Xalqın evini tikən usta(d), Həcci həqiqi hörmətə mindirən Hacımız...
   
   ...Haqqında danışdıqca danışmaq, eşitdikcə eşitmək istənilən canlı Hadisə, öyməklə doyulmayan, üzüyalın “alın yazısı”na nisbətdə qalın-qalın kitablar, səhnələr, ssenarilər, dissertasiyalar yazmaqla qurtarmayan, gül-gül vergüllər, səda-səda nidalar qoyula-qoyula nöqtələnmək bilməyən şanlı Mövzu, real Dram, vizual Əfsanə, sosial Elm, intəhasız İşarə - Hacı Zeynalabdin Tağıyev...
   
   Hər mənada “qaradan çıxmaq” üçün, Allahın haqq ölümü ilə də xalqının qalımına Olum təlqin etmiş bu Bəndənin “proloq”una mənbələrin birindən götürdüyüm “epiloq”la başlamaq istəyirəm:
   
   “Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam saat səkkizin yarısında, 101 yaşında vəfat etdi, sentyabrın 4-də dəfn olundu. Asıb-kəsən bolşeviklərin, çalıb-oynayan sovetlərin ilk, isti dövrləri olmasına baxmayaraq, Hacının dəfninə çox böyük izdiham toplanmışdı. Bütün Bakı və ətraf kəndlərdən insanlar yas mərasiminə hər növ ərzaq məhsulları və digər məclis avadanlıqları gətirirdilər...”
   Bu nəqli “xəbər” Hatəm Hacıya növbəti məhəbbət-məftunluq kodu, əlavə yanğı odu yaratmaqla bərabər, adamda əqlidəbər, sosial-psixoloji fikirlər də oyadır; - nədir, nə var, noolub, - var-yatırının sayı-sanı bilinməyən milyonçu Şəxsin ehsanını lüt-üryan əşxaslar verir?
   
   Dilemma?!.
   
   Bəli!..
   Amma “qarnım üçün yox, qədrim üçün” zərb-məsəlinə binaən. “Sən yaxşılıq elə, at dəryaya - balıq bilməsə də...” deyimindəki Xaliqin əbədən “düzünəqulu” yarlığı ilə yaratdığı xalqın nəfinə. Bir az da - ağıllı, fəhm-fərasətli, hər dən-düşün, qəpik-quruşun qədrini bilə-bilə, yığa-yığa varlanıb maddən qəflə-qatırlanan, mənən elitarlaşan ataların əllərindəkiləri “horra” yedirib, “urra!” qışqırtmaqla alıb, işbilməz proletar oğullara verən qurşun-qurğuşun quruluşun acığına...
   Məncə, atası Tağı kişi on yaşında anası ölmüş bu uşağı aparıb daşyonan ustanın yanında köməkçi yox, hər hansı bir ədib, alim və ya ustad aşıq (tutalım, M.F.Axundzadə, M.M.Nəvvab, Dədə Ələsgər) hüzurunda şəyird qoysaydı, o, mütləq dahi olacaqdı. Amma xoşbaxtlıqdan (həmin sahələrdə dahilərimizin çoxluğu baxımından), tale onu ovaxtadək (və elə ondan sonrakı buvaxtadək) yox olan maddi-mənəvi milyonçuluq “nominasiya”lı dahilik düşərgəsinə gətirdi.
   Bu “məncə”lik kiməsə qəribə görünərsə, onu bu müsəlman-müslimin “Allahu-Əkbər”in qurtardığı qəribliklərdə ucaltdığı məscidlərə “tapşırır”, ona xeyriyyə əhəmiyyətli imarətləri isnad verir və “onun (sol əlinin “xəbəri olmadan”) neçə-neçə əcnəbi qəribə belə əl tutmuş sağ əli əl-ayaqlarını Qarabağ torpağında “əkib” qayıtmış oğullara yardım etməyən müqəyyəd milyarderləri“miz”in başına” - deyirəm.
   Və kiməsə elə gəlirsə ki, bütün soyumuz, külli hal-xoyumuz tutumlu bu Soydaşımız haqda hər şey yazılıb, hər layiqi söz deyilib, - o, ən azı, yarıbayarı yanılır. Necə ki, digər sahə dahilərimiz, xüsusən, dərya-dərin Söz adamlarımız zaman-zaman alim-açarçılar tərəfindən açıldıqca açılır, yeni-yeni hikmətləri hədsiz həvəs-nəfəsli qəvvaslar cəhdlərilə tapıldıqca tapılır, - bu möcüzəvi İş Adamı da eləcə. Bu Şəxsiyyət - ədəbiyyata, sənətə, incəsənətə bu qədər maksimal-kompleksal mövzu olması baxımından - həm də bütöv bir milli mədəniyyət energetikası deyilmi?! (sual işarəm fikrimə bədgümanlığımdan yox, şərik-şahid istəyimdən, nidam isə heyrani-cezbimdəndir).
   Elə bu məqam qeyd edək ki, yazılmışlar və (elə bu yozu-pozu da daxil) yazılasılar yetərlimi, adekvatmı, hamısı milli burjuaziya “gen”limi, aspektual-metodoloji cəhətdən “yönnü”mü? Məsələn, mənbələrin birində (bir çoxlarında olduğu kimi) indiki Milli Azərbaycan Tarixi Muzeyinin binasının axitektur fasad əzəmətlərindən, interyer zinətlərindən ağız dolusu, qələm bolusu yazıldığı halda, ovaxtlar tam şəxsi-milli sahiblik və əsasən avtoyiyə layihəliyi hesabına başa gəlmiş bu möhtəşəm tikilini dördbir yandan mühasirə etmiş küçə adlarının (Bariyatinski, Starıy politseyski, Merkuri, Qarçakov) xalqa həmin maddi interyer-fasad estetikasından əlavə, düşüncəvi inter-fəsad ornamentləri, siyasi-psixoloji boyunduruq elementləri də aşılamasından bir kəlmə belə bəhs edilmir.
   
   Adi daşyonanlıqdan -
   
   qeyri-adi vətəndaşolmaqlıq, məktəb-mədrəsə üzü görməsə də, bəsirət gözü ilə millətin inkişaf yolunu, mədəniyyət yönünü görənlərin başında durmaqlıq mərtəbəsinə! İndiyədək bir çox adilərçün də işlətdiyimizdən, dil və qələm amartizasiyalarına uğrayıb təsir dişi sınmış tərif-təşbeh ibarələrindən yan keçib, bütöv bir canlı, milli, tarixi “İnformbüro” qaynağı olmuş bu insanın informativ “barə”lərindən də qısaca bəhs açaq. Bu yetməzmi ki, müsəlman aləmindən uzaqlarda da tanınmış bu milyonçu-neftxudanı Bakıdakı “vısşiy rus”, “milli qısqanc (və xain) erməni”, “adambəyənməz yəhudi” xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçmişdilər?! Sözümün eyforikliyinə səbəb bu ki, həmin fəxri sədr Bakının göbəyində “əndərun-birun” hasarlarından xali nəhəng bir qızlar məktəbi binası tikdirmişdi ki, bu səbəbdən də xaricdə təhsil alıb qayıdan türk-müsəlman oğlanlar daha “vısşiy”lərin, “milli qısqanc” və “adambəyənməz”lərin qızları ilə yox, həmin məktəbi bitirəsi türk-müsəlman qızları ilə ailə quracaq və bu ailələr bala-bala millət və yavaş-yavaş haçansa müstəqil Dövlət olacaqdılar!..
   Yuxarıda dedim axı; bu milli nemət-İnsan dadıldıqca doyulmaz. Bu kompleksal var-dövlət Adamı “xərcləndikcə” tükənməz, yazıldıqca nöqtələnməz. Elə “kitablara, təsəvvürlərə, rəhmət-məhəbbət dolu könüllərə sığışmayan bu unikal Varlığı bir qəzet səhifəsi darlığına necə yerləşdirməli?” - fikrilə də onun olum gününü bunca qutlayıb,- “nə qədər çox tarixi şəkillər versək, daha yaxşı olar”, - dedim ürəyimdə.
   Beynim isə daha bir məlum mətləbi diktə etdi. Bir gün Hacı vəsiyyət edir ki, öləndə onu Axund Hacı Turabın ayağı altında dəfn etsinlər - “Onun ayağı bildiyini mənim başım bilmir” - deyə.
   Yox, inanmıram ki, müqəddəs Həccin bu şərafət və səxavət dərrakəlisi kafərlərin də bildiyi həmin həqiqəti bilməmiş olaydı. Mən bilən o, bu vəsiyyətilə, sadəcə, ömrü boyu öz xalqına göstərdiyi maddi xidmətinə hikmət əlavəsi - əql, ədl, ədəb-ərkan, bir sözlə, aqillik mesenatlığı da etmiş olub...
   
   Və bir qısa “tapşırma”
   
   Şairlikdəki, qoşmalardakı nəzmi “tapşırma”lardan fərqli - nəsri bir “tapşırma”. Yəni bu xalqın az qala bir əsrinin maddi-mədəni sahibi olmuş bu milli Qayğı-Kişinin anım günü - 1 sentyabrda bir qoşa səhifə söz deyərik, inşallah. Fotoşəkillərdən xali - bir qoşa səhifə söz...
   
   Tahir Abbaslı