Yaxşı deyilib ki, uşaqlar  bizim gələcəyimizdir.  Güclü və sağlam gənclik isə gözəl gələcəyin ən yaxşı təminatçısıdır. Məhz bu amillər nəzərə alınaraq,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il uşaqlara qayğı və sevgi ili elan olundu. Dövlət başçısının  imzaladığı bu fərman uşaq təşkilatlarının, mərkəzlərinin, mətbuatının üzərinə böyük  məsuliyyət yükü qoymuşdur. Elə bunları nəzərə alaraq “Tumurcuq” uşaq qəzetinin redaktoru Səməd Məlikzadə ilə görüşdük.  Məqsədimiz qəzetin fəaliyyətini, bu illə bağlı planlarını işıqlandırmaqdır.
Söhbətimizin əvvəlində Səməd Məlikzadə bildirdi ki, “Tumurcuq” uşaq qəzeti 1996-ci ildən balaca oxucularının görüşünə  gəlir. Latın qrafikası ilə  çıxan ilk uşaq mətbuat orqanı olub. Qəzetin ilk sayının işıq üzü görməsinə xalq şairi B. Vahabzadə və xalq yazıçısı Anar  dəstək vermişlər. ”Tumurcuq” əsasən aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Lakin böyüklər də onu maraqla oxuyurlar.

- Səməd müəllim , “Tumurcuq”  digər mətbuat orqanlarından nə ilə seçilir?

- Əvvəla, “Tumurcuq” qəzeti “Günəş”, “Göyərçin”, “Savalan” və başqa uşaq mətbuatından çox gəncdir.  Qəzetimizdə türk, ingilis, rus dillərində uşaq ədəbiyyatından nümunələr  veririk. Qəzetdə dərc olunan hekayələr, nağıllar, ədəbi materiallar dərsliklərdə yoxdur. Bunlar uşaqlara sinifdən xaric oxu   materialları kimi təqdim olunur. Çalışırıq ki, uşaqlara mənəvi dəyərlərimizi aşılayaq, onlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşdıraq. Bununla bağlı olaraq mütəmadi olaraq türk xalqlarının ədəbiyyatından maraqlı mövzular dərc  edirik. Tez-tez zəngin folklor nümunələrimizə də müraciət edirik.

-  Materialları necə əldə edirsiniz? Mütəmadi olaraq sizə yazanlar var?

 Uşaqlar üçün yazmaq çox çətindir.  Uşaqların psixologiyasını bilmək çox vacibdir.  Bu məsələdə  təkcə “Tumurcuq” deyil, bütün mətbuat orqanları əziyyət çəkir. Ona görə ki, uşaqlar üçün yazanlar azdır. Gənclər arasında isə demək olar ki, yoxdur. Biz özümüz arxivlərdə və digər mənbələrdə axtarışlar aparır, materiallar toplayırıq. Bu yaxınlarda Fikrət Qocanın uşaq şeirlərini çap etmişdik. O şeirləri ki, Fikrət müəllimin özü də  unutmuşdur. Bölgələrdən də  davamlı olaraq ədəbi nümunələr göndərirlər. Tacəddin Şahdağlını xüsusi ilə qeyd etmək istərdim. Bundan başqa Zahid Xəlil, Fikrət Sadıq, Oqtay Rzanın uşaq şeirlərinə  müraciət edirik.

- Uşaq ili ilə bağlı nələri həyata  keçirmək istərdiniz?

- İlə yeni başladığımız üçün hələ bütün planlar barəsində danışmaq tez olardı. Amma bu il uşaq evlərinə , xəstə uşaqlara diqqəti daha da artıracağıq.  “İstedadlı uşaqlar” axtarışımızı bu il də davam etdirəcəyik.

- Rəqabət var?

- Əlbəttə. Biz bacardığımızı edirik.  Düşünürəm ki, “Tumurcuq” öncüllərdəndir.

- Uşaqlar sizə nə yazırlar?

- Arzularından, istəklərindən, bizə olan sevgilərindən. 

- Bəs siz onların könüllərini necə alırsınız?

- Onların ilk addımlarını işıqlandırmaqla, istəklərinə uyğun yazılarımızla.

- Görmək istədikləriniz...

- Bu gün dövlətimiz hərtərəfli inkişaf edir. İnanıram ki, uşaq mətbuatı bir neçə ildən sonra bundan  daha keyfiyyətli olacaq. Səviyyə dəyişməlidir. İstərdim xarici ölkələrdə olduğu kimi bizdə də uşaq  telekanalları olsun.  Uşaqlarımızı müasir ruhda böyüdək. 

Sevinc Asifqızı