Azərbaycan
   
   21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Homerin «Odisseya», Lope de Veqanın «Nə yardan doyur, nə əldən qoyur», A.Qriboyedovun «Ağıldan bəla» və s. əsərləri dilimizə tərcümə edib.
   21 dekabr 1916 - Yazıçı Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” bədii filmi çəkilib.
   21 dekabr 1922 - Ədəbiyyatşünas, yazıçı Kamran Dadaş oğlu Məmmədov (1922 -6.4.1989) anadan olub. Kitabları: "Qasım bəy Zakir", "Nəcəf bəy Vəzirov", "XIX əsr Azərbaycan şeirində satıra", "Yusif Vəzir Çəmənzəminli" və s.
   21 dekabr 1923 - Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. Bir çox xarici ölkələrdə qastrollarda Azərbaycan musiqisini təbliğ edib. Pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
   21 dekabr 1927 - Görkəmli heykəltəraş, Xalq rəssamı, AMEA-nın akademiki Ömər Həsən oğlu Eldarov Dağıstanın (Rusiya) Dərbənd şəhərində doğulub. Ulu öndər Heydər Əliyev, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Xurşudbanu Natəvan, İbn Sina (Düşənbə) və başqa görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Milli Məclisin deputatı (1995-2000) olub. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
   
   22 dekabr 1898 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Mən ki gözəl deyildim” (Rəhim baba), ”Sevil” (Babakişi) filmlərində çəkilib. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.
   22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
   22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
   22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, film ssenarilərinin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” bədii filmlərinə quruluş verib.
   22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
   22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov Naxçıvanda doğulub.
   23 dekabr 1911 - Şərqşünas, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizami, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.
   
   23 dekabr 1946 - Xalq artisti, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
   23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. «Şah Abbas», “Balıq adam” və s. romanların müəllifidir. “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun” və s. pyesləri tamaşaya qoyulub. "Ulduz" jurnalının baş redaktorudur.
   
   24 dekabr 1923 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 - 21.2.1997) Astarada anadan olub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçib, elmdə şərəfli ömür yaşayıb. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Milli Məclisin deputatı (1995-1997) olub. 1997-ci il fevralın 21-də yaşadığı evin qarşısında qətlə yetirilib.
   24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
   24 dekabr 1939 - Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
   24 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar» (Zəhra xala), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
   
   Dünya
   
   21 dekabr 1639 - Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
   21 dekabr 1840 - Türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən yaxud Silistre” və s.
   21 dekabr 1917 - Məşhur alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll, 1917 - 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s.
   21 dekabr 1948 - Amerika aktyoru və prodüseri Semyuel Cekson (Samuel Leroy Jackson) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Yura dövrünün parkı” və s.
   
   22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
   22 dekabr 1937 - Rus yazıçısı Eduard Uspenski (1937 - 1974) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.
   22 dekabr 1962 - İngilis aktyoru Ralf Fayns (Ralph Nathaniel Fiennes) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “İngilis pasiyenti” və s.
   
   23 dekabr 1858 - Rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858 -1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
   23 dekabr 1931 - Məşhur aktyor, SSRİ-nin Xalq artisti Lev Konstantinoviç Durov anadan olub. “Qorxma, mən səninləyəm” (San Sanıç) Azərbaycan filmində, “Baharın on yeddi anı” (agent Klaus), “Piliqrim” kapitanı” (kapitan) və s. filmlərə çəkilib.
   24 dekabr 1798 - Polyak şairi, milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
   24 dekabr 1867 - Türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 - 19.8.1915) İstanbulda doğulub.
   24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
   24 dekabr 1906 - Məşhur ingilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond, 1906-1985) anadan olub. Bir çox əsərləri əsasında filmlər (“İlğım”, “Daş cəngəlliklər” və s.) çəkilib.
   24 dekabr 1946 - Aktyor, rejissor, Rusiyanın Xalq artisti Lonid Filatov (1946-2003) anadan olub. Filmləri: “Fleyta üçün unudulmuş melodiya”, “Çiçerin” və s.
   
   Hazırladı: Vüqar Orxan