Azərbaycan
   
   18 yanvar 1915 - Tanınmış rəqqas, Əməkdar artist Əlibaba Əbdül oğlu Abdullayev (1915-10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz”, “Dəli Kür” və s. filmlərdə baletmeyster, rəqslərin quruluşçusu olub.
   18 yanvar 1925 - Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925-2.11.1991) anadan olub.
   18 yanvar 1927 - Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927-5.12.1997) anadan olub.
   18 yanvar 1941 - Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   18 yanvar 1942 - Yazıçı-dramaturq Heydər Qasımlı (Qasımov Heydər İftar oğlu) (18.01.1942) Qazaxda doğulub.
   18 yanvar 1947 - Xalq artisti, tanınmış rəqqasə Afaq Süleyman qızı Məlikova anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Hazırda kollektivin bədii rəhbəridir.
   18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8. 1921 - 1983) vəfat edib. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir.
   
   19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873-6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
   19 yanvar 1943 - Musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Mirəşrəf oğlu Seyidov anadan olub.
   19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə Dövlət gerbi kimi təsdiq edildi. Azərbaycanın Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.
   
   20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.
   20 yanvar 1928 - Tanınmış etnoqraf, tarix elmləri doktoru, akademik Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.
   20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib.
    20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
   21 yanvar 1907 - Tarixçi, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907-22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.
   21 yanvar 1924 - Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu", "Gözlərimin işığı" və s.) müəllifidir.
   21 yanvar 1939 - Publisist, nasir Asif Xeybər oğlu Axundov anadan olub.
   21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin sədridir.
   21 yanvar 1999 - Tanınmış bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1922, Şuşa - 1999) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
   21 yanvar 2008 - Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929, Sabirabad - 2008) vəfat edib. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
   
   Dünya
   
   18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
   18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
   18 yanvar 1893 - Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
   18 yanvar 1904 - İngilis-amerikan aktyoru Keri Qrant (Cary Grant - Archibald Alexander Leach; 1904-1986) anadan olub.
   18 yanvar 1955 - Amerika aktyoru, rejissor və prodüser Kevin Kostner (Kevin Michael Costner) anadan olub. Filmləri: “Çıxış yoxdur”, “Cangüdən”, “İdeal dünya”, “Canavarlarla rəqs” (ilk rejissor işi, “Oskar” - 1990) və s.
   
   19 yanvar 1798 - Fransız filosofu, pozitivizm və sosiologiyanın banisi Ogüst Kont (Isidore Marie Auguste François Xavier Comte, 1798-1857) anadan olub.
   19 yanvar 1809 - Məşhur Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.
   19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.
   19 yanvar 1865 - Görkəmli rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
   
   20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
   20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
   20 yanvar 1884 - Rus yazıçısı Yevgeni İvanoviç Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
   20 yanvar 1920 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
   20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
   
   21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
   21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub. “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.
   21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906-2.11.2007) anadan olub.
   21 yanvar 1941 - Dünya şöhrətli ispan opera müğənnisi (tenor) Plasido Dominqo (Jose Placido Domingo) Madriddə doğulub.
   
   Hazırladı: Vüqar Orxan