Prezident İlham Əliyev noyabrın 23-də Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2011-ci ilin dekabrında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, Əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 ili tamam olur. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərib. Onun jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb.
Sərəncamda Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinə Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin təkliflərini nəzərə almaqla, Əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, görkəmli jurnalist, pedaqoq, professor N.İmanquliyev 1911-ci il dekabrın 22-də anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub. 1998-ci ildə vəfat edib.