Böyük Turan aləminin alovlu Azərbaycan Qələmi: “Molla Nəsrəddin”!
   
   Öz formatı boy-biçimində milli güzgü idi “Molla Nəsrəddin”. O tay-bu tay Azərbaycanın və Yaxın Şərqin uzaqvuran qələm-artilleriyası, zəmanəsinin ümummilli areal-aynası idi. Daşıdığı yarıreal-yarıəfsanəvi ad sahibi qədər ovqataçan, gülüşsaçan, toxunduğu problemlərin, mətləblərin mərdi ilə yollaşan, namərdini baltalayan, “keçəl-küçəl”liyi “mürur ilə qandıran”, “Dəmdəməki”liyin dədəsini yandıran idi...
   
   Öncə ənənəvi anım: “Molla Nəsrəddin” - 107...
   Zaman keçdikcə bu rəqəm də dəyişəcək, haçansa “1107”, “2007”, “3007” artımları ilə yazılacaq. “Axır-zaman” olmasa, çoxalmaqda davam edəcək, “Molla Nəsrəddin” adı isə əbədi qalacaq. “Bu qala bizim qala” bayatısındakı maddiliklər də zaman-zaman aşınacaq, yeniləri inşa ediləcək. Bu mənəvi qala isə, o bayatının son misrasında söylənildiyi kimi - “Qaldıqca bizim qala”caq. Yanında da öz memarı - böyük söz ustadı, cəfakeş qələm atası, öz dövründəki kütlələrin cəhalətdən xilaskarı, mayak-butası Cəlil Məmmədquluzadə...
   Millətinin irfan alnına çox tale izləri salmış Cəlil Məmmədquluzadə bu məcmuəni özünün yox, dövrün məhsulu kimi qələmə verib. Bunu, hamı tərəfindən məhz onun öz təşəbbüsü, təsisçiliyi, naşirliyilə meydana gəldiyi etiraf edilən bu jurnalın əvəzsiz, təkrarsız - baş yazarı deyirdi.
   Həmin jurnalın daha bir milli-mənəvi görəvi bu dahi hekayənəvis, dahi yazıçı-dramaturq və dahi ziyalını xalqa dahi jurnalist kimi də təqdim etməkliyi idi...
   Azərbaycan SÖZü ilə insan təfəkkürünün hər nöqtəsini ərzi-hal etmiş bu Mirzəmizi -
   
   Molla Mirzə

   
   də adlandırmaq olarmı, ey dil?!.
   Bəli, qoca Şərqin müdrik təfəkkür təmsilçisi, lətif lətifələr kanı, baməzəlik rəmzi, şifahi “yazıçı”sı - Molla Nəsrəddin ötən əsrin əvvəllərindən dahi Mirzəmizin (habelə onun əqidə və qələmdaşlarının) timsalında bu xalqların yazan əlinə, yozan qələminə, düzüb-qoşan təfəkkürünə çevrildi. 1906-cı il aprelin 7-də - öndə Azərbaycan olmaqla, düz 25 il türk-müsəlman dünyasına milli əxlaq və maarifçilik aşılayan, bu böyük arealın mədəni-mənəvi aləmini işıqlandıran “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Ədəbi-bədii və xüsusən mətbu dünyaya Gürcüstan paytaxtında göz açan məcmuə “Tiflis, 7 aprel” adlı ilk məqalə-bəyannaməsilə “bizi deyib gəlməyə” başladı.
   Bu məcmuəyə digər jurnallar ayağından yanaşıb, “nəşr edilməyə”, “çıxmağa” başladı demək günah olardı. Bu jurnal çaxmağa, işıq saçmağa, ziyalanmağa başladı!
   Və söhbət belə bir sual peşində: niyə Bakıda yox, Tiflisdə?..
   
   Belə-belə cavablar:
   
   Ordinar cavablardan öncə deyək ki, bunun bir sıra “tarixi-müqəddəm” səbəblərilə yanaşı, elə həmin jurnalda çıxan “Dəmdəməki” sərlövhəli felyetonda ərz edilən “əmma”ları da vardı. O Dəmdəməki ki, Mirzə Cəlil jurnal səhifələrində bu təxəyyül qəhrəmanı ilə tez-tez “məktub”laşır, belə-belə mükalimələşirdi: “Ay Dəmdəməki, bu nə zadlardı sən yazıb göndərirsən bizə? Bəs heç fikirləşmirsənmi ki, mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edərəm (guya çap etmir, ha!), Bakı qoçuları da namusa dolub çıxararlar tapançanı və səni orda və sonra da gəlib məni burda qanımıza qəltan edərlər?!”
   Ehtiyatlı ol, əziz oxucu, “mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edərəm” priyomunun fərqinə varmamısansa, oxumağa davam etmə. Yox, əgər elə deyilsə, paylaşaq: Bakıda baş verən eybəcərliklər, “qadın taifəsi” ilə (xüsusən, azyaşlı qızlarla) bağlı problemləri bütün detalları ilə çap etdikdən sonra, şərt kəsimi(!): “çap edərəm”...
   Daha bir səbəbi onun dahi məsləkdaşı Üzeyir bəy Hacıbəylinin bir felyetonundan da görmək olar: “Başqa ölkələrdə qəzet bağlansa, noolar? Biri deyər: - Vay, kor oldum! Biri deyər: - Vay, kar oldum! O biri deyər: - Vay, lal oldum! Bəs bizdə qəzet bağlansa, nə olar? Heç zad. Bir məşədi digərinə deyər: - Məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?”
   
   Sizi...
   
   Bu “siz”in içində bütöv bir millət dururdu...
   Bütün xalqlar içərisindən gedənlərin əksər faizi öz vətənlərindən birdəfəlik getmək fikri ilə gedir. Onların içində küsüb gedəni, xoş güzəran, keyf-damaq, paxır-pıxırından qaçmaq, repressiya-depressiyalardan can qurtarmaq üçün gedəni olur. Bizim ümummilli Mirzəmiz isə böyük gəliş üçün getmişdi.
   Sonralar doğma Vətənə - Bakıya qayıdası bu Mirzə özündən öncə, milyonlarla evə, beyinə, mənəviyyata astaca-ustaca daxil ola bilən bir elçi göndərmişdi. Bütün maddi-humanitar yardımların fövqündə olan təkrarsız milli-mənəvi “yardım”ını - “Molla Nəsrəddin”ini yollamışdı.
   “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!”
   Bu “müsəlman qardaşlar” yalnız elə qəzet-jurnal oxumaq kimi “qeyri-vacib işlər”i buraxıb “daha vacib əməllər”in (xoruz döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq və s.) dalınca gedən “keçəl-keçəllər”dən ibarət idimi? Yox, onlar həm də “bir boynuyoğun, yekəqarın adam görən kimi, onu məmur, qorxulu bəndə hesab edib oturduğu yerdən dik atılaraq, təzim edən “ən ayıq, ən xoşbəxt” müsəlmanlar (“İrəvan müsəlmanları”), bütün milli, xəlqi dərdləri unudub, üstünə milçək ləkəsi düşmüş bir ərəb əlifbası hərfinin məna dəyişiminin (uşaq “olub”, yoxsa “ölüb”?!) “çort”una getmiş “həriflər” (“Nigarançılığın sonu”), beş-üç il Rusiyada yaşayıb, geri qayıdarkən ağzıdualı anasına küftə əvəzinə “qofta” bişirməyi təklif edən “abrazovannı”lar idi. Bu dərdlərin ən obrazlı izharı isə böyük jurnalist-publisistin “Meşədə gördüklərim” felyetonunda əks olunub: “Bir əcnəbi redaksiyamıza gəlib, Şirvan bölgəmizdən silsilə yazılar hazırlamaq istəyilə məcmuəmizin vəsiqəsini istədi. Verdik. Getdi və tez-tez yazılar göndərməyə başladı. Onun məqalələrinin mövzusu müxtəlif olsa da, başlıqları eynidir: “Meşədə gördüklərim...”
   Təkcə öz “meşəliklərimiz”lə yox, yaxın-uzaq cəngəl-əngəlliklərlə də məşğul olan jurnalın 9 aprel 1911-ci il sayından:
   “Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.
   Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstanbul ilə münasibətdədir, İstanbuldan göndərilmiş siyasi agentlər yuvasıdır.
   Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə Osmanlı fəsləri geyirlər. Xülasə, xəyanət tədarükü görülür”.
   Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa.
   Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi ...başlı firqədaşları indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur.
   Məsələn, bir camaatın ki ticarət sinfinin rəisi ola S.M.Toppuzov, - o camaatın içi boşdur.
   Bir millətin ki üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, - o millətin içi boşdur.
   Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.
   Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, - hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar.
   Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.
   Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey hesab edir...”
   
   Bu məcmuə - Milli ocaq...
   
   Bəli, Mirzə Cəlilin “Molla Nəsrəddin”i bu millətin milli ocağı idi. Bu ocağın başına canları millətin çeşid-çeşid problemlərindən buz bağlamış ədiblər, ziyalılar, ictimai dərd ortaqları, ictimai qələm əhli toplaşırdı: baş Mirzənin səsinə ilk səs verən Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirz Əli Möcüz və başqaları.
   Bu jurnal dövrün universal nəşriyyatı rolunu oynayırdı. Müəlliflər, oxucular, bütün dərd-sərlilər ürək-diləklərindən keçən hər mətləbi bu xiridar “nəşriyyat”da çap etdirirdilər. Bu məhsulların hər biri də ümumxalq mənəviyyat-mədəniyyət “bazar”ının baş matahı dəyərində, milli səhhət mahiyyətində idi.
   M.Ə.Sabir bu məcmuədə yuxulu gəncliyə belə səslənirdi:
   
   Pa atonnan! Nə ağır yatdı bu oğlan, ölüb ə!
   Nə də tərpənməyir üstündəki yorğan, ölüb ə!
   
   Əli Nəzmi yazırdı:
   
   “Dil” var ikən, gəlin “lisan” deməyək,
   Döndərib farscaya “zəban” deməyək.
   Ərəbi göndərək öz evlərinə,
   Farsa da - qal bizdə “mehman” deməyək.
   
   Bu jurnalın nəinki təkcə o dövr qədir-qiymətini, habelə perspektiv şan-şöhrətini bilən məşhur alman və polyak rəssamlar - O.Şmerlinq və İ.Rotter də “Molla Nəsrəddin”çi olmaqdan qürur duyurdular. Böyük soydaşımız Əzim Əzimzadə isə “Molla Nəsrəddin”dəki işlərilə həm də milli karikatura yaradıcılığımızın bünövrəsini qoydu, banisi oldu.
   “Molla Nəsrəddin” bütün nəşri dövründə o çağ yaradıcılarımız üçün, yuxarıda dediyim kimi, ən universal nəşriyyat, ümummilli auditoriya, tribuna, müasir radio-televiziya rolunu oynadı. Dövrün digər qəzet və jurnallarından fərqli olaraq, “Molla Nəsrəddin”də çap edilən, imzası görünən müəllifin milli dəyəri, milli təəssübkeşliyi birmənalı qarşılanır və bu gün də eləcə dəyərləndirilir. O vaxta qədər də az yazmamış M.Ə.Sabirin bu gün başqalarından seçib-sevdiyimiz Sabirə çevrilməsinin də əsas səbəbkarı məhz “Molla Nəsrəddin” idi.
   1906-cı ildən Tiflisdə alovlanan bu Azərbaycan dilli, ümummilli misilli ocağımız 1918-ci ilədək Tiflisdə nəşr olundu. 1921-ci ildə sovet-bolşevik küləyindən sönmə ehtimalı ilə Təbrizə köçdü. 1922-ci ildə yenidən Bakı... Və 1931-ci ilə - böyük naşirin vəfatına qədər burada nəşr edildi.
   Saylarının sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni qədir-qiyməti, milli oyanışımızda oynadığı rolu intəhasız olan bu jurnal haqda bir qəzet səhifəsində bundan artıq nə demək olardı ki?!
   Xitabim təkcə müasir oxuculara deyil, həm də Sizədir, ey 107 il bundan əqdəm bizi deyib gələn, hər bir Vətən övladının boynunda halal-haqqı olan və əbədi olaraq bizimlə qalan “qoca Molla Nəsrəddin”, uca Mirzə Cəlil!..
   
   Tahir Abbaslı