Söhbət “Space” telekanalının yüksək reytinqli verilişindən gedir
   
   Mədəniyyətimizin, ədəbiyyat, incəsənət və musiqimizin, ümumiyyətlə, cəmiyyətimizin tanınmışlarını verilişinə dəvət edib, bəzən onları tamam «tanınmaz» aspektdən təqdim edən, onları «etiraf prezentasiyası»na «məhkum» edən İlham Mirzəyevə ilk sualımız o qədər də ürəkaçan (oxu: ürəyiniaçan) olmadı.
   
   - Özünüz necə, tez-tezmi etiraflar edirsiz?
   - Əlbəttə. Hər bir insan etiraf etməyi bacarmalıdır. Əgər bunu edə bilmirsə, o insan özü-özünə qarşı məsuliyyətsizdir. Sən özündə olanı, yaşantılarını etiraf etməsən də, cəmiyyət kənardan görür, eşidir, duyur.
   - Məsələn?
   - Məsələn?.. «Açması» üçün siz məni buna hazırlamalısınız.
   - Sizin kimi psixoloq, jurnalist, televizionçu və nəhayət, «Etiraf» etdirənçi ilə sıfırdan başlamağa nə ehtiyac?
   - Əvvəla, təşəkkür edirəm. İkincisi, deyim ki, kimsə özündə nəyisə görür və onu etiraf edirsə, bu, insanın ucalığıdır, aliliyidir. Hər insan da ali dərəcəyə çata bilmir. Yalnız etirafı bacaran insanlar o mərtəbəyə yetişir. Bəli, mən elə bu yaxınlarda etiraf etdim. Şərqiyyə Hüseynova aparıcı oldu və mən də etiraf etdim. İnanın ki, həmin söhbət çox yüksək reytinq qazandı; verilişdən sonra mənə telefon zəngləri oldu, telekanala məktublar gəldi. Bu da onu göstərir ki, səmimi etiraflar tamaşaçıların ürəyincədir. Səmimi etiraf etməyəndə alınmır. Tamaşaçı ürəkdən gələn etirafla, boğazdan gələni dərhal duyur. Artıq Azərbaycan tamaşaçısı sadəcə seyrci deyil, həm də jüridir. Ekranın o tayı ilə bu tayı arasında fərq azalıb.
   - Qonaqlarınızın etiraf həddinə gəlməsi, hisslərini səmimi olaraq bölüşməsi, bəzən çox ağır başa gəlir, yəni onun o məqama yetməsi üçün çox çalışırsınız. Verilişiniz birbaşa yayımlanmadığı üçün, təbii, siz daha çox hiss edirsiniz ki, o səmimidir, yoxsa əksinə...
   - Yox, elələri olur ki, etiraf etmir, hətta veriliş qurtaranadək mənim sualımı dağa-daşa salırlar. Amma elələri də olur ki, gəlir, oturur və tam səmimi etiraflar edir. Əlbəttə, tamaşaçı-çıxışçı «məhrəmliyi» çərçivəsində. Bu əndazədən kənar nüanslar şəxsin özünə, onun iç dünyasına aiddir və mən də o qəbil «qoruqlara» müdaxilə etməyin əleyhinəyəm. Elələri də var ki, gəlir, sual-cavab əsnasında özü də bilmədən açır sandığı və sonradan zəng vurur ki, o pambığı ağartma. Ay orasını sil, burasını kəs, daha nə bilim, nə elə. Mən isə, təbii ki, necə var, elə də verirəm efirə.
   - Siz adətən, ictimaiyyətin tanıdığı, üzdə olan insanların etiraflarını «çəkib» təqdim edirsiz. Bəs efirdənkənar - adi insanların etirafları sizdə nə kimi təəssüratlar, hisslər oyadır?
   - Hər bir insan öz dərdini onu başa düşən insana deyir. Yəni, əgər sən qarşındakının dərd-sərini müəyyən qədər özününkü kimi qəbul edirsənsə və onu dinləmək bacarığına qadirsənsə, ona düzgün yol göstərirsənsə, bunun özü xeyirxah bir işdir. Çünki qarşındakı yüngülləşir: dərd paylandıqca azalır, axı. Mənə - tanınmış insanlardan əlavə - efirdən kənarda da müraciət edirlər və mən onların - minimum halda - ən munis dinləyicisi olur, bacardığım qədər yol göstərirəm. Yox, demirəm ki, mən ümid yeriyəm, «təskinlik ofisi»yəm, yox, əstəğfürullah! Sadəcə, mən «özündən bəri bax» kimi deyimlərə biət edən adamam. Yəni, hərdən mənim özümün də kiməsə ürəyimi boşaltmaq ehtiyacım olur. Mən də insanam və Allahdan başqa bizə ən doğru yol göstərən yoxdur. Amma həyatda hər bir insanın - «gündəlik tələbat»vari mənəvi dayağa ehtiyacı var. Bu o demək deyil ki, kimsə sənə maddi yardım etsin. Xeyr, mənəvi yardım anı, məqamı var ki, «həftəloxma»dan da ötədir...
   - «Etiraf» proqramı Sizin insanları etiraf etdirmə ehtiyacınızdan yarandı, yoxsa, bütün TV-lər üçün təbii olan tamaşaçı kapitalı gərəyindən?
   - Məni daha bir etirafa sövq etdiniz. Artıq 3 ildir ki, apardığım «Etiraf» verilişinin ilk adı «Tale yolları» idi. Şirkətin prezidenti dəyişdi və hörmətli Vaqif Mustafayevin bir sıra yenilik, təşəbbüs və təkliflərindən biri də bu oldu ki, bu verilişin adını dəyişək.
   - Üç ildə etdirdiyiniz 150 etirafdan neçəsi yadınızda qalıb?
   - Bu sualı gözləmirdim... Çox olsa, çox olsa, barmaq hesabı qədər. Üzgörənlik olmasın, sizin qəzetin baş redaktoru Nigar xanım qonağım olan vaxtı etdiyi etiraflar böyük marağa səbəb oldu. Açığı, bunu gözləmirdim. Amma veriliş efirə gedəndən sonra tamaşaçı zəngləri, sonsuz maraq, fikirlər... Kimsəsizlərə mənəvi ana olan bir xanımın etiraflarında tamaşaçı özüyçün çox maraqlı bir «teledost» kəşf etdi. Bir neçə belə yaddaqalan verilişimiz olub.
   - İlham müəllim, bəllidir ki, verilişə yalnız maraqlı adamları dəvət edirsiz. Sizə elə gəlmirmi ki, onsuz da maraqlı olan o kəsləri bir az da maraqlı etmək üçün onları mütləq kövrəltməyə çalışırsınız?..
   - Bilirsiniz, mən psixoloqam, psixologiya elmləri namizədiyəm, illərdir ki, bu sahə ilə məşğulam. Bilirəm ki, hansı insanın hansı «sarı simi»nə toxunmaq lazımdır. Ən qəddar insanın da kövrəlmə məqamı olur və mən də məhz onu tutmağa cəhd edirəm. Çalışıram ki, müsahibimin «yaralı yerinə» toxunub, onu kövrəldim. İnsanın gizlinc «qapağını» açmaq üçün kövrəltmədən incə «iksir» yoxdur.
   - Amma bu qəbil təqdimat nəticəsində, kobud səslənsə də deyim ki, qonaqlarınızda bir «inkubasion» hal yaranır. Yəni hamı ağlamalıdır ki... Niyə 8 milyonun içərisində elə bir adam da olmasın ki, kövrəldilmədən etiraf etsin?..
   - Əlbəttə, elə insanlar da var. Gəlir, oturur və elə bir mənfi aura yaradır ki, inanırsız məni özünə yaxın buraxmır. Nə qədər çalışıram ki, daxili aləminə varım, bacarmıram. Çünki həmin insanda saxtakarlıq var, yalan geyinib palan deyinmək var.
   Bəzən o insanlara yaxınlaşmağı bacarmıram. Elə adam da var ki, cikini də bilirsən, bikini də, amma o insan efirdə etiraf etməməyi də bacarır və bəzən də xahiş edir ki, keçmişimə, «filan-filana» toxunma.
   - Onda bəs, elələri adı ilə hər şeyi çığıran bu «Etiraf»a niyə gəlir?
   - Elə mənim üçün də maraqlıdır. Gəlir ki, bəs, məndən bunu soruş, onu soruşma. Və nə gizlədim, hərdən yol verdiyim bu sayaq xəta-veriliş efirə gedəndə şəxsən mən baxmıram, eşidib-öyrənirəm ki, tamaşaçılar da bir-iki kadrdan sonra baxmayıb və belə çıxır ki, bu «veriliş»ə yalnız o «qəhrəmanın» özü baxıb, vəssalam.
   - Bəs onda biz tamaşaçıları niyə incidirsiz?
   - (Gülür) Elə vaxt olur ki, siz yazarlar da məcbur qalıb nəsə yazır, kimisə tərifləyirsiniz. Nəyinsə, kimlərinsə xatirinə olur, bəzən.
   - İlham müəllim, sovet mətbuatı və televiziyası ancaq sağıcını, kolxozçunu, pambıqçını qəzet-jurnala, efir-ekrana gətirirdi. İndi isə onların heç biri KİV-ə yaxın düşə bilmir. Siz bu bəlli və anormal kontrastın acığına nə vaxtsa tanınmamış bir adamın, qabar-qübarlı bir əməkçinin də etirafını vermək xəyalına düşmüsünüzmü?
   - Bəli, olacaq. Bu barədə tamaşaçılara müraciət də etmişəm ki, maraqlı etirafları olanlara, daxili aləmləri zəngin insanlara qapı açıqdır. Amma bir məsələni də deyim ki, tamaşaçıların zövqü bir balaca korlanıb. Mən istəyirəm, tutaq ki, ömrünü elmə, sənətə həsr edən bir akademiki gətirim studiyamıza, söhbətlərini, etiraflarını eşidək, inanırsınız, verilişin reytinqi o dəqiqə aşağı düşür. Amma şou aləmindən bir nəfər cavan müğənnini gətirim danışsın, reytinq dərhal qalxır. Deməli, tamaşaçının zövqü korlanıb. Özümüz də bilmədən həyatımızı şoulaşdırmışıq.
   - Bu məsələdə telekanallar günahkardı, ya tamaşaçılar?
   - Əlbəttə, telekanallar. Çünki onlar hər şeyi reytinqə qurban verirlər. Telekanallarda guya ki, reytinq cədvəlləri tutulur. Amma bir də görürsünüz ki, heçə beş verirlər, beşə heç. Deməli, bəzən mənasız verilişlər daha çox sevilir. Açıq etiraf edirəm ki, bəzi kanallar reytinq cədvəllərini pulla alırlar. Yəni, ola bilməz ki, ciddi, milli, maarifçi, tərbiyəvi veriliş sevilməsin. Amma elə bir verilişin reytinqi qalxır ki, heç onu cəngəllik tamaşaçısına da sırıya bilməzsən.
   Gəlin etiraf edək ki, səviyyə çox ciddi məsələdir. Bizim kanal elit təbəqə üçündür, biz o bayağı verilişlərdən uzağıq. Yavaş-yavaş xırda-para qüsurlarımız da düzəlir.
   - Etiraf edərsinizmi, kanalınız reytinqcə neçəncidir?
   - Mən birincinin adını çəkməyəcəyəm. Amma xalqarası söhbət-qiymətlərdən hiss edirəm ki, «Space» 1-dən aşağı, 2-dən yuxarıdır. Bizdə olan o saflıq, paklıq, yaradıcı ab-hava sayəsində tezliklə baş yerə də çatılacaq, inanıram ki, çox yaxında birinci olacaq. Amma təkrar edirəm, hər kanalın öz auditoriyası var; kanal var elit təbəqəyə hesablanıb, kanal var - dükan-bazara...
   - Bayaqdan elit təbəqə məsələsini qabardırsınız. Bu məsələ son vaxtlar mediada problemə, təhlükəli mövzuya, öcəşməyə çevrilib. Elit təbəqənin kanalı olmaq iddia-israrı başqa məsələdir, olmaq özü başqa. Yəni, verilişləri kütləyə ünvanlanan kanallar da sizin danışdığınız mərtəbədən aşağı danışmır və aparıcısı olduğunuz verilişin adı da Sizi daha ölçü-biçili etirafda bulunmağa səsləyir.
   - Bu dəqiqə elə kanallar var ki, verilişlərinin böyük əksəriyyəti mətbəx qoxuyur. Bizim kanal isə tamaşaçılarda mənəvi, mədəni iştahlar açır. Şəxsən mənim verilişimə baxılmasa, ya onu həmən bağlayar, ya başqa proqramla çıxış edər, yaxud çıxıb gedərəm.
   - Dağlıq Qarabağ ermənilərindən, torpağımızı işğal edənlərdən birini gətirib studiyada həmsöhbətiniz etdirsəydilər, ona bütün günahlarını etiraf etdirə bilərdinizmi?
   - Onun canını da alardım!
   - Adətən, həmsöhbətlərinizi təsir altına salırsınız. Maraqlıdır, özünüz necə, belə vəziyyətə düşdüyünüz olubmu?
   - (Gülür) Ee, o qədər!
   - Sizcə, bu söhbətdə kim kimin təsiri altına düşdü?
   - Siz məni elə təklədiz ki, mən sizin təsiriniz altına düşdüm. «Yad» yer, 5 nəfər jurnalistin mühasirəsi! (gülür).
   - İndi, İlham müəllim səmimi etiraf etsin görək, bu davakar müsahibəyə görə ürəyində bizi öydü, yoxsa...
   - Yox. Düzdü, mən həmişə, necə deyərlər, başı sığallanmış uşaq olmuşam və elə bilirdim burada da hamı mənə xoş sözlər deyəcək. Amma bunu da bilirəm ki, jurnalistlərin ipinin üstünə odun yığmaq mümkün deyil. Bütün bunlara baxmayaraq, mən sizə təşəkkür edir və uğurlar arzulayıram. Məni də az-çox etiraf etdirdiniz və mənən rahatlaşdım.
   
   Söhbətləşdi: A.Tahir