Azərbaycan
   
   17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
   17 dekabr 1924 - Görkəmli alim, pedaqoq, professor Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində müstəsna xidmətləri var.
   17 dekabr 1993 - Görkəmli yazıçı, dramaturq, ictimai xadim, akademik Mirzə Əjdər oğlu İbrahimov (15 (28).10.1911, Cənubi Azərbaycan, Sərab - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanları, povest və hekayələr, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
   17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə (ölümündən sonra, 2005) təltif olunub.
   
   18 dekabr 1928 - Məşhur xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub. Milli operalarımızda yaddaqalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Ü.Hacıbəyli - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev - “Şah İsmayıl”) və s.
   18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Zəngəzur, Şəki kəndi - 1957) vəfat edib. İkicildlik «Zəngəzur» romanının, “Qadın azadlığı”, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.
   
   19 dekabr 1921 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub. Dövlət mükafatına, “Hindistan” silsiləsindən rəsmlərinə görə Beynəlxalq Nehru mükafatına layiq görülüb. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi”, “Səməd Vurğun” və s. Bakı metrosunun “Nizami” stansiyasının bədii tərtibatını verib. Rəsmləri müxtəlif muzey və qalereyalarda nümayiş olunur.
   19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. Simfonik orkestr üçün əsərlərin müəllifidir. 1999-cu ildə "Humay" mükafatına layiq görülüb.
   19 dekabr 1947 - Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə Bakıda doğulub. Gənclər Teatrında baş rejissor işləyib. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.
   19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950-2007) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında (“Bala başabəla”, “Ordan-burdan”) yaddaqalan obrazlar yaradıb.
   19 dekabr 1969 - Pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, Avropa ölkələrində konsertlərlə çıxış edir.

    20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905-14.8.1941) Bakıda doğulub. "Kitabi - Dədə Qorqud"un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.
   20 dekabr 1925 - Filosof, professor Şükufə Şamil qızı Mirzəyeva (1925-9.10.1980) Ağdam rayonunun Gülablı kəndində anadan olub. Azərbaycanın estetik fikir tarixi və estetikanın problemlərinə dair əsərlərin müəllifidir.
   
   Dünya
   
   17 dekabr 1273 - İslam mütəfəkkiri, şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9. 1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Türkiyədə, Konyada yaşayıb və orada dünyasını dəyişib.
   17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   17 dekabr 1893 - Məşhur alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
   17 dekabr 1905 - Sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib.
   
   18 dekabr 1921 - Rus aktyoru, SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921 - 21.8.1997) anadan olub. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva sirkinə rəhbərlik edib.
   18 dekabr 1946 - Amerika kinorejissoru, ssenarist, prodüser Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub. Filmləri: “İndiana Cons”, “Şindlerin siyahısı”, “Yadplanetli”, “Yura dövrünün parkı”, “Dünyaların savaşı”, “Sıravi Rayanı xilas etməli” və s.
   
   19 dekabr 1915 - Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.
   19 dekabr 1944 - Rusiyanın Xalq artisti Anastasiya Vertinskaya anadan olub. Filmləri: “Al yelkənlər” (Assol), “Ovod” (Cemma), “Amfibiya-adam” (Quttiere) və s.
   19 dekabr 1996 - Məşhur İtaliya aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
   
   20 dekabr 1873 - Böyük türk şairi, ictimai xadim Mehmet Akif Ersoy (1873- 27.12. 1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin dövlət himni (“İstiqlal marşı”), “Çanakkala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.
   20 dekabr 1915 - Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub. Bir sıra əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
   20 dekabr 1922 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill, 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s.
   
   Hazırladı: Vüqar Orxan