Müsahibimiz bu yaxınlarda təsis edilmiş Milli Kitab Mükafatının (MKM) təsisçisi Nigar Köçərlidir. Kitab bazarında öz yeri olan “Əli və Nino” kitab şəbəkəsinin rəhbəri Nigar xanımla söhbətimizi həm kitab biznesi, həm də mədəni mühitdə uğurla qarşılanan Milli Kitab Mükafatının işi ilə bağlı qurduq.
   
   - Biznesin çox gəlirli sahələri ola-ola nədən bizim üçün ənənəvi olmayan kitab biznesini seçdiniz?
   - Uşaqlıqdan mütaliəni sevmişəm. Əvvəllər bir çox xarici şirkətlərdə, o cümlədən BMT-nin layihələrində çalışmışam. Kiçik bizneslə məşğul olmaq qərarını verəndə isə məhz mütaliə marağım seçimimi müəyyənləşdirdi. Kitab işi həm də bir mənəvi sahə olaraq maraqlıdır. 3 kitab mağazası, 2 lit-kafe və nəşriyyat evi “Əli və Nino” kitab şəbəkəsinin brendidir. Hələlik nəşriyyatımız geniş fəaliyyətə keçməyib. Cəmi 2 kitab nəşr etmişik. “Əli və Nino” əsəri və bir də “Bakı və kəndləri” almanaxı oxuculara təqdim edilib. İndi uşaq ədəbiyyatı üzrə rəsmli, müasir dizaynlı silsilə kitablar çap etmək fikrindəyik. Məncə, bu sahədə kifayət qədər boşluq var. Azərbaycan kulinariyası üzrə də bir almanax layihəsi hazırlayırıq. Bilirsiniz, pul qazanmaq pis istək deyil, bu hansısa sahənin inkişafına təkan verir. Kitab biznesi isə xüsusi ünsiyyət və mədəniyyət tələb edir. Bizim işçilər bunlara yiyələndiklərindən özlərini başqa sahədə təsəvvür etmirlər. Mən özüm də şəbəkənin kitab dünyasından mənəvi güc alıram. Hobbim də kitablarla bağlıdır. Kitablarla bağlı hər bir şeydən kolleksiya toplamağı xoşlayıram. Açıqcalar, simvollar və sair.
   - Maraqlıdır...
   - Məsələn, məndə Poelo Koelio, Orxan Pamuk kimi məşhur yazıçıların şəxsən öz imzaları ilə bağışladıqları kitablar var.
   - Qadınların bizneslə məşğul olması imkanları nə qədər asan və nə qədər çətindir?
   - Bilirsiniz, qadınlar üçün Vergi Məcəlləsində xüsusi güzəşt yoxdur. Lakin mən çox istərdim ki, qadınlarımız daha çox sahibkarlıq təşəbbüsləri göstərsinlər. Bu cür fəal qadınlarımız azdır.Mən gözəllik salonlarının fəaliyyəti ilə məhdudlaşmanın əleyhinəyəm. Nəzərdə tutduğum xüsusi layihələrdir. Qadının bizneslə məşğul olması onun asılılığını azaltmaqla bərabər, sərbəst düşünmə imkanlarını genişləndirərdi. Digər tərəfdən cəmiyyətimiz də qadının bu cür fəallığına hazır deyil. Elə mənim öz valideynlərim də sadəcə elmlə məşğul olmağımı istəyirdilər. Müasir Azərbaycan qadını isə yalnız ailə ilə məhdudlaşa bilməz. O, cəmiyyətdə fəal olmalıdır.
   - Şəbəkənin nə qədər işçisi var?
   - 30-a qədər işçimiz var və xüsusi qeyd edərdim ki, onların içində qadınlar çoxluq təşkil edir.
   - Milli Kitab mükafatının təsis edilməsi ideyasının əsasında nə durur?
   - Bilirsiniz, bu gün kitab işinin təbliğinə böyük ehtiyac və zərurət yaranıb. Digər tərəfdən, bizim şəbəkədə rusdilli kitablar üstünlük təşkil edir, ümumiyyətlə ölkə kitab bazarında bu reallıq mövcuddur. Amma kitab biznesində olan bir müəssisə kimi bizim marağımız ondadır ki, dilimizdə yetərincə bədii ədəbiyyat olsun. Nə üçün yazıçı öz işi ilə məşğul olmasın? Axı kitabın çapı, yayımı kimi məsələlərdə üzləşdiyi problemlər onun formalaşmasına mənfi təsir göstərir. Ədəbiyyatın və kitabın təbliğinə ciddi ehtiyacın yarandığı halda şou-biznesə qədərindən artıq diqqət göstərildiyini başa düşmürəm. İndi ələlxüsus müasir yazarlarımıza dəstək, stimul lazımdır. Eyni zamanda yeni ədəbi imzalar üzə çıxarılmalıdır.
   - Mükafatla bağlı hansı məsləhətləşmələriniz oldu?
   - MKM-nin təsisi ilə bağlı mən dəyərli ziyalılarımızla məsləhətləşdikdən sonra konkret addım atdım. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi bu işə öz mənəvi dəstəklərini əsirgəmədilər. O cümlədən Azərbaycanda çalışan xarici şirkətlər layihəyə dəstək verdilər. Hətta məndən layihəni daha da genişləndirməyi istədilər. Bu şirkətlər bizim sosial sferada çalışırlar, eləcə də mədəni sferamızda fəal iştirak etmək arzusundadırlar.
   - Bir az da mükafat prosesinə qatılmaq qaydaları haqqında məlumat verərdiniz..
   - Milli Kitab Mükafatı hər il veriləcək. Müsabiqəyə minimum 40 000 işarədən ibarət olan hekayələr, povestlər, romanlar, povest və ya hekayələr məcmüələri təqdim edilə bilər. Mükafata, müəllifin vətəndaşlığından asılı olmayaraq, Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim oluna bilər. Xüsusi olaraq qeyd edim ki, müsabiqəyə, mükafat prosesinin başlanması tarixindən 10 ildən gec yazılmamış və ya nəşr olunmamış əsərlər təqdim edilə bilər. Müəlliflərin yaşı, yaşayış yeri və əsərlərinin nəşr edilmə yeri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmur.
   - Bəs sonrakı mərhələlər...
   - Namizəd əsərlər 31 dekabr 2009-cu ilə qədər qəbul olunur. Yanvarın 26-da 20 əsərdən ibarət əsər elan ediləcək və münsiflər heyəti bu əsərləri oxuyaraq xüsusi mexanizm vasitəsilə dəyərləndirəcək. Fevralın 10-da isə 10 əsərin daxil olduğu kiçik siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdiriləcək və arzu edənlər üçün online səsvermə imkanı yaradılacaqdır. May ayının 1-də isə 3 qalibin adı elan olunacaq.
   - Maddi stimul imkanları hansı həddədir?
   - Birinci yerin qalibinə 3000 manat, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerin qalibinə isə 1000 manat həcmində mükafat veriləcək. Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanılacaq. Növbəti illərdə isə bu məbləği qat-qat artırmaq fikrindəyik. Azərbaycanın ən dinamik inkişaf edən sığorta şirkəti olan “Qarant Sığorta” xüsusi mükafat elan edir. Milli Kitab Mükafatı layihəsi dövründə sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1000 manat mükafat və mənzilinin 100000 manat dəyərində sığortası hədiyyə olunacaq.
   - Dediniz ki, məqsəd həm də gənc imzaların üzə çıxarılmasıdır. Lakin yaşlı nəslin tanınmış imzaları bu müsabiqəyə qatılacaqları halda onların qalib gəlmək imkanları məhdud olacaq...
   - Bu müsabiqədə yaş həddi olmadığından hər hansı gənc qalib gəlmək imkanına malikdir, yetər ki, dəyərli əsər təqdim etsinlər. Eyni zamanda əsərin son 10 ildə yazılması qaydası gənclərin xeyrinədir. Lakin xüsusi olaraq Gənclər və İdman Nazirliyi də gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1000 manat dəyərində öz mükafatını təsis edib. Məhz layihə çərçivəsində.
   - Mükafatla bağlı cəmiyyətdə bu və ya digər dərəcədə müzakirələr getdi...
   - Müzakirələrin getməsi normal və sevindiricidir. Bir az münsiflər heyətinin tərkibi ilə bağlı narahatçılıqlar ifadə edilir. Burada yazıçılarla bərabər, digər sahələrin nümayəndələrinin təmsil olunması birmənalı qarşılanmır. Amma bu formanı seçməkdə məqsədimiz ədəbiyyatı bütün cəmiyyətin diqqətinə gətirmək idi. Həmən şəxslər də kifayət qədər mütaliə edən ziyalılarımızdan seçilib. Digər tərəfdən, ədəbi əsərlərin əsas seçimini mətni bilən peşəkar ədəbiyyatçılardan ibarət ekspertlər şurası edəcək. Münsiflər isə yalnız son mərhələni yekunlaşdıracaqlar. Bu baxımdan narahatçılığa əsas yoxdur. dünya təcrübəsində mükafatların münsiflər heyətinin formalaşdırılmasının bir neçə təcrübəsi var. Biz də bunlardan birini seçdik.
   - Təsisdən kiçik müddət keçsə də soruşaq, əsərlərin qəbulunda say etibarı ilə vəziyyət necədir?
   - Özüm də o qədər inanmırdım, amma bu az müddətdə artıq 70-dən çox əsər qəbul edilib. Göndərişlər isə davam edir.
   - Mükafatla bağlı təsisçi olaraq son arzunuz...
   - Ədəbi mükafatlar nə qədər çox olsa, o qədər yaxşıdır. Çox arzulayıram ki, MKM-in qalibi sabah Nobeli Azərbaycana gətirəcək yazıçımız olsun.
   
   Söhbətləşdi: Səbuhi