Bəhruz Axundov: «Kitabla bağlı bütün beynəlxalq müsabiqələrə dəvət alırıq»
  
   Azərbaycanın nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan «Təhsil» nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir.
   Bu müəssisənin özəlliyi həm də ondan ibarətdir ki, müstəqilliyimizin bərpasından sonra respublikada yaranan ilk və son dövlət nəşriyyatı olub. Hazırda müstəqil iş prinsipi əsasında çalışan müəssisədə nəşrlərin yüksək səviyyədə hazırlanmasını təmin etmək üçün ixtisaslaşmış redaksiyalar və ən müasir poliqrafya bazası mövcuddur.
 
   
   Müstəqillik illərində Azərbaycanda kitab nəşrinin inkişafına, xüsusilə milli təhsil quruculuğu konsepsiyasının əsasını təşkil edən dərsliklərin və digər elmi-metodik ədəbiyyatın hazırlanmasında «Təhsil» nəşriyyatının xüsusi əməyi var.
   Nəşriyyatın qurucusu və rəhbəri Bəhruz Axundov deyir ki, müəssisə fəaliyyətə cəmi 8 nəfər yaradıcı heyətlə başlayıb və ilk aylarda heç bir maliyyə imkanı, hətta oturmağa binası belə olmayan nəşriyyat az bir zamanda yığcam, bacarıqlı, öz işinə güvənən professional bir kollektiv yaradaraq məqsədinə nail olmağı bacarıb: «Müəssisə respublikada hər il keçirilən kitab sərgisində mütəmadi iştirak edir. Nəşriyyat yarandığı gündən keçən qısa vaxt ərzində 8-9-cu siniflər üçün «Azərbaycan dili», 10-11-ci siniflər üçün «Azərbaycan dili» dərslikləri «İlin ən yaxşı dərsliyi», «Təhsil millətin gələcəyidir», «Heydər Əliyev məktəblilərin gözü ilə» topluları, «Naxçıvan ensiklopediyası», professor Misir Mərdanovun «Azərbaycan təhsili dünən, bu gün, sabah», E.Abdullayevin «Böyük yolun davamçısı», A.Abbasın «Dolu» kimi müxtəlif nominasiyalarda ilin kitabı adını qazanmış kitablar nəşr edilib.
   2003-cü ildən başlayaraq 5-ci siniflər üçün tarix dərsliyi olan «Ata yurdu» hər il «İlin kitabı», müəssisənin özü isə 2003-2008-ci illərdə «İlin ən yaxşı nəşriyyatı» adına layiq görülüb».
   Qeyd etdiyimiz kimi, nəşriyyat bu günə qədər çap etdiyi kitabların keyfiyyətinə görə bir sıra müsabiqələrdə qalib adını alıb. «Qarabağ- real tarix, faktlar, sənədlər» kitabı və şair Çingiz Əlioğlunun «Atlantlar» bədii kitabları 2005-ci ildə Moskvada keçirilən MDB ölkələrinin II Beynəlxalq «Kitab sənəti» müsabiqəsində ən yüksək balla - I yerə layiq görülüb. B.Axundov AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tərəfindən yazılan «Qarabağ: real tarix, faktlar, sənədlər» kitabının da bu müsabiqədə qalib olmasını «Təhsil» nəşriyyatının ən böyük uğuru kimi qiymətləndirir: «Ümumiyyətlə, hər iki kitabın müsabiqədə birinci yer tutmasının səbəbi çap mədəniyyəti, dizaynı və mövzu seçimi ilə bağlı olub. Həmin müsabiqənin münsiflər heyətinə daxil olan 11 nəfərdən 2-si erməni, 4-ü isə erməni xislətli şəxslər idi. Azərbaycanı müsabiqədə səs çoxluğu ilə təmsil edən nümayəndə heyəti olmadığı bir halda, ermənilər nə qədər cəhd etsələr də, ən yüksək xalı bu kitablar topladı. Sevinirik ki, bu gün beynəlxalq səviyyədə tanınmış nəşriyyat olduğumuzdan kitabla bağlı bütün beynəlxalq müsabiqələrə dəvət alırıq. Hətta ötən il Pakistanın keçmiş baş naziri Pərviz Müşərrəf özü şəxsən mənimlə telefonla danışdı, Amerikada çap olunmuş kitabının «Təhsil» nəşriyyatı tərəfindən nəşr olunmasını xahiş etdi. Kitab çıxandan sonra nəşriyyata öz minnətdarlığını bildirdi. Yəqin ki, bizim çap etdiyimiz kitabları görüb.
  
   «Pis kitab yoxdur, pis naşir var»
  
   Nəşriyyatlar elmi-metodik ədəbiyyat, dərsliklə yanaşı, həm də bədii kitablar nəşr edir. Məlumdur ki, hazırda digər sahələrlə müqayisədə kitab biznesi kölgədə qalıb. Bunun başlıca səbəbi respublikada kitab marketinqi ilə məşğul olan qurumun olmamasıdır. Respublikamızda kitab bazarı tamamilə dağıdılıb, demək olar ki, yox səviyyəsindədir. Halbuki əvvəllər kitabla bağlı böyük bir şəbəkə mövcud idi. Ən böyük problem isə ondan ibarətdir ki, bu gün bazarın təlabatı əsla nəzərə alınmır. Sifarişlər əsasında kitablar çap olunur ki, onların da orta tirajı 500 ədəddir. Təbii ki, həmin kitablar da müəlliflərin özlərinin vəsaitləri hesabına işıq üzü görür. Müəllif kitabının nəşri ilə bağlı bütün xərcləri ödəyir, nəşriyyat kitab çap edir və sahibinə qaytarır. Bundan əlavə, kitabların alınmamasının bir səbəbi də oxucu zövqünü oxşayan kitabların olmamasıdır. Həmsöhbət olduğum naşir də kitab bazarında belə problemin yaşandığını təsdiqləyir.
   Bizim şüarımız belədir: «Pis kitab yoxdur, pis naşir var». Nəşriyyatlar elə əsərlər buraxmalıdır ki, satılsın və xeyir gətirsin. Məsələn, Aqil Abbasın «Dolu» kitabını bir həftəyə buraxdıq. Tarixi mövzuda yazılmış bu əsər oxucular arasında böyük marağa səbəb olduğundan çox tez satıldı. Oxucu zövqünü oxşayan digər kitab bu yaxınlarda nəşr etdiyimiz Qəzənfər Paşayevin Nostradamus haqqında yazdığı kitabdır. Kitab çox satıldığından oxucular onun ikinci dəfə nəşrini istədilər. Deməli, bu kitablar bu gün oxucu zövqünü oxşayır ki, onların təkrar çapını istəyirlər».
   Bu gün özəl nəşriyyatlar nəşr etdikləri kitabların dəyəri, ad göstəriciləri, sayı baxımından yetərincədir. Lakin təəssüfləndirici haldır ki, özəl nəşriyyatların əksəriyyətində nəinki ayrı-ayrı redaksiya və şöbələr, əksinə, redaksiyaların özü və şöbələri olur. B. Axundovun fikrincə, bunun səbəbi peşəkar naşirlərin olmamasıdır: «Ən acınacaqlı hal burasındadır ki, Azərbaycanda mətbəə açmaq həvəsində olanlar kommersiya məqsədi güdürlər. Müasir standartlara uyğun nəşriyyat böyük pul tələb edir, amma onun qazancı qəpik-qəpik gəlir. Elə mətbəələr var ki, saxta mal buraxır, qarşısı da vaxtında alınmır. Nəşriyyat həmişə pul gətirən sahə deyil. Deməli, nəşriyyatda kommerisiya ön planda deyil, həm də bir mənəvi borc var. Nəşriyyat işində dövlətinə, millətinə, xalqına, gələcəyinə, dövlətçiliyinə, müstəqilliyinə bir ehtiram olmalıdır. 5 manat pul qazanacaqsan deyə, niyə saxta kitab nəşr edib millətin, həmçinin özünün də balalarını məhv edirsən?
   Heç yadımdan çıxmaz, Heydər Əliyev bir kitab müəllifinə dedi ki, 500 tirajlı kitabı kimin üçün buraxmısan? 8 milyon əhalisi olan bir respublikada ən azı 15 min tirajı olan kitab buraxılmalıdır. «Azərkitab»ın Bakıda 500-dən yuxarı kitab mağazası var idi. Amma indi onların çoxu ayaqqabı mağazasına çevrilib. Bu da səbəbsiz deyil. Mağazanı açıb içinə nə qoysun. Nəşriyyatlar yaxşı kitab buraxmalıdırlar».
   Təcrübəli naşir poliqrafiya mütəxəssislərinin hazırlanmasını sevinci hissi ilə vurğuladı: «Mən çox sevinirəm ki, artıq Bakı Dövlət Universitetində və Mədəniyyət və İncəsənət Universitetində naşir hazırlayan fakültələr var. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi olduğumdan həmin fakültədə dərs deyirəm. Bu sahə ilə məşğul olan mütəxəssis kimi deyə bilərəm ki, indi Azərbaycanda peşəkar naşirlərə çox böyük təlabat var. Elə ona görə də, 2006-cı ildə nəşriyyat işinin öyrənliməsi sahəsində yeganə dərslik olan «Azərbaycanda nəşriyyat işinin əsasları» adlı dərslik yazdım».
  
   Nəşriyyatları koordinasiya edən qurum olmalıdır
  
   Bu gün ölkəmizdə kitabın təbliği və reklamı da dünyanın bir çox ölkələrindən fərqlənir. Belə ki, əksər ölkələrdə kitabın reklamı çapdan çıxmamışdan əvvəl başlanırsa, bizdə bu iş kitabın çapından sonraya qalır. Bu sahdə yaranmış problemləri aradan qaldırmağın yollarından biri də nəşriyyatların işinə təkan verməkdir. Təəssüflə deməliyik ki, onlar hələ də bir qurum ətrafında birləşməyiblər. B.Axundov hesab edir ki, belə bir qurumun yaranması vacibdir: «Bu nəşriyyatlar dövlətin tabeliyində olmadıqları üçün, hər biri müstəqil sayılır. Sayları az olduğundan təşkilatlanmırlar. Əlbəttə, onları koordinasiya edən təşkilatı lazımdır və həmin təşkilatda hər bir nəşriyyatın nümayəndəsi olmalıdır ki, dövlət qarşısında hər hansı məsələ qəldıra bilsin. Azərbaycanda nəşriyyatın, poliqrafiyanın çox ciddi problemləri mövcuddur. İndi heç bir özəl nəşriyyat dövlət qarşısında məsələ qaldırmaq səlahiyyətində deyil. Bunu yalnız nəşriyyatlara kömək məqsədilə yaradılan hər hansı bir qurum edə bilər».
  
   Yeni metodun tətbiqi dünya praktikasına inteqrasiyadır
  
   Son iki ildə dərsliklərlə bağlı yeni metodun tətbiq olunmasından da söz açan B. Axundov hazırda Azərbaycanda dərslik probleminin olmadığını diqqətə çəkdi: «Uzun illər Təhsil Nazirliyi ilə çalışan nəşriyyatlar və nazirliyin müvafiq qurumları, o cümlədən ictimai təşkilatların bu sahəyə diqqətlə yanaşması uğurlu nəticələr verib. Azərbaycanda ildən-ilə dərsliklərin səviyyəsi yüksəlir. İndi bizim dərsliklər digər inkişaf etmiş ölkələrin dərsliklərindən geridə qalmır. Bu da gərgin əməyin bəhrəsidir. Bildiyiniz kimi, respublikamızda 2 ildir ki, kurrikum proqramı həyata keçirilir və yeni dərsliklər bunun əsasında hazırlanır. Bu metodun tətbiqi Avropa və dünya praktikasına inteqrasiya deməkdir. Bu dərslikələrdə şagirdə və müəllimə daha çox yaradıcılıq imkanları verilir: müəllimlər öyrədən simadan istiqamətləndirən bir şəxsiyyətə çevrilir. Təhsil nəşriyyatı tenderdə ingilis dili və musiqi dərslərinin qalibi oldu və hər iki dərslik məzmun və forma cəhətdən yüksək səviyyədə nəşr olunub. Tender çox yaxşı mexanizmdir və orada obyektivlik qorunub saxlanılır».
   Onu da öyrəndik ki, nəşriyyat bu günə kimi orta məktəb şagirdləri üçün 25 adda müxtəlif çap məhsulları buraxıb.
   Nəşriyyat rəhbəri Azərbaycan dövlətçiliyi, Qarabağ olayları ilə bağlı bu günə kimi 100-dən çox kitab nəşr etdiklərini vurğuladı. Ümumilikdə isə «Təhsil» nəşriyyatı fəaliyyət göstərdiyi müddətdə 5000-dən çox adda, 30.000.000 nüsxədən çox kitab araya-ərsəyə gətirib.
   Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2 cildlik «Darıxan adam», Səttar Bəhlulzadənin «Yollar, mənzərələr», 3 dildə buraxılan «Azərbaycan qayaüstü rəsmləri» kimi kitablarını da nəşriyyatın uğurları sırasına yazmaq olar. Təqdirəlayiq haldır ki, yaxın günlərdə Mədəniyyət və Turizm Nazirlyi tərəfindən təşkil ediləcək Beynəlxalq kitab və sərgi yarmarkasında «Təhsil» nəşriyyatı 100- dən artıq kitabla iştirak edəcək.
   B. Axundov sonda onu da bildirdi ki, «Təhsil» nəşriyyatının çox tez uğur qazanmasının sirri peşəkarlıq, müəssisənin işçilərinin arasında yaranmış mənəvi bağlılıqdır: «Biz böyük bir ailəyik və heç kəs bu ailənin üzvü olaraq bizim daxili qayda-qanunlarımızı poza bilməz. Mən bu gün fəxr edirəm ki, bizim kitablarımız haqqında Heydər Əliyev kimi böyük bir düha 2-3 dəfə çox yüksək fikir söyləyib. Bu illərdə Azərbaycan dövlətçiliyi, daxili və xarici siyasəti, Qarabağla bağlı 100-də çox kitab nəşr etmişik. Bundan başqa, müəssisə fəaliyyət göstərdiyi müddətdə 5000-dən çox adda, 30.000.000 nüsxədən çox kitab çapedib. 16 yaşını qeyd edən «Təhsil» nəşriyyat Poliqrafiya Birliyi öz şərəfli missiyasını bu gün də uğurla davam etdirir».
  
   Mehparə