“Dərbənddən Tiflisə qədər belə heyranedici ev görməmişdim”
   
   XIX əsr Azərbaycan mədəniyyətində müstəsna xidmətlər göstərmiş görkəmli simalardan biri də şöhrəti ölkələr dolaşan musiqi xadimi, xeyriyyəçi Mahmud ağa Məmmədzadə olub.
   
   Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1826-cı ildə Şamaxıda anadan olub. Qafqazda görkəmli musiqi xadimi, sənəti himayə edən xeyirxah əməllər sahibi kimi tanınıb, mahir tarzən və muğam bilicisi olaraq şöhrət tapıb. Həm də gözəl səsi olub. O, öz malikanəsində musiqi məclisləri, görkəmli xanəndələr üçün musiqi müsabiqələri təşkil edib. Müsabiqələrdə yerli musiqiçilərlə bərabər, Tiflis, Qarabağ və İran musiqiçiləri də yaxından çıxış edib. Bu musiqi məclisinin sədası tezliklə Qafqazın dörd bir tərəfinə yayılır...
   Araşdırmalarda göstərilir ki, Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdıoğlu kimi dövrün məşhur xanəndələri Mahmud ağanın musiqi məclislərinin ən hörmətli qonaqları olub. Mahmud ağa burada tək musiqi müsabiqələri təşkil etmir. Eyni zamanda istedadlı gənclərə klassik Şərq musiqisinin sirlərini öyrədir. O zaman Şamaxıda tanınmış Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Humayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olub.
   O həmçinin istedadlı, lakin imkansız gənclərin qayğısına qalıb. Onlara maddi köməklik göstərib. Xeyriyyəçi kimi Şamaxı şəhərinin abadlaşmasında yaxından iştirak edib. Həmin dövrdə Şamaxı şəhərində Seyid Əzim Şirvaninin başçılıq etdiyi məlum “Beytüs-Səfa” adlı ədəbi məclis də fəaliyyət göstərib. Mahmud ağa o məclisə də himayədarlıq edib. Belə qeyd edirlər ki, bir dəfə Mahmud ağa öz musiqi məclisində Aşıq Mirzə Bilaldan bir saz havası çalıb-oxumasını xahiş edir. Aşığın məlahətli və şaqraq səsi məclis üzvlərinə gözəl ovqat bəxş edir. Məclis iştirakçıları bu aşıq havasının yeni olduğunu bilirlər. Soruşurlar ki, bəs bu havanın adı nədir. O isə belə cavab verir: “Bu yaxınlarda bəstələdiyim ”Mahmud ağa gəraylısı”dır...”
   XIX əsrin ikinci yarısında Şamaxıya qonaq gələn bir çox yadelli səyyahlar Mahmud ağanın evinə də təşrif buyurublar. Həmin səyyahlardan fransız yazıçısı Aleksandr Düma, rus etnoqrafı və səyyahı İ.Yevlaxov, Peterburq Rəssamlıq Akademiyasının prezidenti, məşhur rus rəssamı Q.Qaqarin və başqalarını göstərmək olar.
   Mahmud ağa 1858-ci il noyabrın 24-də A.Dümanın şərəfinə bir ziyafət təşkil edir. A.Düma bu haqda yazıb: “Bazarda gəzərkən zəngin Şamaxı tatarı Mahmud bəydən dəvət aldıq. O, bizi şam yeməyinə dəvət etdi. Biz onun malikanəsinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici evlərdən biri idi. Orada bizə böyük xidmət göstərildi. ...Biz Şərq zövqündə bəzədilən zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri sözlə, qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilən tül üzlü atlas yastıqların üstündə əyləşmişdi...”
   Bu dövrdə Qarabağın məşhur qadın şairəsi Xurşudbanu Natəvan da Bakı və Şamaxı məclisləri ilə mütəmadi əlaqə saxlayıb. Araşdırmalarda göstərilir ki, Xan qızı Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə yaxından maraqlanıb.
   Mahmud ağanın məclislərinin şöhrəti ilə bağlı araşdırıcı Ruqiyyə Rzayeva “Mirzə Fərəc haqqında xatirələrim” məqaləsində yazır: “Şamaxıda Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə adlı bir dövlətli və alicənab bir şəxs yaşayırdı. Onun çox təmtəraqlı bir musiqi məclisi vardı. O burada, xanəndə və sazəndələr üçün geniş yarış meydanı təşkil etmişdi. Hər musiqiçi ora ayaq aça bilməzdi. Çünki Mahmud ağa musiqini dərindən bilirdi. Çıxış edən hər bir sənətkarı özü qiymətləndirirdi. Ona görə də onun musiqi məclisində yüksək musiqi mədəniyyəti olan bacarıqlı və istedadlı musiqiçilər iştirak edirdi. Bir gün Mirzə Fərəc də bu məclisə dəvət alır. O, öz bacarığına inandığı üçün bu dəvəti qəbul edir. Məclisdə məşhur xanəndə Mirzə Məhəmmədhəsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə, məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı olur. Mirzə Fərəc bu məclisdə böyük sınaqdan keçir... Mahmud ağa onun ifasına yüksək qiymət verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır”.
   Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1896-cı ildə Şamaxı şəhərində vəfat edib, hörmət və ehtiramla dəfn olunub.
   
   Savalan Fərəcov