Azərbaycan
   
   22 yanvar 1892 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) anadan olub. Əsərlərində Vətəninin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. Kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.
   22 yanvar 1923 - Folklorşünas, şair Məhəmmədtağı Məhəmmədəli oğlu Zehtabi (1923-23.12. 1998) Güney Azərbaycanın Şəbüstər şəhərində doğulub. 1945-46-cı illərdə milli hərəkatın fəalı olub, 1948-ci ildə sovet Azərbaycana gəlib. 1971-ci ildə İraqa mühacirətə gedib, 1979-cu ildə İrana dönüb. Kitabları: “Pərvanənin sərgüzəştləri” (şeirlər), “İran türklərinin əski tarixi”, “Azərbaycan dilinin qrammatikası” və s.
   22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.
   22 yanvar 1944 - Xalq artisti, tanınmış aktyor Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışır. “Ad günü”, “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” filmlərində maraqlı obrazlar yaradıb.
   22 yanvar 1967 - Tanınmış aktyor Elşən Rüstəmov Masallıda doğulub. Filmləri: “İtkin gəlin”, “Özgə vaxt”, “İstanbul reysi” və s.
   
   23 yanvar 1878 - Rejissor, Əməkdar artist Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878-5.1.1950) anadan olub. İrəvan Azərbaycan teatrının yaradıcılarından biridir. Teatrın səhnəsində «Arşın mal alan» (Soltan bəy), «O olmasın, bu olsun» (Məşədi İbad) və s. tamaşalarda oynayıb.
   23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Mircəfər oğlu Məmmədov anadan olub. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib, “Arşın mal alan” (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə) verib.
   23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru Rafiq Hüseyn oğlu İmrani anadan olub.
   23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi.
   
   24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Yeni əlifba və orfoqrafiya», «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir. 1938-ci ildə repressiya edilərək güllələnib.
   24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909-9.8.1983) anadan olub.
   24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.
   24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır. 

   Dünya
   
   22 yanvar 1561- İngilis filosofu, empirizmin banisi, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
   22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729-1781) anadan olub.
   22 yanvar 1788 - Məşhur ingilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788-19.4.1824) anadan olub.
   22 yanvar 1898 - Görkəmli rus rejissoru, ssenarist, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898 - 1948) anadan olub. Tarixi filmlərin (“Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”) müəllifidir.
   22 yanvar 1904 - Rus yazıçısı Arkadi Petroviç Qaydar (Qolikov, 1904-1941) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Timur və onun komandası” və s.) müəllifidir.
   
   23 yanvar 1783 - Görkəmli fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal; 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
   23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduar Mane (Edouard Manet; 1832-1883) anadan olub.
   23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Vasilyeviç Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
   23 yanvar 1923 - Fransız rejissoru, ssenarist Jak Vilfrid (Jacques Vilfrid, 1923-1988) anadan olub. Jandarmlardan bəhs edən komediyaların (baş rolda Lui de Fünes) ssenari müəllifidir.
   23 yanvar 1989 - Dünya şöhrətli ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904-1989) vəfat edib.
   
   24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
   24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb).
   24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Məşhur rəsmləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.
   24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail İliç Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan