S.İmanova: ”Mən ifamı bəyənənlərə təşəkkür, bəyənməyənlərdən üzrxahlıq edirəm”..
  
   Simarə xanımın ifa səsi nə qədər zildirsə, danışıq səs-səmiri o qədər bəmdi. Mahnı-muğam avazı “yeddi oba o yan”lıqdan eşidilən bu qızın söhbət-sədası bir addımlıqdan da mənzillənmir qulaqda. Xüsusilə müsahibə nitqi. Bunun səbəbini də soruşduq sorğu zamanı, o isəkonkret cavab əvəzinə, bir gün bizim “günümüzə” saldığı bir şəfqət bacısı haqda söhbət açdı...
   
   - Simarə xanım, ifaçılıqda ilk söz musiqinin, qəzetçilikdə isə elə sözün özünündür. İndi deyin görək, oxucuların sevə-sevə dinlədiyi bu Simarə xanım İmanova kimdir?
  
- Əvvəla, məni yad etdiyinizə görə təşəkkür edirəm. Qaldı kimliyim, - mən 1976-cı ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşam. Sonra orta məktəb, daha sonra Bakı - Asəf Zeynallı adına Musiqi Məktəbi. Vəssalam.
   - Hələ “südtamam” da var. “niyyətin hara, mənzilin ora” “marşrutu” üzrə davam edin. Sizi sənət aləminə səsiniz gətirdi, ya həvəsiniz?
  
- Anamın təsiri ilə musiqiyə böyük maraq yaranmışdı məndə. Bu səs də mənə elə ana tərəfdən keçib; ustad Yaqub Məmmədov anamın yaxın qohumudur.
   Məktəb vaxtlarından konsertlərdə, mədəni tədbirlərdə iştirak etməyə həvəsim olub. Üçüncü sinifdəykən, necə deyərlər, adım qulağıma dəyib.
   - Haçan, hansı məqamda hiss etdiniz ki, gələcəkdə muğam ifaçısı olacaqsınız?
  
- Müəllimlərimdən bir neçəsinin səsimə verdikləri “5”lərdən sonra qərara aldım bunu. O şifahi “5”lər içimdə bir səs yaratmışdı. “Sən müğənni olacaqsan, Simarə!”
   - O qaibanə səs hansı muğam üstdə deyirdi bu sözləri?..
  
- O cür həzin pıçıltıları, kövrək ismarışları «Segah» edər, əlbəttə...Bilirsiz, valideynlərim razı deyildilər mənim bu sənətə yönəlməyimə. Onlar məni həkim kimi görmək istəyirdilər. Lakin mən sənədlərimi gizlincə A.Zeynallı adına Musiqi Kollecinə verdim. Baxmayaraq ki, yüksək bal toplamışdım - mən konservatoriyaya da qəbul oluna bilərdim Mədəniyyət və İncəsənət Universitetinə də.
   Nədən ki istəyirdim muğamı sıfırdan başlayıb öyrənim. Kollecdə muğam müəllimim böyük sənətkarımız, xalq artisti Ağaxan Abdullayev idi. Mən muğamları onun sayəsində öyrənib oxuyurdum. Birinci kursdaykən düzənlənən müəllim-tələbə konsertində mənim adımı da siyahıya Ağaxan müəllim yazmışdı.
   - Deyəsən, xaricə qastrol səfərlərinə də erkən yaşlardan başlamısız?
  
- Mənim ilk səfərim 1995-ci ildə Paris şəhərinə olub. O da müəllim-tələbə formatlı konsert idi. Peşəkar səhnəyə ilk addımlarımda xalq artisti Zamiq Əliyevin də çox böyük köməkliyi olub. Biz o vaxt dünya sənət “kəşfiyyatımızla” Parisi də fəth etdik.
   - Bütün ifaçılar tez-tez belə bir trafaret sualla da qarşılaşırlar: «Ən çox hansı muğamı, hansı mahnını sevirsiz?»
  
- Muğamları, xalq mahnılarını bir-birindən ayırmaq çətindir, daha doğrusu, insafsızlıqdı. Hərəsinin özünəməxsus gözəlliyi var. Nəsildən-nəslə keçən xalq mahnılarımıza, muğamlarımıza hərə yeni bir nəfəs gətirir.
   - Hərə «bir nəfəs» sözünüz məndə «növbətçi» bir sual doğurdu: bugünkü gəncliyimiz bu qədər çalıb-oxumağa ki meyillidir, sabah ölkəmiz intellektləşmədən qopub müğənniləşmə təhlükəsilə üzləşməzmi?
  
- Bəli, hamı deyir kaş mən də müğənni olaydım; səsi, qabiliyyəti olan da, olmayan da. “Kaş gözəl səsim olaydı” başqa sözdü, “kaş müğənni olaydım” başqa. Kaş hərbçi olaydım, inşaatçı, rəssam, ixtiraçı və s. olmaq istəyən çox azdı. Heç kim Koroğluya oxşamaq istəmir. İndi mənəm-mənəmlik, özünü öyha-öylük baş alıb gedir.
   - Və bu qarmaqarışıqlıqda daha çox əsl sənət və sənətkarlar itirir...
  
- Əlbəttə. Hələ yaxşı ki, əsl sənət və sənətkarların hamisi tapıldı! YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müdrik xalq sənətimizin məna-mayasına, muğamımıza , bu təkrarsız irsimizin davamçılarına böyük qayğı göstərir. Hazırda mən Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyirəm. Görürəm ki, muğamımıza xüsusi bir hörmət-izzət yaranıb, anlaşıqlı bir axın yaranıb. Amma bəzi valideynlər bu ciddi məsələyə gərəyincə yanaşmırlar: səsi oldu olmadı, istəyirlər ki, övladları oxusun, «məşhur olsun». Belələri düşünmür ki, hər hansı miyanə bir müəllimin saqqalı altından keçirdiyi o övladı xalqının zövq imtahanından çıxa biləcəkmi? Allah vergisi, istedad ayrı şeydi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sənətimizin inkişafı naminə hədəflərində «istedadlıya kömək etmək lazımdır, istedadsızlar özlərinə onsuz da yol tapacalar»- deyimi çox aydın sezilir. Bilirsiz, yaxşı səs, avaz, istedadlı ifa eşidən neçə-neçə oğul Qarabağa bir az da ürəknən, qəlbnən gedər. Özünü Vətən yolunda fəda edar. Səslər var ruh gətirər, səslər var - ah. Məsələn, Bülbülü, Rəşid Behbudovu eşidəndə adamın yadına öz yarı ilə bahəm, şal-şəlaləli, çeşməli-bulaqlı, dağlı-aranlı Vətən sevgisi də düşür!..
   - Bir vaxt cəbhənin Füzuli səmtindən yaralı bir əsgər sizin “Yar bu gecə, bu gecə” mahnınızla sağaldığını yazıb. Sizin həkimliyiniz də var?
   - Sualınız həm də cavab kimi səsləndiyindən susmağa üstünlük verirəm.
   - Hansı muğamda özünüzü daha rahat, daha gümrah, belə demək mümkünsə, daha vətəndaş hiss edirsiniz?
   - Ümumiyyətlə, özümə qulaq asmaqdan xoşum gəlmir. Amma saf-çürük etmək üçün hərdən özüm də özümün tamaşaçım, dinləyicim olur və görürəm ki, «Segah»... Bu muğam yaxşı günlərimi də, çətin günlərimi də yada salır.
   - İndi mənim sualım sənətçi Simarə İmanovaya yox, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Simarə İmanovayadır. Əksər marşrut avtobuslarında Mir Möhsüm Ağanın şəkli, əksər ifaçılarımızın sevgi «menyu»sunda «Segah»... Nədən Azərbaycan xalqı bədbinliyə, ağlamağa, zəlil-əlilliyə bu qədər meyillidir?
   - Mən bu suala belə cavab verərdim: birincisi, uşaqlıqda analarımız bizə laylanı «Segah» üstündə deyir. Yəni bu həzinlik bizim qanımıza elə körpəlikdən hopur. Bəlkə elə buna görə, bizim millət bu qədər gövrəkdir. Məncə, əgər ana ona döyüşkənlik ruhunda layla çalsaydı, bəlkə uşaqlar valideynə bu qədər hörmətlə yanaşmazdı. O uşağın içində tamam başqa ruh yaranar, başqa ruhda böyüyərdi. Avropada uşaq tərbiyəsi tamam başqadır. Müəyyən yaşdan sonra valideyn ona söz deyə bilməz. Bizdə isə elə deyil, böyük-kiçik yeri bilinir.
   - Bəs dost-düşmən yerini də bilirikmi? Fərqinə varaq ki, bir vaxt başqa motivlərdə böyüyən Avropa uşaqları indi daha böyük işlər görür, “layla” ilə böyüyənləri İnternet və s. “knopkalarla” idarə edirlər.
   -Bilirsiz, bu mövzu haqda illərlə, aylarla danışmaq olar. Bizim peyğəmbərimiz deyib ki, beşikdən qəbir evinə kimi oxumaq lazımdır. Əgər insanın savadı olarsa, bütün mərhələləri keçə bilər. Bu gün bizim uşaqların savadlı böyümələri elə hər şey deməkdir.
   - Siz həm sənətçi, həm ana, həm də müəllimsiniz. Pərəstişkarlarınızın, övladlarınızın, tələbələrinizin zövq, mərifət və intellektual tərbiyəsində bayaqdan toxunduğumuz elementlərdən xilas yolunu nədə görürsünüz?
  
- Övladlarıma da, tələbələrimə də deyirəm ki, layiq olduğunuz işin qulpundan yapışın, layiq olduğunuz məsələdə sonadək gedin, çalışın. İstedada da körpə uşaq kimi baxın. Onu düzgün yönəltməsən, sənin üçün əngələ çevriləcək. Valideyn uşağı necə yönəldirsə, o da elə gedir: düz yönəltsən düz, əyri yönəltsən əyri.
   - Bu qədər gur səsi olan müsahibim niyə bu qədər bəm danışır?
  
- Bu sualı mənə bir-neçə il əvvəl xəstəxanada yatarkən bir tibb bacısı da vermişdi. “Oxuyanda o nə gurultu, danışanda bu nə pıçıltı?!”-demişdi.
   - Nə cavab vermişdiniz?
  
- Demişdim orda muğənniyəm, burda qadın...
   - Son sözünüz..
  
- Mənim ilk sözüm də, son sözüm də ümummilli liderimiz Heydər Əliyevə alqış olub həmişə. Mənim bu sənətdə xeyir-duamı ulu öndərimiz verib.
   - Hansı məqamda?
  
- Bir zaman dedilər ki, gənclər prezidentin qarşısında çıxış etməlidirlər. Mən də çıxış etdim. Birinci dəfə H.Əliyev orada dedi ki, sənin yaxşı səsin, istedadın var.1997-ci ildə Özbəkistanın “Səmərqənd” şəhərində 46 ölkənin iştirak etdiyi “Şərq təranələri” festivalı keçirilirdi. Hər ölkə öz folklorunu nümayiş etdirirdi. Orada mən “Qran-pri” mükafatı qazandım. Oradan qayıdanda mənim 19 yaşım tamam olurdu. H.Əliyev bizi qəbul edəndə dedi: “Mən bilirdim ki, sən birinci yeri yox, məhz “Qran-pri”ni qazanacaqsan. Nə xoşdur ki, Azərbaycan muğamı bu mükafata layiq görüldü!”
   - Söhbətimizin bu məqamında nə ovqatdasınız, bax bu an oxucularımız üçün hansı muğamı oxuyardınız?
   -
“Mirzə Hüseyn segahı”nı oxuyardım.
   - Yenə “Segah”?..
  
- Hə. Sonra da “Heyratı”.
   - Gəlin elə “Heyratı” üstündə sağollaşaq.
  

   T.Abbaslı