Təyyar Bayramov: «Nə oxuyuramsa-oxuyum, ardınca mütləq məndən «Şahnaz» istəyirlər»
  
   O, «Şahnaz» muğamını ifa edəndə bir anlıq insanın beynindən «deyəsən, Xan əmidir oxuyan» - fikri keçir. Amma diqqətlə qulaq asanda fərqli bir ifanın şahidi olursan. Sadəcə, səsin gözəlliyi, uca, şaqraq zəngulələr yox, həm də ifaçılıq məharəti, peşəkar oxu tərzi səni bir neçə dəqiqəlik də olsa, başqa bir dünyaya aparır. Yəqin muğamsevər oxucularımız söhbətin kimdən getdiyini bildilər. Beləliklə, qonağımız “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı-2009 çərçivəsində Muğam İfası üzrə Müsabiqənin Qran-Pri mükafatının sahibi Təyyar Bayramovdur. Gənc xanəndə ilə söhbətə öncə muğam festivalı barədə danışmaqla başlasaq da, müsahibə boyu bizi maraqlandıran bir çox suallarımıza da cavab aldıq.
  

   - Muğamşünaslar sizi sərbəst səsli xanəndə adlandırırlar. Yəni səsiniz həmişə ifaya hazırdır və sizi heç zaman pis vəziyyətdə qoymur. Maraqlıdır, səsi qaydasında saxlamaq üçün nə etmək lazımdır?
   - Xanəndə muğam sənətinin arxasınca getməyə qərar veribsə, deməli, səsini həmişə qorumalıdır. Özü də bunu yalnız müsabiqə ərəfəsində etməməlidir. Çünki səs elə bir vergidir ki, daima diqqət tələb edir. Əks halda, indi oxuyarsan, bir saatdan sonra səsini heç bir halda ifaya tabe edə bilməzsən. Bu, təbii ki, məndə də belədir. Amma xoşbəxtlikdən iştirak etdiyim hər iki müsabiqə zamanı belə halla rastlaşmamışam. Yalnız beynəlxalq müsabiqəyə seçim turlarından sonra xəstələndim, yarışma başlayana qədər isə səsim qaydasına düşdü.
   - 1-ci Respublika Muğam Müsabiqəsinin qalibi olandan sonra nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarlarda da kifayət qədər tanındınız. Bu baxımdan, xarici ölkələrdə reallaşan müsabiqələrdə tez-tezmi iştirak edirsiniz?
   - Müsabiqələrdə yox, amma qastrollarda oluram. Mən sənətə gələndən Səmərqənd şəhərində muğam müsabiqəsi keçirilib. Orada da ölkəmizi Arzu Əliyeva ilə Babək Niftəliyev təmsil ediblər. Onlardan əvvəl də Səmərqənddə keçirilən müsabiqələrdə ustad xanəndəmiz Alim Qasımov, Simarə İmanova və başqaları qalib olublar. Amma bu müsabiqələrin heç biri miqyasına və böyüklüyünə görə Bakıda keçirilən 1-ci Beynəlxalq Muğam Müsabiqəsinə bərabər sayıla bilməz.
   - Bir xanəndə kimi, necə hesab edirsiniz, bizim muğamı digərlərindən fərqləndirən əsas cəhətlər hansılardır?
   - Muğamlarımızın kökləri çox-çox qədimlərə gedib çıxır. Qeyd etdiyiniz kimi, Azərbaycan muğamlarının mükəmməlliyinə görə biz ilk növbədə dahi bəstəkarımız Üzeyir Hacıbəyova borcluyuq. Ü.Hacıbəyov o vaxtlar görkəmli xanəndələrimizdən - Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskidən ibarət komissiya yaradıb. O zamanlar elə muğamlar vardı ki, onların 30-35, hətta 40 şöbəsi vardı ki, bu da yeknəsəkliyə, təkrarçılığa gətirib çıxarırdı. Nəticədə dinləyici xanəndəyə qulaq asanda yorulurdu. Həmin komissiyanın köməyi ilə muğamlarımızdan təkrarçılıq yaradan şöbələr çıxarıldı və təkmilləşdirildi. Hazırkı tədris də həmin üç nəfərin tərtib etdiyi dərsliklə aparılır. Bu müsabiqədə başqa ölkələrin ifaçılarında həmin təkrarçılıq özünü göstərirdi. İfa var ki, yarım saat - 40 dəqiqə dinləyirsən, amma ifaçının nə demək istədiyini başa düşmürsən. Amma bizdə belədir ki, dinləyici intizarda qalır ki, görəsən, bundan sonra xanəndə hansı boğazları edəcək. Onlarda isə boğazlar o qədər təkrar olunur ki, istər-istəməz tamaşaçı yorulur. Bir də xaricilərin ifasında bir fərqli cəhət də var ki, onlarda muğam yalnız orta və bəm səslə, bizdə isə bəm, orta və zil səslə ifa olunur. Bizdən festivalda iştirak edəcək ifaçıların hamısı zilli-bəmli muğamlara müraciət etmişdi. Mən bu müsabiqədən sonra özlüyümdə bir daha yəqin etdim ki, Azərbaycan muğamı dünyada birincidir.
   - Amma müsabiqənin münsiflər heyətinin üzvlərindən biri - fransalı mütəxəssis, eyni zamanda ömrünün 35 ilini muğam sənətinin tədqiqinə həsr edən Jan Dürinq isə əksini deyir. O belə hesab edir ki, 300 il bundan əvvəlki Azərbaycan muğamının bu günə çox az bir hissəsi gəlib çıxıb. Yəni muğamlarımız öz zənginliyini qoruyub saxlaya bilməyib. Tədqiqatçı bu baxımdan Türkiyə və Özbəkistan muğamını daha yüksək qiymətləndirir. Bu fikrə münasibətiniz necədir?
   - Bilirsiniz, muğam haqqında hər kəsin öz fikri ola bilər. Bizim münsiflərdəki nümayəndəmiz Ramiz Zöhrabov öz tədqiqatlarının genişliyinə və muğam biliyinə görə heç də Jan Dürinqdən geri qalmır. Amma o, fransalı mütəxəssisin dediklərinin əksini söyləyir. Hələ ötən əsrin əvvəllərində Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Keçəçioğlu Məhəmmədin Parisdə diskləri çıxmışdı və böyük heyranlıqla dinlənilmişdi. Hansı ki, elə muğamlarımızı təkmilləşdirənlər də bu insanlar idi. Müsabiqəni izləyən hər bir tamaşaçı da bunu təsdiqləyər ki, başqa ölkələrin muğamlarında yeknəsəklik çoxdur. Bizdə klassika qorunub saxlanır. Üstəlik, muğam sistemli şəkildə ifa edilir. Bu, danışıqda da belədir. Bir fikri qarşıdakı insana çatdırmaq üçün bir var 1-2 sözdən istifadə edəsən, bir var 10 kəlmə ilə dediklərini çatdıra bilməyəsən. Muğam elə bir dəryadır ki, onun haqqında bir fikir söyləmək mümkün deyil. Ustad xanəndələrimiz Əlibaba Məmmədov, Arif Babayev həmişə söz düşəndə deyirlər ki, kim desə ki, muğamı artıq bilirəm, yanılır.
   - Bu müsabiqə zamanı diqqətimizi cəlb edən bir məsələ də ifaçını musiqi alətlərində müşayiət edən musiqiçilərlə bağlı oldu. Belə ki, muğamın ifası zamanı sanki xanəndələr musiqiçiləri yönləndirməyə çalışırdılar. Yəni əsas əziyyət ifaçının üzərinə düşürdü. Bizdə isə əksinədir. Tarla kaman xanəndəni yönləndirir...
   - Hər xalqın muğamının öz oxunma manevrası, spesifik xüsusiyyətləri var. Mən onlarla bağlı heç nə deyə bilmərəm. Amma öz ifaçılarımızla bağlı onu deyə bilərəm ki, müşayiətçilərin professional olmasının xanəndənin ifasına təsiri böyükdür.
   - Məlum olduğu kimi, Azərbaycanın 7 əsas muğamı var. Bunlardan hansını ifa etməmisiniz?
   - Muğamların hamısını oxumuşam. Amma lentə aldırmamışam. Bildiyiniz kimi, mən həm də Opera və Balet Teatrının solistiyəm. Burada gündəlik məşqlərimiz də çox olur. O baxımdan hələlik bütün muğamları lentə aldıra bilməmişəm. Amma bu məsələ planımda birinci yerdədir. Bəzi muğamları, məsələn, «Orta Mahur»u, «Xaric segah»ı, «Mirzəhüseyn segahı»nı, «Mənsuriyyə»ni, «Şahnaz»ı, «Zabul segah»ı, əsas muğamlardan «Şur» muğamını, İlkin Əhmədovla birlikdə «Çahargah»ı artıq lentə yazdırmışam.
   - Hansı muğamı ifa etmək sizə rahatlıq gətirir?
  
- Təkrarçılıq olmasın, ümumiyyətlə, bizim millətin qanı «Segah»la yoğrulduğuna görə hər vaxt meyil «Segah»a olur. Hər hansı bir tədbirdə, yaxud el şənliyində mahnının arxasınca segah ifa edən kimi istər-istəməz auditoriyada ab-hava da dəyişir. Bu baxımdan «Segah» muğamı mənə çox yaxındır. Amma sizə onu da deyim ki, 1-ci muğam müsabiqəsində ilk ifam “Şahnaz” muğamı olub. “Şahnaz” muğamı təbii ki, bizim əsas muğam deyil, “Şur” muğam ailəsinə daxildir. Amma mənə uğur gətirdiyinə və ifam dinləyicilərin xoşuna gəldiyinə görə nə oxuyuramsa-oxuyum, ardınca mütləq məndən «Şahnaz» istəyirlər.
   - «Şahnaz» muğamından söz düşmüşkən, adətən bu muğama qadınlar daha çox müraciət edirlər. Kişi xanəndələr çox zaman «Şahnaz»ı oxumağa cəsarət etmirlər. Amma muğam biliciləri də təsdiq edir ki, Xan Şuşinskidən sonra «Şahnaz»ı siz yüksək səviyyədə ifa etməyi bacarmısınız...
  
- «Şahnaz» muğamı çox zildən ifa tələb edən muğamdır. Məncə, bu muğamı qadın xanəndələrin adına çıxmaq da düzgün olmazdı. Çünki «Şahnaz»ı kişi xanəndələr də oxuyur. Xan Şuşinski bu muğama elə bir möhür vurub ki, hələ uzun illər onun ifasına çatacaq ifanı mən təsəvvür etmirəm.
   - Muğam müsabiqələrinin iştirakçısı olan gənc ifaçılar nədənsə Füzulinin, Seyid Əzimin, Məhəmməd Hüseyn Şəhriyarın qəzəllərini oxumaqdan qaçırlar. Daha çox Əliağa Vahidə müraciət edirlər. Bu sənətkarların qəzəlləri yadda qalmaq baxımındanmı çətindir, yoxsa sözləri dilə yatmır?
   -
Bilirsiniz, ilk dəfə ifaçılığa başlayanda Vahidin qəzəlləri həm tamaşaçı tərəfindən yaxşı qavranıldığına, həm də ifaçının özü üçün rahat olduğuna görə ona daha çox müraciət olunur. İfaçı mənasını dərk etmədiyi qəzəli oxumamalıdır. Çünki oxumağa təzə-təzə başlayanda bir tərəfdən həyəcan, digər tərəftən çətin sözlər xanəndəni çaşdırır. İllər keçdikcə qəzəlləri yadda saxlamaq da asan olur.
   - Məcnun roluna hazırlaşmırsınız?
  
- Hazırda Şah İsmayılın məşqləri gedir. Bir neçə gün əvvəl ilk tamaşamız oldu. O ki qaldı Məcnun roluna, artıq bu rol üzərində məşqlərə başlamışıq. Əvvəllər idmanla çox məşğul olduğuma görə fizianomiyam bu rolu ifa etməyimə imkan vermirdi. İndi bir qədər arıqlamışam, bir az da artıq çəkidən azad olmaq lazımdır ki, xarici görünüşüm Məcnun roluna uyğun olsun. Hələliksə Şah İsmayıl, «Leyli və Məcnun»da İbn Səlam, «O olmasın, bu olsun» tamaşasında Xan əmi rolunu, «Natəvan»da aşıq rolunu ifa edirəm. İnşallah, qismət olar, Məcnunu da oynayaram.
  
   Fəxriyyə ABDULLAYEVA