2500 il bundan əvvəl inşa olunmuş sarayın qalıqları qədim tariximizə işıq salır
   
   Şəmkir rayonunun Qaracəmirli qədim yaşayış məskəni ərazisində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin təqdimatına həsr olunmuş elmi konfrans keçirilib. 
   Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, Şəmkir şəhərində keçirilən konfransın iştirakçıları əvvəlcə orta əsrlərə aid edilən Şəmkir qalasında tapılan qiymətli arxeoloji materiallara yerində baxış keçiriblər. Qaracəmirli kəndindəki qədim şəhər yeri ilə maraqlanan qonaqlar ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri ilə tanış olublar.
   Xatırladaq ki, Şəmkirin qədim yaşayış məskənlərindən hesab olunan Qaracəmirli kəndində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəlki əsrlərə təsadüf edən şəhər yeri müəyyən olunub. Burada Qafqazın ən qədim tikilisi, təxminən 2500 il bundan əvvəl inşa olunmuş saray tipli inzibati bina aşkarlanıb. Binada səkkiz otaq və bir neçə sütun müəyyən edilib. Binanın bünövrəsi çınqıl daşdan, divarları isə o dövr üçün səciyyəvi olan çiy kərpicdən tikilib.
   Konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Şəmkir rayonu ərazisində aparılan arxeoloji qazıntıların Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, aşkar olunmuş tapıntılar nəticəsində tarixi keçmişimiz haqqında, xüsusilə Şəmkirin qədim tarixi barədə indiyədək elmə məlum olmayan çoxlu yeni faktların üzə çıxdığını söyləyib.
   AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şəmkir-Qaracəmirli beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü İlyas Babayev ərazidə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib, qazıntıların peykdən çəkilmiş xəritə vasitəsilə aparıldığını bildirib.

   Almaniya səfiri Şəmkirdə alman tarixi izləri ilə tanış olub
 
  
   Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle avqustun 22-də Şəmkir rayonunda olub. Səfər çərçivəsində diplomat rayon İcra Hakimiyyətində keçirdiyi görüşdən sonra Şəmkir şəhərinin mərkəzində “İstiqlal” parkını gəzib, vaxtilə burada almanların yaşadıqları küçələrdəki evlərə baxıb. Səfir 1909-cu ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsinə də baş çəkib, kilsənin təmiri ilə əlaqədar yerli hakimiyyət orqanlarının rəhbərləri ilə söhbət edib.
   Sonra Herbert Kvelle rayonun Qaracəmirli kəndində alman mütəxəssisləri tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Burada alman alimləri səfirə qazıntı zamanı aşkar edilmiş Şəmkir qalası haqqında məlumat veriblər.