Qızılgül Babayeva: «Muğam insanı düşünməyə sövq edir»
  
   "Muğam-2007" müsabiqəsində ustad sənətkarlardan alqış qazanan istedadlı gənc, Azərbaycanı Türkiyənin TRT kanalında xalq musiqisi janrında “Sən türkünü söylə” adlı solist müsabiqəsində layiqincə təmsil edən Qızılgül Babayeva ilə həmsöhbət olduq.
  
   - Qızılgül, istərdim əvvəlcə özünüz barədə oxucularımıza məlumat verəsiniz.
  
- Mən buna qədər bir sıra yarışmalarda olmuşam. Yəni birdən-birə ekrana çıxmadım. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin ümumtəhsil məktəbləri arasında keçirdiyi «İstedad - 2000» musiqi müsabiqəsinin qalibi olmuşam. Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi 2000-2001-ci dərs ilində əldə etdiyim müvəffəqiyyətlərə görə məni dəfələrlə Fəxri fərmanla təltif edib. Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin «Pöhrə-2001» Bədii - özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsinin qalibi olmuşam. Bundan başqa, Sumqayıt Şəhər İcra Hakimiyyəti 10 may 2001-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən gənc istedadların yekun konsert müsabiqəsində yer tutduğuma görə məni diplomla təltif edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi «Tələbə baharı» Tələbələrin I yaradıcılıq Festivalında «Folklor musiqi» nominasiyasında I yer də mənə nəsib oldu. Bundan sonra, «Muğam televiziya müsabiqəsi - 2007»də uğurlu çıxışıma görə diplomant oldum.
   - Hər bir muğam ifaçısının ən ümdə arzusu, bəlkə də sənət hədəfi milli musiqimizin şah əsəri, ölməz məhəbbət əfsanəsi olan «Leyli və Məcnun» operasında oynamaqdı. Sənin də ürəyindən leylilik keçirmi?
  
- Hə, əlbəttə. Elə musiqi məktəbinə də bu arzu ilə getmişəm. Elə o vaxtdan içimdə bir dəli Leyli sevdası yaşayır. Opera səhnəsinə çıxmaq, Leylinin partiyalarını ifa etmək ən böyük arzumdur.
   - Çox gözəl. Amma bu arzunun reallaşması üçün də sənətin Leylisi olmalısan. Hərçənd 20 yaşlı Qızılgülün Leyli olması çox realdır, görünüş baxımından uyarlı və təbiidir. Amma səs, sənət, opera səhnəsində artistizm nümayişi çətindir. Sən bütün bunlara hazırsan?
 
  - İstərdim. Amma hələ ki, qarşıda konservatoriya təhsilim var.
   - Muğam müsabiqəsinə qayıdaq. Bir çox gənclərə geniş imkanlar açan yarışma sənə nə verdi?
 
  - Ən əvvəl, öz içimdə səsimə, qabiliyyətimə, oxumağıma inam yaratdı. Bunu təsadüfən demədim. Mən, bəlkə də yeganə iştirakçı idim ki, münsiflər ifama bənzətmə tapmırdılar. Hərçənd sevimli müəllimim Mənsum İbrahimovun öyrətdiyi hər bir zənguləni, tembri, rəngi mənimsəməyə çalışıram. Amma təbii ki, Qızılgül kimi.
   - Yəqin Qızılgül kimi oxuduğun muğamın da var.
 
  - Mən bütün muğamlarımızı sevir və ətraflı öyrənirəm. Onlardan «Qatar», «Şahnaz», «Bayatı kürd», «Bayatı-şiraz», «Mənsuriyyə»ni oxumuşam. «Mirzə Hüseyn» segahını ifa etməkdən yorulmuram. Ritmik muğamlardan «Heyratı», «Qarabağ şikəstəsi», «Osmani», «Arazbarı», «Rast», «Çahargah» mənə böyük ruh, yüksək əhval bəxş edir. Amma bu muğamlar içində ən çox «Segah»ı sevirəm. Çünki bu muğam ürəyimi oynadır. Onda yanğı, nisgil, ürəyi titrətmə kimi bir qabiliyyət var.
   Onu da deyim ki, hər muğam ifaçısı da «Segah»lıq olmur. Onun üçün səs, hiss və ürək yanğısı üçlüyü olmalıdır. «Segah»da yanğı olmalıdır, hər adamın səsi «Segah»a çatmır. Gərək onu yaşayasan ki, tamaşaçıya çatdıra biləsən.
   - Qızılgül, nədənsə efir-ekranda görünən müsabiqə həmkarlarının sırasında demək olar ki, yoxsan. Hərçənd ki, «Muğam - 2007»nin diplomantı oldun, tamaşaçı - münsif rəğbəti qazandın. Bəs efirdə, tədbirlərdə niyə görünmürsən?
  
- Siz də elə bilirsiniz ki, bu məndən asılıdır? Yox! Gərək dəvət etsinlər, tədbirlərdə çıxışçı kimi siyahıya adımı salsınlar ki, görünüm. Bir gənc kimi bu dəstəyin arzusundayam, gözləyirəm. Özünü öymək olmasın, səsim, istedadım və ifa qabiliyyətim var. Bu olandan sonra niyə hansısa telekanala minnətçi düşməliyəm ki, məni efirə çıxart.
   Düzdü, bu istiqamətdə Mənsum müəllimdən dəstək olub. Elə vaxt olub ki, özünü tədbirə dəvət edəndə bizi göndərib, bizim tanınmamızı istəyib.
   - Maraqlıdır, “Mən nə edəcəm, bu qədər böyük sənətkarların sırasında Qızılgül olaraq hansı keyfiyyətimə görə seçilib yadda qalacam” qayğısı və bu narahatlıqdan doğan iddian var?
   - Hərənin öz arzusu, sənət yolu var. O düşüncədə olsan, səndə heç nə alınmaz. Çünki hərənin özünə görə oxusu var. Elə ola bilər ki, sən daha da yaxşı oxuyub sevilə bilərsən. Bu səsdi, onu verən Allah, yəqin səsə dəyər verən insanlarını da yetişdirir. İndi oxuyanlar da çoxdu, bəlkə ona görədir ki, seçim edirlər, çox çağırmırlar.
   - Qızılgül, sən həm də TRT-də yayımlanan «Sən türkülərini söylə» yarışmasında ölkəmizi layiqincə təmsil etdin. İlk dəfə qatıldığın yarışma sənə nə verdi?
   - 16 iştirakçının mübarizə apardığı yarışmada Azərbaycanı təmsil etmək mənim ən böyük uğurumdur. Türkiyə, Bolqarıstan, İraq, Belçika, Almaniya və Fransadan da iştirakçıların mübarizə apardığı müsabiqədə 2 ay müddətində müxtəlif mahnılar, muğam parçaları oxudum. Qaliblər SMS vasitəsilə seçildiyindən ilk yerlər mənə nəsib olmadı. Çünki dəstək o qədər də böyük deyildi. Musiqimiz gözəl qarşılansa da, SMS sarıdan kasadlıq oldu və 9-cu həftə müsabiqədən çıxdım.
   - Muğam və xalq musiqisi ifaçısı kimi müasir estradaya münasibətini bilmək maraqlıdır...
   - Məncə, hər bir muğam ifaçısı estrada oxuya bilər. Amma estrada ifaçısı yox. Muğam oxuyanın öz davranışı, öz yolu olmalıdır. Bəlkə ona görədir ki, toylara da getmirəm, nə də ucuz populyarlıq üçün gündəmdə olmağa çalışmıram. İstəyirəm tamaşaçılar məni konsertlərdə, böyük səhnələrdə görsünlər.
   - Qızılgül, kənardan baxanda, ola bilsin, müğənnilik sənəti gözqamaşdırıcı görünür. Lakin peşəkar sənətə atılanda, görürsən ki, sənət aləmində yolların enişi-yoxuşu var. Bunu hiss etmisənmi?
   - Doğru buyurdunuz, sənətçilərin bir-birinə münasibəti heç də birmənalı deyil. Doğrusu, bir az qorxdum. Lakin bu sənətdə gənclərə yaxşı münasibət göstərən ustadlar da az deyil. Onların dəstəyi məndə özümə inam yaratdı. Bir də deyirlər, həyat özü bir mübarizədir, adam çarpışa-çarpışa bərkiyir. Mənim də indi 20 yaşım var, hələ nə yaşdı ki, inşallah, uğurlarım irəlidədir.

   Söhbətləşdi:
   Həmidə Nizamiqızı