Azərbaycan
   
   12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (1911-14.5. 1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
   12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnib.
   12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
   12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933-23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir.
   
   13 fevral 1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.
   13 fevral 1940 - Nasir, tərcüməçi Rafiq Şamil oğlu İmanov anadan olub.
   13 fevral 1956 - Əməkdar incəsənət xadimi Gülbacı Əliəkbər qızı İmanova anadan olub. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbər və baş dirijoru, Bakı Musiqi Akademiyasının professorudur.
   13 fevral 2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.

   14 fevral 1918 - Tanınmış memar, Azərbaycan Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918-19.11.2003) anadan olub.
   14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (1925-2006) anadan olub. Opera və Balet Teatrının dirijoru, Dövlət Kamera Orkestrinin bədii rəhbəri işləyib.
   14 fevral 1940 - Azərbaycan Dövlət Televiziyasının ilk diktorlarından olan Tamara Cəfər qızı Gözəlova-Ağamirova anadan olub.
   14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.
   14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894, Naxçıvan - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.

   Dünya
   
   12 fevral 1809 - Məşhur ingilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
   12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
   12 fevral 1881 - Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.
   
   13 fevral 1766 - İngilis filosofu, demoqraf və iqtisadçı Tomas Robert Maltus (1766-1834) anadan olub.
   13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
   13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, eyni zamanda rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
   13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
   13 fevral 1903 - Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub. Komissar Meqre haqqında seriallarla məşhurlaşıb.
   
   14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.
   14 fevral 1908 - Rus arxeoloqu, şərqşünas, Cənubi Qafqaz tarixinin tədqiqatçısı Boris Borisoviç Piotrovski (1908-1990) anadan olub. Uzun illər Dövlət Ermitajına (Sankt-Peterburq) rəhbərlik edib.
   14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
   14 fevral 1936 - Məşhur polyak-sovet estrada müğənnisi, bəstəkar Anna German (1936-1982) Özbəkistanın Urgenc şəhərində doğulub, 1945-ci ildə ailəsi Polşaya köçüb.
   14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspressi”, “Mələk ürəyi” filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.
   
   Hazırladı: Vüqar Orxan