Azərbaycan
   
   19 fevral 1949 - Ədəbiyyatşünas, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. Səməd Vurğunun yaradıcılığına, Tiflis Azərbaycan teatrının tarixinə dair tədqiqatların müəllifidir.
   
   20 fevral 1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (1900 -3.2.1962) anadan olub.
   20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
   20 fevral 1935 - Şərqşünas alim, BDU-nun İran filologiyası kafedrasının professoru Şulan İsmayıl oğlu Şirəliyev Naxçıvan MR Şərur rayonunda anadan olub.
   20 fevral 1938 - Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938-20.12.1996) anadan olub.
   20 fevral 1938 - Görkəmli xanəndə, Xalq artisti Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində doğulub. Muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyli - “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov - “Aşıq Qərib”) və s. rolların bənzərsiz ifaçısı olub. Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professoru, muğam kafedrasının müdiridir.
   20 fevral 1984 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922, Gəncə-1984) vəfat edib. Simfonik muğam janrının yaradıcısıdır (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi bəsləyib.
   
   21 fevral 1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
   21 fevral 1921 - Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
   21 fevral 1994 - Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.
   21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub.
   21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (24. 12.1923 - 1997) dünyasını dəyişib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.
   
   Dünya
   
   19 fevral 1473 - Polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473-24.5.1543) anadan olub. Elmdə inqilab sayılan dünyanın heliosentrik sistemi (planetlərin günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisidir.
   19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub.
   19 fevral 1878 - Məşhur Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma cihazını - fonoqrafı icad edib.
   19 fevral 1945 - Tanınmış rus müğənnisi və bəstəkarı, Rusiyanın Xalq artisti Yuri Antonov Daşkənddə (Özbəkistan) doğulub.
   
   20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Volkov (1729-1763) anadan olub.
   20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas kinofestivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.
   
   21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNESCO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.
   21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.
   21 fevral 1925 - Amerika rejissoru və ssenaristi Sem Pekinpa (David Samuel "Sam" Peckinpah; 1925-1984) anadan olub. Kinoda vestern janrının tanınmış simalarındandır.
   
   Hazırladı: Vüqar Orxan