O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir. Hələ Bakıdaykən Ələddin Abbasov haqqında fikirləşəndə ilk ağlıma gələn bayaq söylədiklərim oldu. Gəncədə teatrda, səhnənin beş addımlığında pəncərədən düşən işığın altında qabaq-qənşər oturub, çatılmış qaşları, sivri burnuyla qartalı xatırladan Ələddin müəllimlə söhbətləşəndə haqqında bir az əvvəl verdiyim qiymət yadıma düşdü. Yanılmamışdım, bu dünyagörmüş kişi necə səciyyələndirmişdimsə eləcəydi. 
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatırının qərb bölgəsinə səfəri zamanı Şəmkirdən Gəncəyə gedib Ələddin Abbasovla görüşmək istəyi əvvəlcədən beynimə girmişdi. Hələ səfərə çıxmaq xəbərini eşidən gündən. Və görünür qismətimdə varmış. Qastrolun axırıncı günü iki daşın arasında ağsaqqal sənətkarla görüşmək, məncə, bir naxış məsələsiydi ki, Yaradan taleyimə yazmışdı. Bir gün əvvəldən Gəncə teatrının direktoru Əli Qasımovla danışıb vədələşmişdik. Sağ olsun, son vaxtlar səhhətiylə əlaqədar teatra müntəzəm gələ bilməyən Ələddin müəllimi razı salmışdı. Bircə qalırdı, Şəmkirdə keçirəcəyim son saatlardan ən azı ikicəciyini qurban vermək, buna da razıydım. Beləliklə, səfər yoldaşlarım qalaya ekskursiyadaykən, üzümü tutdum Gəncəyə. Məni ora aparıb-gətirməyəsə taksi sürməkdən tutmuş, əkib-becərməyə, dükan işlətməyəcən hər nə desən bacaran Elmidar razılıq verdi.
   Biz teatra yetişəndə qəhrəmanım artıq ordaydı, oğlu Oqtayla yolumu gözləyirdi. Əli Qasımov gəlib çatdığıma, ağsaqqala nahaq əziyyət vermədiyinə görə sevindi. Bir kömək lazım olub-olmadığını dəqiqləşdirdikdən sonra harasa getdi. Ələddin müəllimlə baş-başa qaldıq:
   -Sənətkar, bağışlayın ki, nabələdliyimdən vaxtı məsafəyə uyğun hesablayammamışam deyə, yolda bir az yubanmışam...
   -Bay, qadan alım (şirin Gəncə ləhcəsiylə deyir bu sözləri-S.E), ayıb döyülmü? Sən ki, məni sayıf, ordan bura gəlifsən, hər şeyə dəyər.
   -Allah razı olsun. Necəsiz, canınız-başınız yaxşıdımı?
   -Qoja adam nejə olar, eləyəm (Gülürük). Düşmüşəm, ta həminki adam döyüləm. Əl-ayağım sözümə baxmır. Gördün də, oğlum qoluma girməsə, beş-on pilləkəni çıxammırdım. Beləydimmi mən? (Başını bulaya-bulaya dediklərini təsdiq edir). Yaman şeymiş qojalıx.
   -Yox, elə deməyin, maşallah huşunuz-başınız yerindədi.
   -(Xəfifcə gülümsəyir). Hə, yaddaşım hələ ki, məni darda qoymur. Sağlığına, hər şey xatirimdədi.
   -Məsələn, teatra gəlişiniz… (Sözüm ağzımda qalır).
   -O yan, bu yanı yoxdu. Elə xatırlayıram, sanki dünəniydi. Amma üstündən yetmiş il keçif ey. 1938-ci ilin axırında truppaya, sınaq müddətinə götürdülər. Bir neçə ay sonra təsdiqləndim. İlk rolum da yadıma gəlir, inqilabi mövzuda tamaşadaydı. Əvvəl-əvvəl təzəydim, ikinci, üçüncü dərəcəli rollar oynayırdım. Sonra təcrübəm artdı, baş və əsas qəhrəmanları rejissorlar mana etibar elədilər.
   -Arada müharibəyə getməyə də vaxt tapmısız.
   -Vaxtı, baxtı deyəmmərəm, amma müharibə bizi tapmışdı (Gülürük). Ayə, heç onu da düz-əməlli yarıdammadım. Yaralandım, qayıdıb gəldim teatrın üstünə.
   -Yaxşı söz oldu bu. Teatrın üstünə gəlməyinizi deyirəm. Müharibə sizsiz keçinərdi, səhnəsə çətin.
   -Sağ ol, qiymətinə görə. Kim itirdi, kim qazandı deyəmmərəm, həyatım belə gətirib.
   -Bəlkə, bu dəfə də xatirələrinizin diliylə, o illərə, burda baş verənlərə biz şahid olaq.
   -Gözüm üstə. Bir-iksi olar, yoxsa, yetmiş ilin, sənətdə keçən ömrümü deyirəm ha, yaşımı yox, əhvalatlarını danışmaqla qurtarmaz... Teatrımızda o vədə "Böyük ürək" tamaşası varıydı. Bakıya aparmışdıq. 1958-ci ilin söhbətini eləyirəm. Hökumət adamları hamısı ordaydı. Mən də kolxoz sədriydim tamaşada. Nə başını ağrıdım, oynadıq qurtardıq, bəs, dedilər ki, İmam müəllim səni lojaya çağırır. Getdim, gördüm oturuf, böyründə də Vəli Axundov. Bilirsən də, İmam müəllim kim oluf?
   -İmam Daşdəmir oğlu Mustafayev 1954-59-cu illərdə Azərbaycana rəhbərlik eləyib.
   -Ay maşallah, deyirəm də sən hər şeyi bilirsən ( Gülürük). Hə, orda qaldım axı, İmam müəllim nazirlər sovetinin sədri Vəli Axundovla yanaşı oturmuşdu. Ayağa duruf mənnən görüşdülər. Dedi ki, rolun xoşuma gəldi. Yəqin həyatda çox kolxoz sədrləri gördüyümü, onların qabarıq cəhətlərini öyrəndiyimi xəbər aldı. Bir də soruşdu ki, haralısan? Qorxusuz-hürküsüz dedim, gəncəliyəm. O vaxt bura Kirovabad adı qoymuşdular, yadına gələr. Sözüm döşünə yatmışdı. Qımışdı, heç nə demədi. Sonra sağollaşıb ayrıldı.
   Bu görüş nəticəsiz qalmadı. Elə Bakıdaca mənə "əməkdar artist" verdilər. Onda fəxri ad halva-halva döyüldü.
   -Xalq artisti fəxri adınasa 1971-ci ildə layiq görüldüz.
   -Teatrımızın altmış, altmış nəydi ə (Səsi xırıldayır, yox əslində bayaqdan xırıldayırdı, sanki xəbərsiziydi), əlli illiyində veriflər.
   -Siz, indi haqq dünyasında olan böyük sənətkarlarla- Mehdi Məmmədov, Ələkbər Seyfi, Məmmədrza Şeyxzamanov, Əşrəf Yusifzadə, Məmmədəli Bürcəliyev, Zülfüqar Baratzadə, Sədayə Mustafayeva, Muxtar Avşarov və başqalarıyla işləmisiz...
   -Mehdi Məmmədov rəhmətlik müəllimim oluf. Bizdə teatrın nəzdində studiya varıydı, orda dərs deyif mana. Çətin vaxtlarıydı, kadr çatışmırdı. Studiyada studiyaydı ey, vallah institutdan geri qalan döyüldü. Nəzəriyyəynən təcrübə bir yerdəydi deyə, aktyor əməlli-başlı püxtələşirdi. Allah rəhmət eləsin, o adlarını çəkdiklərinin hamısını müəllim hesab eləyirəm özümə. Yaxşı bilərsən, sənət yoldaşlarının güclü olmağı nə deməkdi. Onda rolu yaxşı oynamaqdan savayı yolun qalmır.
   -Necə deyərlər, göydəki yox, yerdəkilər əlacını kəsir.
   -(Gülür). Yaxşı mənada sən deyəndi. Bu sözləri hardan tapıb çıxardırsan, a qardaş?
   -(Sualını cavabsız qoyuram) Bəlkə, Cahandar ağadan danışaq, sizi aləmdə məşhur edən roldan.
   -"Dəli Kür"dən qabaq çəkilmişdim. İlk filmim "Doğma xalqıma" olub.
   - Rəhmətlik Hüseyn Seyidzadəylə birinci filmdən tanışıydız. Ona görə də "Dəli Kür"ü çəkməyə başlayan kimi, bu rolu Sizə...
   -Yox, tapşırmadı. Başqa adamlar varıydı rola namizəd. Mən də çəkiləcəyimdən əlimi üzüb, kinostudiyadakılardan xəbərsiz öz işimdəydim. Teatrnan Tiflisdə qastroldaydım. Xəbər gəldi ki, təcili Bakıya getməliyəm. Qayıtdım Gəncəyə, görüm bu nə məsələdi. Öyrəndim, sən demə, kinostudiyada gözləyirdilər. Düzü, bilmirəm niyə, amma Seyidzadənin məni bu rola çəkəcəyinə inanmırdım. Ta xəbərim yox ki, o birilərnən alınmadığına görə, bayaq bir söz dedin ey, əlacı kəsilifmiş. Qərəz, gəldim Bakıya. Studiyaya girəndə hal-xoş eləməyə də qoymadılar. Qaçaraq qrimləyib kamera qabağına çıxartdılar. Fotosınaqsız-zadsız birbaşa kinolentə çəkib yoxladılar. Onda "Azərbaycanfilm"in direktoru Adil İsgəndərovuydu. Heç yadımdan çıxmaz, rəhmətlik gəldi mənnən bağlı sınaq çəkilişinə baxdı, bəyəndi. Rəhmətlik Leyla Bədirbəyli də ordaydı. Adil müəllim onun fikrini soruşdu. Leyla xanım bircə cümlə dedi: "Əsl Cahandar ağadı, adam belə kişinin arvadı olmaq istəyər". Bunnan da məsələ mənim xeyrimə düzəldi. Sən görəydin rəhmətlik İsmayıl Şıxlı nətəhər uşaq kimi sevinir, "Ayə, sənin qadan alım, nə yaxşı gəlif çıxmısan" deyif məni qucaqlayır...
   Natura çəkilişləri əsasən Şamaxının Dədəgünəş kəndində, bir qismisə Qazaxda aparıldı. Kinostudiyanın pavilyonunda yaxşı dekorasiya qurmuşdular. Bəzi çəkilişlər də orda oldu...
   - Cahandar ağa neçə-neçə filmlərə yol açdı. Necə deyərlər, bu rolun ayağı sayalıymış. "Qatır Məmməd", "Qocalar, qocalar", "Köhnə bərə", "Qətl günü", "Özgə vaxt" və "Məkanın melodiyası"nda çəkildiz. İşinizin keyfiyyətinə söz yoxdu. Amma qırx il üçün siyahı uzun deyil.
   -Bay, sənin qadan alım, burda yaşamağı nə bilmisən... Rəhmətlik Turabov oynadığı Gəray bəy var ey, Bakıda olsaydım bəlkə də mən çəkilərdim o rola. Yaxud Qaçaq Nəbiyə. Teatrda o rolları oynamışam. Deyilənə görə, çox yaxşı alınıf. Ümumiyyətlə, mən sənə deyim ki, aktyor səhnədə yetişir. Bu baxımdan milli dramaturgiyamızda Cəfər Cabbarlı yaradıcılığının böyük əhəmiyyəti var. Mən o kişinin bütün əsərlərində çıxış eləmişəm.
   -Ələddin müəllim, artıq 87-ni də yola saldız. Allah ömür versin, bu gün Azərbaycan səhnəsinin və ekranının ağsaqqalısız. Ötənlərə boylananda nədənsə peşmançılıq çəkmirsiz?
   -Səhvsiz insan yoxdu. Elə şeylər var ki, cavanlıqdanmı, ya nədənsə oluf. İndi bu yaşda "gərək belə olmayaydı" deyirsən. Amma bütövlükdə, yaşadığım ömrə peşiman deyiləm.
   -Sizə dövlət və xalqımız qiymət verib. Xalq artisti, Prezident təqaüdçüsüsüz, üstəlik də millət sevgisi. Ailə sarıdan nə qazanmısız?
   -Şükür, pis deyil. İki oğlum, bir qızım, səkkiz nəvəm və üç nəticəm var. Oğlanlarıma Cəfər Cabbarlıya məhəbbətimin xatirinə Aydın və Oqtay adı qoymuşam. İkisi də burda teatrda işləyir. Biri işıq üzrə rəssam, o biri quruluş hissə müdiridi, aktyorluğu da var. Oqtayın oğlu Samirsə hazırda Gəncənin tanınan gənclərindəndi. Teatrın aparıcı aktyorudu. Nəticələrimin ikisi qızımnandı, Bakıda yaşayırlar. Allah hamınınkıları saxlasın, mana yaxşı baxırlar. Di gəl, darıxıram. Bilirsən niyə? Bax, bura üçün darıxıram...
  Dərindən köks ötürür. Pauzadan istifadə eləyib şəklini çəkirəm. Toxtayır. Beş-on addım o yanda işıqları sönmüş, ahənrüba kimi adamı özünə çəkən səhnəni göstərib, soruşuram ki, Allah imkan versə, yenidən bura çıxarmı? Cavabında:
   - Bə nədi, 70 ilim keçif bu səhnədə. Uça-uça gələrəm, bircə Allah yol verərsə əgər...
   Buracan mənlikiydi. Allah bağışlasın, bircə yol, bircə anlığa Allah ola bilsəydim...
   
   Seymur ELSEVƏR
   
seymurelsever@rambler.ru