924 - Məşhur hind aktyoru, rejissor, ssenarist Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
   
   16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan doqquz simfoniyanın, sonataların müəllifidir.
   16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca - Jorge Agustin Nicolas Ruiz de Santayanar; 1863 - 1952) anadan olub.
   16 dekabr 1917 - İngilis fantast-yazıçısı, ixtiraçı Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. Məşhur “Kosmik odisseya 2001” filminin ssenari müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan