Həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əsərləri Sankt-Peterburqda nümayiş etdirilib
   
   Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı ölkəmizin həvəskar rəssamlarının və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi açılıb. Sərgidə 56 müəllifin 120-dək rəngkarlıq və dekorativ-tətbiqi sənət əsəri nümayiş etdirilib.
   
   Tədbir Rusiya Etnoqrafiya Muzeyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı, şəhər administrasiyasının və “Sankt-Peterburq Azərbaycan diasporu” regional ictimai təşkilatının dəstəyi ilə həyata keçirilib. Sərgidə xarici diplomatlar, Azərbaycan diasporunun təmsilçiləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin himayəsində olan Sankt-Peterburq 163 nömrəli məktəbin şagirdləri iştirak edib.
   Rusiya Etnoqrafiya Muzeyinin direktoru Vladimir Grusman 2009-cu ildə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə keçirilən “Odlar yurdu” sərgisini xatırladaraq, muzeydə Azərbaycan sərgilərinin keçirilməsinin ənənəvi hal olduğunu diqqətə çatdırıb. V.Grusman bu sərginin xalqlar arasında mədəni dialoqa töhfə olduğunu deyib. Sankt-Peterburq Administrasiyası xarici əlaqələr komitəsinin sədri Aleksandr Proxorenko Azərbaycanla mədəni əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib.
   Baş konsul Qüdsi Osmanov Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin xüsusi rolunu vurğulayaraq, nümayəndəlik tərəfindən Sankt-Peterburqda həyata keçirilən layihələr barədə məlumat verib. Baş konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tapşırığı ilə muzeyə “Muğam triosu” bədii kompozisiyasını hədiyyə edib.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov sərgidəki rəsm və tətbiqi sənət əsərlərinin Azərbaycan xalqının zəngin mədəni irsinin nümunəsi olduğunu qeyd edib.