“Elim köməyim olsun, Əlim köməyim olsun, Xalqıma yük olarsam, Ölüm köməyim olsun!” manifestli Xudu Məmmədov
   
   Başlıqdakı son sözü - “adam” ifadəsini qəribçiliyə salmamalı; axı, xalq “Alim olmaq asandır, adam olmaq çətin!” deyir. Peşələr, sənətlər içində bundan çətini, bundan mürəkkəbi yox. Neçə-neçə “kəllə alim”in ziya buynuzunu sındırıb, inkişaf kürəyini yerə vurub, gələcək yol-rizini bağlayıb bu çətinlik. Çətinlik deyəndə ki, -adam ola bilməmək...
   
   Bunun bir tağı da nəfslə, daxili “mən”lə bağlıdır ki, elmdə bütöv bir epopeya yaratmış bu rəhmətlik ədəbiyyatın ən kiçik odasında belə deyirdi:
   
   Bu qala bizim qala,
   Qaldıqca bizim qala.
   Tikmədim - özüm qalam,
   Tikdim ki, izim qala...

   
   Dostları ona “Sirri-Xuda” deyiblər. Şairlər onu “ömür karvanının sənət yükünə” qeyrətli sözlər, əməllər yükləyən, “Sən dənizsən, biz - tərs axan çayların” kimi misralarla öyüblər. Dünyanın elm nəhəngi Con Bernal Moskvada keçirilən (1953) elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz tapa bilməyən akademik Sıçevin fikrinə belə qüvvət verib: “Bizdəki (Britaniya) və sizdəki (SSRİ) “pensioner” kristalloqrafların həll edə bilmədiklərini Sizin 25 yaşlı “pioner”-tələbəniz - cənab Xudu Məmmədov həll etmişdir!”
   Belə. 1927-ci il dekabrın 14-də doğulub Xudu adını almış Məmmədov 25 yaşından “böyük alim” titulu ilə irəliləməyə başladı.
   Ona belə adlar verdilər, görüşlərdə ürəkdolusu təriflər yağdırdılar, EA-nın müxbir üzvü seçdilər, “Şərəf nişanı” ordeni ilə təltif etdilər...
   
   Özü isə...
   
   Özü isə özü haqda heç nə dedirtməmiş, heç kimi fikirləşdirməmiş, heç kəsdən heç nə ummamışdır. Məclislərdə “Ev üçün, ailə üçün işləyərkən yorulmamaq üçün el üçün də çalışmaq gərəkdir” kimi sözlərdən “Heç kəs eşitmək istəməyən adam qədər kar ola bilməz”, “Həyatın böyük çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, uğurlar uğrunda çəkdiyin əzablar səni üzürsə, Füzulini oxu, ölməz “Koroğlu”nun uvertürasına qulaq as, muğamlarımızı, saz havalarımızı dinlə; sənə yenidən qalxıb irəli getmək həvəsi gələcək» kimi kəlmələrədək susmuş, hərdən də göylərə və rəyasət yuxarılarına baxıb, aşağıdakı kimi azar-bezarlanmışdır:
   
   Çiy yumurta soyulmaz,
   Göydə ulduz sayılmaz,
   Bütün xalqlar oyandı,
   Mənim xalqım ayılmaz?!.
   
   Məsəllər var ki...
   
   Biri də belə başlayır: “Adam var ki, adamların naxışıdır...” İkinci tərəfi yaxşı səslənmədiyi üçün (mənası çox yaxşı olsa belə) yazmıram. Amma Xudu müəllim doğrudan da adamların, adamlığın naxışı idi. Elmi yaradıcılığına imkanım daxilində, intellektinə, obrazlı təfəkkürünə, ədəbi-bədii zövqünə, sənət aşiqliyinə, mədəniyyət kompleksinə, dahiyanə səmimiyyətinə, dostluq istedadına isə kifayət qədər bələd olduğum Xudu müəllim haqda fikirləşib, dünyanın ən uzun, ən irihəcmli “xatirə”sini yazmaq imkansızlığı və mümkünsüzlüyü ilə üzləşəndə həmişə dadıma bu ikicə kəlmə çatıb:
   
   “Doyulmaz İnsan”...
   
   Tarixən adamların dərini olub, dayazı olub, yaxşısı, pisi, daha neçə-neçə sifəti, təyin-“tamamlığı” olanları olub, var və olacaq. “Çətin adam” ifadəsini də tez-tez eşidirik. Bunun antonimini - tərsini isə, məncə, hələ işlədən olmayıb. Bayatılarının birində “elim-əlim köməyim olsun” demiş Xudu müəllim elimizə-dilimizə bu sarıdan da xeyir vermiş olub, - başqalarında öz şəxsinə oyatdığı münasibət sayəsində daha bir söz birləşməsi doğurub: “asan adam”...
   Bəli, Xudu müəllim dünyanın ən asan insanı idi. Seçdiyi elm sahəsindən tutmuş bütün fərdi-ictimai münasibətlərə qədər - cəfalı dolanışıq səbri, dönməz vətəndaşlıq, susmaz ziyalılıq, xalsız paklıq, “mənəm-mənəm”likdən tam xali təvazökarlıq, milli düşüncə davaları istisna edilməklə, həyatın ən çətin imtahanlarını seçmiş ən asan insan!
   Xudu Məmmədov sadə xalqla mürəkkəb elm arasında ən get-gəlli körpü salan alim-ziyalılardan idi. Bu məqamda onunla söhbətlərimizdən birini xatırladım. Doğma yurdunda (Ağdamın Mərzili kəndində) orijinallığı ilə adamı heyran edən (büsbütün öz layihəsi ilə tikdirdiyi) evində binələnmişdi bu xatirə. Damla-damla suallarımla bu canlı elm, sənət, ədəbiyyat dəryasından dalğa-dalğa cavablar qoparırdım. Gecənin gec vədəsində ortaya atdığım “...Bəşəriyyət niyə belə ədalətsizdir: olanları yaradan şairlərə, sənətçilərə daha çox heykəl qoyur, olmayanları ixtira edən alimlərə isə çox az...” sualımla onu səhərə qədər yuxusuz qoydum. Hər birinin arxasında “məntiq valyutası” dayanan fikirlər söyləyib geniş şərhlər versə də, “xatircəm” qalıb-qalmayacağımdan narahat olan bu həssas insan sözünü belə tamamladı: “Bu dünyada bir elm evi var; alimlər zaman-zaman gəlib ona - az ya çox, pis ya yaxşı - suvaq çəkib gedirlər. Sənətkarların isə hər birinin ayrıca evi olur”...
   Bəli, elmçi sənətçilər tərəfində...
   Bu əsnada “hər kəs közü öz qabağına çəkər” məsəlini mütləq xatırlamalı.
   Təhsilcə geoloq, ixtisasca kristalloqraf-kimyaçı olan bu alim nə qədər elm adamı idisə, bir o qədər də el adamı idi. Tarixən yalnız əkin-biçinə məhkum edilmiş xalqımızın bir parası onun kristalloqrafik ornamentlər yaradıcılığından, “Sənət təbiətin öyrənilməsində strategiya, elm isə taktikadır” kimi hikmətlərindən, “Cansızlardan canlı aləmə körpü atmasından” (C.Bernal) o qədər də asan baş aça bilmirdi. Ancaq onlar onun özüylə beş-on kəlmə kəsəndən, məclis-mərəkədə, efir-ekranda söhbətlərini dinləyəndən sonra ayılırdılar ki, yox, bu anlaşılmazlıqların təqsiri alimdə deyil, aləmdədir...
   
   Canlı məktəb
   
   Xatirələrində yazır ki, uşaqlıqda qır-saqqız suallarıyla yaşlı qohum-əqrəbasını, xüsusən atasını boğaza yığırmış. Bir gün də Qarqar çayında selinti (təndir-soba oduncağı) toplayarkən bəzəkli çaylaq daşlarının “iç-içalat”ı haqda o qədər sorğu-sual edir ki, Surxay kişi qəzəblənir: “Ay bala, bura sizin məktəb daxması döyül ey, Stalin yoldaşın atalıq qayğısı sayəsində puçumuza çır-çırpı gətirən çay yatağı xarabasıdır!”
   Xudu Məmmədov üçün hər yer, hər məkan, hər nöqtə məktəb olub. O “məktəb”ləri gəzə-gəzə, görə-görə oxuyub. O qədər oxuyub ki, sonda özü də bir məktəb olub.
   Xudu müəllimdə hamıya çatdıq mənəvi pay, irfani ziya vardı. O, mükəmməl incəsənət timsallı bir varlıq idi - aydın və gözəl musiqi, füsunkar tablo, monumental heykəltəraşlıq nümunəsi, memarlıq abidəsi kimi - hamıya çatırdı.
   Xudu müəllimin el-oba sevgisində bir Leyli-Məcnunluq vardı. Hər dəfə də səfərdən fəlsəfi qənaətlərlə qayıdardı. 70-ci illərin axırlarında ucqar rayonların birindən qayıdıb, orada gördüyü müsbət yeniliklərlə bərabər, bir az şimaldan gəlmə, bir qədər qərbdəngötürmə “modernizm”ə eyhamla: “Kənd görmək istəyirsinizsə, tələsin, kənd qurtarır... - dedi. - Xoruz banı, mal-davar mələrtisi əvəzinə, “Jiquli”-“Volqa” ciknələyir”...
   Onun dostlarının hamısı, tələbələrinin əksəriyyəti milli keyfiyyət daşıyıcıları idi. Bu, onun həyati baxışları, xarakter naxışları ilə bağlıydı. Həm də - elm və millət azarından savayı heç nəyi, hətta kiməsə bir çay qonaqlığı vermək imkanı olmayan bu kristal kristalloqrafın yanında qeyri-millilərin nə işi vardı, axı?!.
   Dostları arasında ad-sanları bütün dünyaya bəlli Çingiz Aytmatov, Cavad Heyət, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, vətəndaşlıq məramları bütün Azərbaycana məlum Şahmar Əkbərzadə, Zeynal Məmmədov vardı.
   ...1980-ci ilin yayı. Qarabağın Arazqırağı kəndlərindən birində toydur. DTK-nın rayon şöbəsinin sədri o vaxtlar üçün “misilsiz” hesab edilən bir cəsarətlə Xudu müəllimlə Şahmar Əkbərzadəni gecəyarısı “Araz-stroy” körpüsündən o taya - Güney Azərbaycana keçirir. Vətənin yar yarısı ilə o on-on beş dəqiqəlik vüsalda, Xudu müəllimin öz diliylə “Oğrun Vətən görüşündə” Güneyin Quzey təşnəlisi nələr çəkmir, nələr etmir?! Diz çöküb öpdüyü torpaqda çəmən qoxlayır, çiçək axtarır, həsrət otları yolur.
   Ertəsi gün onu həmişəkindən daha şad-xürrəm görən toy adamları (bu kənddə üçüncü oluşuydu) sualı suala caladılar, ötəkilərdən daha yaxın pərvanələşdilər. Kənd xəstəxanasının baş həkimi “qədəmlərinizə üz qoyum”, “mənalarınıza can verim” deyənlərdən bir istək də artıq boy verib, “Fədanız olum, ay Xudu müəllim, hər şey gözəldir, amma heyf ki, içmirsiz, şərəfinizə qaldırdığımız badələrə bir avtoqraf-badə toxundurmursuz...” - dedi. Xudu müəllim isə özünəməxsus təbəssümüylə bu kəndin qonaqpərvərliyindən, əsrin əvvəllərindəki qaçaq-qoçaqlığından bir xeyli danışıb, ürəyinin gizlinində çiçək çırtladan ötəngecəki olayın eşqi ilə söhbətini belə yekunlaşdırdı: “Mənim içib-içməməyimi neynirsiz, qardaşlar! Siz məndən dəmlik istəyin. Mən dəməm...”.
   Sabahısı onu öz rayonundan qatarla yola salırdıq. “Sərnişinlərdən xahiş olunur...” elanından sonra o, yarıkönül vaqona qalxdı və əlbəəl qayıdıb yerə düşdü. “Ay Zeynal müəllim, - dedi - sən Allah, vaxt elə, sabahda-birigündə Bakıya gəl. Srağagün gecə o tayımızda gördüklərimi, lətifəsi insanlardan uzaq, gövşəyib qurtara bilmirəm! Gəl, bir əməlli-başlı paylaşaq...”.
   Bütün şüurlu ömrü uzunu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu və mücadiləsi aparan bu insan, təəssüf ki, öz ana arzusunun mənzil başına üç il qalmış - 1988-ci ildə dünyasını dəyişdi. Özü də bu sevgili mücadilənin ilkin ritmi üstdə - Qarabağ yanğısının əlimyandı məqamında. Dünyadəyişmə məkan-mənzili isə bir Tanrı peşkəşi idi; canından artıq, milləti qədər sevdiyi Üzeyir bəyin ev-muzeyi!..
   Sonda da bir nəzm gərəkir. Nəsrdə nə qədər yazıb-pozsan da, sətirdən-sətrə, modern çətirdən folklor-fətirə keçsən də, nəzm sazıyla deyilmişin yerini vermir. O vaxtlar ədəbiyyat disidentliyinə özünəməxsus dividentlər gətirmiş Məmməd Araz elmdəki həmkarı Xudu Məmmədova ithaf etdiyi şeirlərin birində belə ağılayırdı:
   
   Bax donqar dəvənin səbət yükünə,
   Bənzəyir içiboş şöhrət yükünə,
   Ömür karvanının sənət yükünə
   Bir-iki qeyrətli söz yükləməsək -
   Sən kimə gərəksən, mən kimə gərək?
   
   Yenə dağ döşündə dənərləndi qar,
   Yenə zirvələrin həsrətində qal.
   Sel qopdu - dərəyə düşdü qalmaqal,
   Bir ocaq başında bir isinməsək,
   Sən kimə gərəksən, mən kimə gərək?..
   
   Tahir Abbaslı