Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Bayram xan Baharlı” kitabının təqdimatı oldu.
   
   Tədbiri Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədli açaraq bildirdi ki, türk dünyasının görkəmli şairi və dövlət xadimi Bayram xan Baharlıya həsr olunan kitab Azərbaycan tarixinə, ədəbiyyatına yeni bir töhfədir. O, nəşrin ərsəyə gəlməsində Sevda xanım (Baharlı) Məmmədovanın dəstəyini xeyirxahlıq nümunəsi adlandırdı.
   Qeyd olundu ki, Bayram xan Baharlı Azərbaycan xalqının tarixində və ədəbi irsində mühüm rol oynayıb. Ancaq xeyli vaxt etnik mənsubiyyəti müəmmalı qalıb. Uzun müddət ədəbi ictimaiyyətə özbək, daha çox isə türkmən xalqının görkəmli nümayəndəsi kimi təqdim edilib. Ancaq gec də olsa, bu görkəmli şəxsiyyətin kimliyinə bir aydınlıq gəldi, Bayram xan Baharlının məhz azərbaycanlı olduğu gün üzünə çıxdı.
   Araşdırıcı Orxan Baharlı bildirdi ki, Baharlılar dövlətçiliyimizin və mədəniyyətimizin inkişafında mühüm xidmətləri olan Azərbaycanın ən qədim tayfalarından biridir. Dünyanın dörd bir yanında (İranda, Hindistanda, Özbəkistan və Türkmənistan) yaşayıb-yaradıblar, harada olmasından asılı olmayaraq, həmişə seçilib-fərqləniblər. Ötən əsrin 37-ci illərində isə repressiya tufanı onlardan da yan keçməyib.
   “Şuşa” nəşriyyatının direktoru Vasif Quliyev Ənvər Çingizoğlunu təbrik etdi, onun ərsəyə gətirdiyi kitabı oxucular üçün dəyərli töhfə adlandırdı.
   Tarix üzrə elmlər doktoru, professor Ədalət Tahirzadə Ənvər Çingizoğlunun Avşar, Qacar, Cavanşir, Baharlı kimi görkəmli Azərbaycan tayfaları haqqında kitablar, yüzlərlə məqalə yazdığını nəzərə çatdırdı, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
   Bakı Slavyan Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mahal Qacar, tarix və texnika elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, yazıçı-jurnalist Məhəmməd Baharlı, sabiq millət vəkili Aydın Əliyev (Avşar), Respublika Hərb Tarixi Muzeyinin “Arxiv fond” şöbəsinin rəis müavini Lalə Hüseynova, şair Oqtay Rza və başqaları kitab haqqında ürək sözlərini bildirdilər.
   Sonda Nəcəfqulu bəy Şeydanın nəticəsi, Baharlılar nəslinin tanınmış ziyalı xanımı, Sevda Məmmədova (Baharlı) çıxış edərək Ənvər Çingizoğluna və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
   
   Savalan Fərəcov