Gültəkin Hacıyeva:
   «Ölkəmizin İslam Konfransı Təşkilatı ilə münasibətlərinin dərinləşməsi təqdirəlayiqdir»

   
   İKT Azərbaycanın müstəqillik əldə etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır. Maraqlıdır, bu quruma üzv olduqdan sonra Azərbaycanın ictimai həyatında, dünyadakı siyasi mövqeyində nə dəyişdi? Ölkəmiz hansı üstünlükləri əldə etdi?
   Bu və digər suallarla millət vəkili Gültəkin Hacıyevaya müraciət etdik.
   
   - İlk öncə qeyd etmək istəyirəm ki, 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması Azərbaycanın İslam dünyasındakı artan nüfuzunun etirafı deməkdir və bu, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdi, 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzvünə çevrildi. Elə həmin ildən etibarən ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar sırasında İslam Konfransı Təşkilatı da vardı. Onu da qeyd etmək istəyirəm ki, İKT yeganə beynəlxalq təşkilatlardandır ki, bu qurum çərçivəsində istər bəyanatlar, istər rəsmi sənədlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi birmənalı olaraq dəstəklənir. Eyni zamanda təşkilat Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hər zirvə toplantısında müəyyən sənədlər qəbul edir, bəyanatlar verir və problemə münasibətini açıq-aşkar ortaya qoyur.
   - Bəzən cəmiyyətdə bu təşkilata üzvlüklə və İslam dünyası ilə əlaqələrlə bağlı kifayət qədər skeptik yanaşma olur. Bəziləri «axı İslam dünyası nəyi həll edir, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində İslam ölkələrindən nə uma bilər»- deyə suallar verirlər. Necə hesab edirsiniz, belə düşünənlər İslam dünyasının əhəmiyyətini azaltmırlarmı?
   - Müəyyən mənada bu sualların əsası da var. Çünki bu gün dünyanı idarə edən qüvvələr sırasında, dünya siyasətinin qlobal oyunçuları arasında bir İslam dövləti belə yoxdu. Lakin buna baxmayaraq, İslam dünyasının əhəmiyyətini də azaltmaq düzgün deyil. Birincisi, ona görə ki, Azərbaycan dünyəvi dövlət olsa da ölkə vətəndaşlarının əksəriyyəti İslam dininə sitayiş edir və dinimiz dilimizlə birlikdə Azərbaycan mənəviyyatının ayrılmaz tərkib hissəsidir. Hər bir millətin ruhunu yaşadan başlıca iki komponentdən biri onun dilidirsə, ikincisi dinidir. Bu baxımdan, Azərbaycanın İslam dünyası ilə əlaqələrinin genişlənməsinə həm təbii baxılmalıdır, həm də bu hal təqdir edilməlidir. Digər tərəfdən, İslam ölkələrinin müəyyən beynəlxalq formatda, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana verə biləcəyi dəstəyin çəkisini də azaltmaq olmaz. Ən azı son ayların hadisələri sübut etdi ki, Azərbaycan İslam dünyası ilə əlaqələri möhkəmləndirməkdə çox düzgün addım atıb. Mən bir neçə məqamı xatırlatmaq istəyərdim. 2008-ci il martın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı məsələ müzakirəyə çıxarıldı. Burada Azərbaycanı dəstəkləyən 39 ölkənin böyük əksəriyyəti İslam Konfransı Təşkilatına üzv olan ölkələr idi. Bu ölkələrin hər biri beynəlxalq təşkilatlarda bir səsə malikdir və hər bir ölkə Azərbaycana bir səslə dəstək verə biləcəksə, bu, onlarla səs deməkdir. Bu baxımdan Azərbaycanın İslam Konfransı Təşkilatı ilə münasibətlərinin dərinləşməsi çox təqdirəlayiq haldır.
   - Məlum olduğu kimi, İslam Konfransı Təşkilatının mədəniyyət bölməsi - İSESKO tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xoşməramlı səfir seçilib. Bunu İslam ölkələri tərəfindən ölkəmizə verilən dəyər kimi qiymətləndirmək olarmı?
   - Mehriban xanımın YUNESKO ilə bərabər İSESKO-nun xoşməramlı səfiri kimi dünyaya təqdimatı Azərbaycanın özünün ən uğurlu təqdimatı deməkdir. Bu, Azərbaycanın Qərb dəyərlərinə, Qərb mədəniyyətinə inteqrasiyasının bir tərəfdən göstəricisidirsə, digər tərəfdən, öz köklərinə, milli-mənəvi dəyərlərinə bağlılığının təcəssümüdür. Bu faktın özü Azərbaycanı sivilizasiyaların kəsişməsində yerləşən bir ölkə kimi xüsusilə maraqlı edir. Elm sahəsində məşhur bir kələm var, deyirlər, ən dahi kəşflər müxtəlif elm sahələrinin qovşağında yaranır. Bunu gündəlik həyatın bütün sahələrinə, eyni zamanda mədəniyyətə, siyasətə də tətbiq etmək olar. Ən böyük mədəniyyətlər sivilizasiyaların qovşağında yaranır. Bu baxımdan coğrafi mövqeyinə görə mühüm bir bölgədə yerləşən, Orta Asiya ilə Türkiyəni, İranla Rusiyanı, geniş anlamda Şərqlə Qərbi bir-birinə bağlayan Azərbaycan mədəniyyətlərin təmas xətti kimi dünya üçün çox maraqlıdır. Ola bilsin dünya Azərbaycanın bu anlamda əhəmiyyətini hələ dərk edə bilməyib. Ancaq gec-tez Azərbaycan dünyaya açılacaq və dünya Azərbaycanın bir modern dövlət olaraq, eyni zamanda İslam dininə etiqad edən insanların vətəni olaraq, Avropa dəyərlərini əxz etmiş, Qərbə inteqrasiya edən nə qədər unikal bir məkan olduğunu anlayacaq. O zaman Azərbaycanın beynəlxalq aləmdə çəkisi sözsüz ki, daha da artacaq.
   - Deyirsiniz ki, İslam dini Azərbaycan insanının mənəviyyatının təməlində duran sütunlardan biridir. Bu baxımdan biz İslamı öz övladlarımıza öyrətməliyik. Eyni zamanda dünyaya çıxış üçün Qərbə inteqrasiya da lazımdır. İslam dini ilə Qərb dəyərləri arasında ziddiyyətin mövcudluğunu deyənlər də var. Sizcə, bu baxımdan biz hansı çətinliklərlə üzləşə bilərik?
   - Əslində Qərb dəyərləri deyilən anlayış mahiyyət etibarilə İslam dəyərləri ilə nəinki ziddiyyət təşkil edir, əksinə, mən deyərdim ki, onların arasında bir vəhdət var. İslam dini dünyəvi dinlərin ən sonuncusudur və ən mükəmməlidir. Sonuncu din olduğu üçün də özündən əvvəlki bütün dünyəvi dinlərin, həm xristianlığın, həm musəviliyin ən müsbət tərəflərini özündə əks etdirir. İslam dünya dinləri arasında ən tolerant və ən böyük dözümlülük nümayiş etdirən dindir. Bəlkə də İslamın bu tolerantlığı onun qısa bir müddət ərzində geniş arealda yayılmasının başlıca səbəbi olmuşdur. İslam ailə dəyərlərinə, eyni zamanda Qərbin başlıca dəyər olaraq qabartdığı şəxsi azadlıqlara üstünlük verən, mülkiyyət hüququnu müqəddəsləşdirən bir dindir. Konstitusiyamıza görə, şəxsi mülkiyyət toxunulmazdır. İslam dininə görə isə şəxsi mülkiyyət müqəddəsdir. Və əgər nəzərə alsaq ki, Avropa hüquqi məkanında insan hüquqlarını qoruyan ən işlək mexanizm Avropa Məhkəməsidir, bu məhkəməyə edilən müraciətlərin 70-80 faizi şəxsi əmlak hüquqlarının pozulması zəminindədir, onda görərik ki, əslində İslam dininin prinsipləri ilə Avropa hüququnun prinsipləri arasında nəinki ziddiyyətlər var, əksinə, çox ciddi bir harmoniya var. Bu baxımdan mən İslam dəyərləri dedikdə Avropa üçün yad prinsipləri deyil, bu gün dünyanın qəbul etdiyi mütərəqqi dəyərləri nəzərdə tuturam. İslam mütərəqqi bir din olduğu üçün bəşəri dəyərləri dəstəkləyən bir dindir. Buna görə də mən İslam dəyərləri ilə bu gün Qərb modeli adlandırılan sistem arasında heç bir ziddiyyət görmürəm. Əksinə, həm İslam mədəniyyətindən, həm də Avropa mədəniyyətindən ən müsbət məqamları əxz etməklə demokratik, sivil və davamlı inkişaf edən bir cəmiyyət qurmaq mümkündür. Mənə elə gəlir ki, Azərbaycan bu cür cəmiyyəti qurmağa digər ölkələrdən daha şanslıdır.
   - Sizcə, İslamın düzgün qavranılmamasının səbəbi nədir?
   - Bunun ən başlıca səbəbi bu dəyərlərin dünyaya yanlış təqdimatıdır. Bu gün Avropa, xüsusilə xristian dünyası İslam dinini az qala eksremizm və terrorizm sözləri ilə eyniləşdirir. Hətta bir çox avropalıların düşüncəsində, təsəvvüründə İslam dünyası vəhşi dünya anlamındadır. Bunun özü çox yanlış bir mövqedir. Terrorizm, eksremizm İslamla daban-dabana ziddiyyət təşkil edən anlayışlardır. İslamda dözümlülüyün səviyyəsi heç bir dində olmadığı qədər yüksəkdir. İslam dini digər dinlərə etiqad edən insanlara çox tolerant yanaşır. Ancaq bu gün dünyada İslam dininə qarşı az qala ideoloji səviyyədə səlib yürüşünün gerçəkləşdiyini etiraf etməliyik və bunun da səbəbləri var. Bu səbəblər bir çox hallarda süni və bəzən Qərbin özünün uydurduğu səbəblərdir və müəyyən maraqlara xidmət edir. Səbəblərin kökünə varanda isə burda çox bəsit və primitiv reallıq meydana gəlir. Dünyada olan təbii sərvətlərin böyük bir hissəsi İslam ölkələrinin payına düşür. Bu baxımdan həmin sərvətlər üzərində ədalətli mübarizədə sözsüz ki, bəzi hallarda Qərbin ən ciddi dayağı İslam fanatizmi adlanan yanaşma olur. Dünyada məhdud sayda olan sərvətlərin ədalətsiz bölgüsü təbii ki, İslam ölkələrinin xalqlarında adekvat reaksiya doğurur, revanşizm hisslərinin alovlanmasına səbəb olur və əgər bu ölkələrdə təhsilin səviyyəsinin çox aşağı olduğunu və cəhalətin bu ölkələrin ictimai-siyasi gündəminin predmeti olduğunu nəzərə alsaq, aydındır ki, təhsilsiz, cəhalət içərisində olan insanlar onlara məxsus olan və əllərindən amansızlıqla alınan sərvətləri uğrunda mübarizəyə başlayırlar. Bu zaman isə həmin sərvətləri alan qüvvələrin dəstəyi ilə İslamazidd yollara təhrik edilirlər. Bununla da həm öz gələcəklərini təhlükə altına atırlar, həm ölkələrinin inkişafı üçün ciddi maneələr yaradırlar, həm də dünyada İslamın mütərəqqi obrazına kölgə salırlar.
   - Gültəkin xanım, bildiyimiz kimi, İslam mədəniyyəti Azərbaycana ərəb işğalı ilə gəldi. Bu, təsadüf edir IX əsrin birinci yarısına. İslam mədəniyyəti Azərbaycan mədəniyyətinə hansı yenilikləri gətirdi?
   - Ümumiyyətlə, Azərbaycan mədəniyyəti İslam mədəniyyəti ilə turk mədəniyyətinin çox uğurlu bir sintezindən yaranıb. Hələ İslamdan öncə Azərbaycan ərazisində zəngin bir mədəniyyət mövcud olub. Azərbaycan coğrafi yerinə görə qədimlərdən insan məskəni olub. Bu baxımdan Azərbaycanda mədəniyyətin tarixi çox qədimdir. Biz malik olduğumuz mədəniyyətin zənginliyindən, çoxşaxəliliyindən qürur duyuruq. Hər bir azərbaycanlı üçün müqəddəs sayılan Novruz bayramının mahiyyətinə nəzər salsaq, görərik ki, odun üstündən tullanmaq, öz xəstəliklərini, daxilində olan qara qüvvələrin təsirini odda yandırmaq, ümumiyyətlə, oda, Günəşə, Aya sitayiş, onları şəkərbura, paxlava kimi süfrələrimizdə yaşatmaq İslamdan öncəki mədəniyyətin izləridir. Bütün bunlarla yanaşı, İslam mədəniyyəti də bizim mədəniyyətin çox ciddi və mühüm tərkib komponentidir. İslam mədəniyyəti sözsüz ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında çox böyük rol oynadı. Qərb İslam qadınını hüquqsuz, cəhalətə sürüklənən bir qadın kimi təqdim edir. Əslində mən bu yanaşmanın tərəfdarı deyiləm. İslam dini cənnəti anaların ayaqları altında görən bir dindir. Onu da qeyd etmək istəyirəm ki, hələ İslamdan öncə türk mənəviyyətı həmişə qadına böyük dəyər verib və hətta dövlət idarəetməsində belə türk xaqanları ilə yanaşı, onların xanımlarının rolu bərabər olub. İslam dini bu rolu bir az da dərinləşdirdi. Eyni zamanda elmə, təhsilə verilən dəyər İslam mədəniyyətinin tərkib hissəsi kimi sonradan Azərbaycan mədəniyyətinin tərkib hissəsinə çevrilib. İslam dininə görə, alimin bir damla mürəkkəbi şəhidin qanından daha üstün tutulur. Bir gün elmlə məşğul olmaq 40 illik ibadətə bərabərdir. Həmçinin müəllimin haqqı övlad üzərində atanın haqqına bərabərdir. İslamda valideynə, böyüyə verilən qiymət böyükdür. Eyni zamanda İslamda qadın yüksək qiymətləndirilir. Bu baxımdan İslam dini bir çox məqamlarına görə Azərbaycan mədəniyyətini zənginləşdirdi və bütövlükdə Azərbaycan mənəviyyatı adlanan çox dərin, mükəmməl bir sistemin formalaşmasında türkçülük ideologiyası ilə bərabər həlledici rol oynadı.
   - İslamın fanatikcəsinə təbliği çox vaxt arzuolunmaz nəticələrə gətirib çıxarır. Sizcə, indiki şəraitdə din necə təbliğ edilməlidir ki, faciəvi sonluqlar olmasın?
   - İslam açıq dindir. Onun ifrat təqdimatı sağlam düşüncə tərəfindən təqdir oluna bilməz. Bu baxımdan, İslamın təhrifi halları ilə mübarizə aparılmalıdır. Çünki bu kimi hallar cəmiyyətdə xoşagəlməz tendensiyaların yaranmasına gətirib çıxarır. Hər şeydə olduğu kimi, dində də mötədillik daha məqsədəmüvafiqdir. Düşünürəm ki, bu mənada cəmiyyətimiz də ayıq-sayıq olmalıdır. Dinin ifrat təzahürləri ilə mübarizə aparılmalıdır.    

    Fəxriyyə ABDULLAYEVA