Milli səhnəmizdə ilk vokal ifaçılarından olan, şöhrəti ölkələr dolaşan sənətkarlarımızdan biri də Fatma Muxtarovadır. O, bənzərsiz istedadı - ecazkar və şaqraq (messo-soprano) səsi ilə bütün not düzümlərində özünü tam sərbəst hiss edib. O, eyni zamanda fərdi aktyorluq yaradıcılığı və hüsnü-təravəti ilə də seçilməyi bacarıb.
   
   Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. Erkən yaşında valideynləri Rusiyaya köçüb. Əvvəlcə Rostovda, bir neçə ildən sonra Sankt-Peterburqda məskunlaşıblar. Lakin çox keçmir, ailə ağır məhrumiyyətlərlə üzləşir. Səttar kişi vəfat edir. Peterburqda heç bir yaxın qohumu və simsarı olmayan ailə pənahsız-köməksiz qalır. Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran balaca Fatma bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Məsum qızcığaz əvvəlcə şarmanka çalıb-oxuyur. Sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. Yeni-yeni serenadalar, nəğmələr, hətta qədim rus romanslarını özünün “küçə repertuarı”na daxil edir. “Katya” təxəllüsü ilə tanınan Fatma, çox keçmir, rus meydan teatrının təmsilçilərinə qoşulur. Bir müddət küçə oyunbazları ilə şəhərləri gəzir.
   Günlərin birində yeniyetmə yaşına qədəm basan Fatma xalq teatrı truppasının tərkibində Saratova gəlir. İstedadlı müğənnini təsadüfən “Saratovskaya vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran olur. O, elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o daha ciddi sənət aləminə qovuşur.
   Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində çıxış etməyə başlayır. Qırmızı ordunun döyüş bölgələrində konsertlər verir. 1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflis opera teatrlarında oxuyur. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır. Bu səbəbdən də tez-tez bir teatrdan başqa bir teatra dəvətlər alır.
   Lakin Fatma Azərbaycan səhnəsində çıxış etmək arzusunda idi. Bu məqsədlə 1923-cü ildə Azərbaycan peşəkar teatrının 50 illiyi ilə bağlı bir təbrik məktubu göndərir: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram”.
   O, 1923-cü ildə Bakıya gəlir. İlk çıxışı da “Karmen” operasında olur. Bütün tamaşa boyu xanım Muxtarova sürəkli alqışlarla qarşılanır. Həmin vaxt Bakıda olan tanınmış rus rəssamı I.Brodski opera teatrında C.Bizenin “Karmen” tamaşasına baxır. Karmen rolunu F.Muxtarovanın ifasında dinləyərək bu bənzərsiz sənətçini dünyanın ən gözəl Karmeni adlandırır.
   1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür. Azərbaycan opera səhnəsində bənzərsiz obrazlar yaradır. Sənətin kamillik zirvəsinə çatan, vokal ifaçılığının ən zərif və emosional incəliklərini mənimsəyən Fatma xanım 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti işləyir. Mütəxəssislər onun yaradıcılığından bəhs edərkən əsas partiyaları bu düzümdə göstərirlər: Marfa və Marina, ("Xovanşina", Modest Musorqski), Lyubaşa, Bahar ("Çar gəlini" və "Qar qız", Nikolay Rimski-Korsakov), Amneris, Auzçena, Madalena ("Aida", "Trubadur" və "Riqoletto", Cüzeppe Verdi), Dalila ("Samson və Dalila", Kamal Sen Sans), Əzra ("Nizami", Əfrasiyab Bədəlbəyli). Onun yaradıcılığının zirvəsi isə Karmen partiyası idi. Bu partiyanı həm Azərbaycan, həm də rus dillərində bənzərsiz tərzdə oxuyardı.
   Onu da deyək ki, Fatma Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşev ilə birgə çıxış edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm çıxışlar edib. Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə vokal ustası, opera solisti, 1936-cı ildə Gürcüstanın Əməkdar artisti və 1940-cı ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün ixtiyar çağında, 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib.
   
   Savalan Fərəcov