Öz çağlarından bac almış qocalar...
   

   Təhməzova Zərifə Təhməz qızı.
   1930-cu ildə anadan olub. Qusar şəhər orta məktəbini bitirdiyi (1948) il ADU-nun (BDU) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.
   Universiteti bitirdikdən (1953) sonra Ağdam rayonunda çıxan «Lenin yolu» qəzetində, sonra (1954) o vaxt tikilməkdə olan Mingəçevirdə «Mingəçevir inşaatçısı», «Mingəçevir işçisi» qəzetlərində şöbə müdiri işləyib.
   1961-ci ildən Sumqayıtda yaşayıb fəaliyyət göstərməyə başlayıb. «Sosialist Sumqayıtı» qəzetinin şöbə müdiri və 1962-69-cu illərdə redaktoru olub.
   1967-70-ci illərdə Qax rayonunda çıxan «Şəlalə» qəzetinin redaktoru olub.
   1970-ci ildə yenidən Sumqayıta qayıdıb. Əvvəl şəhər Partiya Komitəsi ideoloji şöbəsində təlimatçı, 1972-ci ildən 1985-ci ilə - təqaüdə çıxanadək şəhər Mədəniyyət Şöbəsinin müdiri işləyib.
   Yerli əhəmiyyətli fərdi təqaüdə çıxdıqdan 1994-cü ilədək şəhər mədəniyyət və istirahət parkında bədii rəhbər kimi çalışıb. 2002-ci ildə Şəhər Ağsaqqallar Şurası idarə heyətinin üzvü, təşkilat-təlimat şöbəsinin müdiridir.
      
   - Zərifə xanım, oğul-uşaq, nəvə-nəticələriniz haqda sonra danışarsız. Özünüzdən 20 yaş kiçik olan Sumqayıtı da Sizin «balanız» hesab etmək olarsa, bu gün bu nəhəng övladınızın körpəliyi haqda qısa bir «nənə nağılı»...
    - 1961-ci ildə biz Sumqayıta yolüstü gəlmişdik. O zamanlar bu şəhər 2-3 mərtəbəli binalardan ibarət idi. Amma mənim doğulduğum Qusarla müqayisədə çox cəlbedici idi. Hər yeri «işıq gələn tərəf» idi - amma divsiz-əjdahasız. Sanki adamlar müharibə görməmiş bu məkanı qələbənin davamı kimi tikirdilər... Sumqayıt məni həm də yerləşdiyi məkana görə cəlb elədi və doğmalaşdı.
   Sumqayıta gəldiyim vaxtdan bu şəhərin qəzetində işləməyə başlamışam. Sumqayıt bizim qələmimizdən iti bir sürətlə tikilirdi. Yenilikləri, bir-birini əvəz edən məlumatları çatdırıb çap etməyə çətinlik çəkirdik. Sanki adamlar o binaları dövlət üçün yox, özləri üçün - şəxsi mülk kimi can-dildən tikirdilər. Amma əslində elə belə idi - ürəkdən işləyən hər kəs evlə də təmin edilirdi.
   O vaxtlar Nəbi Xəzrinin sözlərinə yazılmış o mahnı çox məşhur idi. O vaxtlar - el Sumqayıtda həqiqətən xarüqələr yaradırdı! Sumqayıta çoxlu qonaqlar da gəlirdi və bu şəhəri 20-ci əsrin möcüzəsi sayırdılar. O vaxtlar Sumqayıtın çoxlu adı da vardı. «Dostluq şəhəri», «gənclik şəhəri», «xarüqələr şəhəri»... İlk dəfə əhalinin siyahıya alınması keçiriləndə məlum oldu ki, burada 81 millətin nümayəndələri var.
   - Siz mədəniyyət şöbəsinin müdiri də işləmisiniz.
   - Mən bu vəzifədə işləmək istəmirdim. Öz peşəmi - jurnalistliyi, qəzetçiliyi sevirdim. Bir gün şəhər partiya komitəsinin katibi dedi ki, nə olsun özünüz mədəniyyət şöbəsində işləməyə getmirsiniz, biz sizi ora göndəririk! Əvvəl çox çətin gəlirdi. Amma sonralar uyğunlaşdım. Gördüm ki, mədəniyyət sahəsində də, jurnalistikada olduğu kimi, maraqlı nüanslar var, axtarışlarla, adamları səfərbər və cəlb etməklə çox işlər görmək olar. İlk təşəbbüsümüz bu oldu ki, qələbə bayramı ərəfəsində şəhər stadionunda «Mahnı və əmək» bayramı keçirək. O vaxtlar şəhər Partiya Komitəsinin birinci katibi Kamran Bağırov çox köməklik etdi. Bununla da işgüzar bir ənənə başlandı. Mədəniyyət idarəsində yaxşı kollektivimiz vardı. Onlardan Solmaz Xəlilova, Bədirxan Bədirxanzadə, İsmayıl müəllim çox zəhmətkeş insanlar idilər.
   Mən təqaüdə çıxandan sonra da mədəniyyət işlərindən ayrıla bilmirəm.
   O vaxtlar mədəniyyət nazirliyi nəzdində xalq bədii yaradıcılıq evləri vardı. Bunlara belə bir təklif göndərmişdilər ki, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində respublikaların kütləvi bayramları keçiriləcək. Həmin dövrlər təşəbbüs qaldırmışdılar ki, mədəniyyət və idman kompleksləri təşkil olunsun. Bu komplekslər arasında seçimdə püşk Sumqayıta düşdü. Biz 90 nəfərlə getdik Moskvaya. Orada çox maraqlı çıxışımız oldu. Hətta tamaşaçılara öz milli şəkərbura, paxlava və digər şirniyyatlarımızı da payladıq. Başqa respublikalardan fərqli olaraq, bir meydan tamaşası yaratdıq. Hər şey canlı, hər şey özümüzəməxsus. Sonda 90 nəfərin hamısına festival laureatı adı verildi.
   - Bir vaxtlar Sumqayıta «qazovka» şəhər də deyirdilər...
   - Faktdır, həqiqətdir. Ancaq zaman keçdikcə, texnika inkişaf etdikcə, o tüstülülük tənəzzülə uğrayırdı. İndi o vaxtlardan bizə yadigar qalan çirkab sularını təmizləyici qurğular tikilir.
   - Bəs mədəniyyət məsələlərində o vaxtlarla bu vaxtlar arasında nə kimi dəyişikliklər görürsüz?
   - O vaxtlar işləmək bir az asan idi. Çünki əhalinin çox hissəsini gənclər təşkil edirdi, gənclərin də ki, yaşamağa, qurmağa həvəsi həmişə olub. O vaxtlar zavodların, ayrı-ayrı müəssisələrin qaynar əmək həyatı güclü iqtisadiyyat, maddiyyat yaradırdı, güclü iqtisadiyyat isə, öz növbəsində mədəniyyət, firavan həyat doğururdu. Bütün Sumqayıt qar-qar qaynayırdı. Yadımdadır, bir vaxt Rusiyanın «Beryozka» ansamblı gəlmək istəyirdi bura. O vaxt indiki kimi böyük mədəniyyət sarayları yox idi. Və mən zavodların həmkarlar təşkilatlarına müraciət etdim. Onlar bu məşhur ansamblı qarşılamağı, biletlərin satışını, tamaşaçılar qarşısında layiqincə çıxış etmələrini, bizə məxsus hörmət-izzətlə yola salınmasını təşkil etdilər.
   - Zərifə xanım, Sumqayıt 5-6 yüz min nəfərlik şəhərlər içrə ən çox nəyi ilə fərqlənir?
   - Bu şəhərin ən çox cəlbediciliyi budur ki, sumqayıtlılar ünsiyyətlə yaşamağı sevirlər. Bunlar min ləhcədə «can!» deyib, min bir ləhcədə «hay can!» eşidərlər...
   - Bəs tikintisi, arxitektura-arxitektonikası?..
   - Bu çox iri sualdı. Yəni mənlik deyil. Amma bir fraqmentlik sözüm var. O vaxtlar belə bir qərar çıxarmışdılar ki, Sumqayıtda məktəb və uşaq bağçasından başqa heç nə tikilməsin. Doqquzuncu mikrorayonda bir bağça tikmişdilər və onun bir korpusunu musiqi məktəbinə vermişdilər. Mən bir gözəl arxitektor qadından xahiş etdim ki, musiqi məktəbinin artırılması ilə əlaqədar bir proyekt işləsin. Müxtəlif instansiyalardan icazələr də aldım. Tikinti başa çatandan sonra yoxlama gəldi və bu əlavə tikintinin qeyri-qanuni olduğunu bildirdi. Çox dirəndilər, məni çox çək-çevirə saldılar, mənsə dedim ki, çox ola - uzaqbaşı, mənə töhmət verdirərsiz, işdən çıxartdırarsız, binanı ki sökməyəcəksiz! Yəni, demək istəyirəm ki, bizim insanlarda işləməyə həvəs çox idi. O məktəb indi də o ərazidədir və camaat öz uşağının musiqi təhsilinə görə xatircəmdi. Necə deyərlər, bir alınan qalır, bir də tikilən...
   - İndi sualım o dövrün qəzet redaktorunadı; o dövrün mətbuatı ilə indiki çağın mətbuatı arasında fərqlər...
   - Mətbuata çox böyük hörmət olmalıdır və o vaxt indikindən yaxşı idi. O vaxt mətbuat həyati problemlərlə məşğul idi, indi həm də «avtoproblem»lərlə. O zamanla müqayisədə indi mətbuat qarşısında daha çox labirintlər var.
   - Bəs TV-lər necə, Sizi qane edir?
   - Yox, mən çox vaxt televizoru heç açmıram da. Hətta uşaq verilişləri də məni qane etmir, nəinki böyüklər üçün heç bir mənəvi qida verməyən «üç badam, bir qoz» şoular! İnsan televizora baxanda tərbiyə, davranış, geyim və başqa mədəniyyət qaydalarını öyrənməlidi. Bizdə isə, əksinədi; o televizionşiklərin çoxu gəlsinlər lap elə bu sumqayıtlılardan bir az ədəb-ərkan öyrənsinlər.
   - Sizcə, gənc Sumqayıt, maraqlıdı, ya baba Sumqayıt?
   - Mənimçün gənc Sumqayıt daha maraqlı idi. Ona görə yox ki, o vaxt mən də gənc idim, ona görə ki, bu gün gördüyünüz bu daha gözəl Sumqayıtı məhz o zaman qurub-yaradırdıq!..
   - Bəs Sumqayıt hansı dövrdə daha diqqətli, daha mərifətli, daha etik-estetik idi?
   - Yenə o dövr! Bu, nostalji deyil. Özünüz də görmürsüzmü, indiki qocalar indiki gənclərdən çox mədənidilər...
   - Ay Zərifə xanım, bununla öz bostanınıza da daş atmış olmursunuzmu, bu gəncləri sizlər yetişdirməmisizmi?..
   - Mənim evdə dörd nəvəm böyüyür: üç qız, bir oğlan. Onları özümə layiq böyütmək üçün çox əziyyətlər çəkirəm. O vaxtlar uşaqlar təkcə ailə və məktəb tərbiyəsi alırdı, indi isə TV, radio, pis-pis jurnallar, küçə və s. Belə «qonşu»larla uşağı necə formalaşdırasan? Ev-eşiyimizə müdaxilələr çoxdu...
   - Bu gənc Sumqayıt qədim Azərbaycana necə inteqrasiya olunur?
   - Sumqayıt şəhəri heç vaxt yad görünməyəcək. Etnik və demoqrafik rəngarəngliyinə görə isə bizim bu şəhər bir dənədi! Rəhmətlik öndərimiz bir dəfə burada belə dedi : «Sumqayıt kiçik Azərbaycandı!»
   - Bu «Ağsaqqallar evi»ndə necə hiss edirsiz özünüzü? Ağbirçəklər ağsaqqaların «hakimiyyət» immunitetinə məruz qalmırlar ki?..
   - Xeyr. Burdakı qədər gender bərabərliyinə heç yerdə rast gəlməzsiz.
   - Amma biz bayaq şura sədri Müzəffər Gülümovun zabitə və zəhmindən çəkindik...
   - Bəs nə bilmişdiz, bu şəhər o cürənə zəhmli-zabitəli kişilərin hesabına tikilib!
   - Hamınıza 60 yaşlı gözəl şəhəriniz kimi uzun ömür!»
   - Çox sağ olun, sizin qəzetiniz və kollektivinizlə birgə!
   
   Söhbətləşdi: K.Cəbrayıl