Nizami Bağırov: «Opera müğənnisini yalnız zaldakı tamaşaçı görür»
   
   Biz həmişə teatr tamaşasını və ya kinonu izləyəndə daha çox baş qəhrəmanları yadda saxlayırıq. Onların kimliyi haqqında maraqlanırıq. Amma elə sənətkarlar var ki, onlar baş qəhrəmanı oynamasa da, tamaşanı arxasınca apara bilirlər. Nizami Bağırov haqqında yazı hazırlayarkən, onun hansısa əsərdə baş rolda olub-olmaması bizi maraqlandırmadı. Çünki çoxları onu Leylinin atası kimi tanıyır. Azərbaycan opera səhnəsində son illər Leylilərin sayı artsa da, qəhrəmanın atasını oynayan yalnız bir nəfərdir - Nizami Bağırov.
   
   Opera səhnəmizdə onlarla gəncin yetişməsində əməyi olan insandır Nizami müəllim. Tamaşalarda tərəf-müqabili olan gənclər onun dəstəyini həmişə hiss edirlər. Məhz onunla tərəf-müqabili olmuş, sənətini bölüşdüyü gənc aktyorlar çoxdan böyük səhnədə istedadlarını sübut ediblər. Nizami Bağırovla görüşüb söhbətləşdik. Azərbaycan Opera və Balet Teatrının solisti, əməkdar artist Nizami Bağırov Leylidən, tamaşadan, bir az da özündən danışdı.
   - 1972-ci ildə Azərbaycan İncəsənət İnstitutunun axırıncı kursunda oxuyarkən Opera və Balet Teatrına işləməyə gəldim. Elə o vaxtdan da burada çalışıram. İlk dəfə «Şah İsmayıl»da Qoca Ərəbin rolunu oynamışam. Ümumiyyətlə, teatra gələn bariton səslilər ilk dəfə bu partiyanı oxuyurlar. Sonra həmin əsərdə İbn Tahirin partiyasını ifa etmişəm ta bu günə qədər.
   - Bildiyimiz qədər uzun illərdir «Leyli və Məcnun»da Leylinin atası rolunu ifa edirsiniz. Bu rolda kiçik bir muğam parçası da ifa edirsiniz. Opera müğənnisi üçün muğam ifa etmək çətin deyil ki?
   - Leylinin atası rolunda 1993-cü ildən çıxış edirəm. Mənə qədər bu rolu Firudin Mehdiyev ifa edirdi. Elə mənə də bu partiyanı oxumağı o öyrədib. Firudin müəllim də mənim kimi vokalist idi. Özü necə ifa edirdisə, məni də elə öyrətmişdi. Leylinin atasının partiyası aşağı reqistirdə yazılıb. «Şur» muğamının maye hissəsidir. Bu parçanı aşağı səslə oxumaq imkanı var. Yuxarı olsa, bəlkə də, opera ifaçısı üçün onu oxumaq çətin olar.
   - Daha hansı rolları ifa etmisiniz?
   - «Koroğlu»da Ehsan paşanın, «Vaqif»də Eldarın, İbrahim xanın, «Şah İsmayıl»da İbn Tahirin, «Əsli və Kərəm»də Keşişin, «Aşıq Qərib»də Şahvələdin partiyalarını oxuyuram. Bundan başqa, italyan operalarında rollarım olub. Məsələn, «Riqoletta»da Marullo, «Çioçiosan»da Bonzanı oynamışam. Həm də bu rolları rus dilində yaratmışam. Elə tamaşalar var ki, hazırda onlar getmir. Amma əksər rollarımı uzun illərdir ifa edirəm. Necə ki, Opera və Balet Teatrına bağlanmışam, elə də rollarımı sevirəm.
   - Konservatoriya təhsiliniz varmı?
   - Mədəniyyət və İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmişəm. İki il yarım rəhmətlik Lütfiyar İmanovun tələbəsi olmuşam. İki il yarım isə əməkdar artist, operanın solisti olmuş Rəhilə Cabbarovanın sinfində təhsil almışam. Əslində mənim həvəsim musiqili komediyaya idi. Sonra istiqamətim dəyişdi. Tələbə vaxtı Opera və Balet Teatrının tamaşalarının əksəriyyətinə baxırdım.
   - Kifayət qədər yaddaqalan rolların müəllifisiniz. Amma bir o qədər tanınmırsınız. Səbəb nədir?
   - Opera müğənnisi ilə estrada, toy müğənnisi bir-birindən fərqlənir. Uzun illərdir opera teatrında çalışan, əksər tamaşalarda baş rolları ifa edən Şahlar Quliyev bu gün məhdud çevrədə tanınır. Soruşanda da deyir ki, məni tanımazsınız, çünki mən opera müğənnisiyəm. Aktyor, müğənni harada tanınar? Toylarda, şou-biznes nümayəndələri kimi, tez-tez ekrana-efirə çıxar, orda. Amma opera müğənnisini yalnız zaldakı tamaşaçı görür. Mənim bütün rollarım da («Aşıq Qərib»də Şahvələddən başqa) saqqallıdır. Yəni sifətim elə dəyişir ki, heç yaxın adamlarım belə məni tanıya bilmir. Üstəlik də mən özünüreklamdan həmişə qaçmışam.
   - Bu yaxınlarda dövlət tərəfindən əməyiniz qiymətləndirildi, sizə əməkdar artist fəxri adı verildi. Gec deyil ki?
   - Əsas olan odur ki, diqqətdən kənarda qalmadım. Bu ilin sentyabrında teatrımızın rəhbəri Akif Məlikovun təqdimatı ilə mənə əməkdar artist fəxri adı verildi. Ümumiyyətlə, qeyd etməyi özümə borc bilirəm ki, Akif müəllim teatrda çalışan hər kəsi diqqətdə saxlayır. Bizim teatrda xüsusilə gənclərə qayğı göstərilir, onların irəli çəkilməsinə yardım edilir. Bu məni çox sevindirir.
   - Tərəf-müqabilləriniz dəyişəndə onunla səhnədə oynamaq sizin üçün çətinlik yaratmır?
   - Xeyr. Biz mütəmadi olaraq məşq edirik. Əgər aktyor yenidirsə, ona səhnə hərəkətlərini, döyüşməyi öyrədirik. Hər bir tamaşadan əvvəl mütləq məşq edirik. Fərqi yoxdur, həmin tamaşa yeni hazırlanır, yaxud uzun müddətdir oynanılır.
   - Leylinin atası uzun müddət oynadığınız rollarınızdan biridir. Maraqlıdır, həyatda Nizami Bağırov öz qızının taleyini özü müəyyənləşdirmək istəyərdimi?
   - Bizim ailədə tam demokratiyadır. Bir qızım, bir oğlum var. Mən onları sərbəst böyütmüşəm. Şəxsi həyatları ilə də bağlı onlara yalnız məsləhət verə bilərəm.
   - Hansı rolunuzu daha çox sevirsiniz?
   - İnsanın sevgisi çox şeyə olur. Amma mənim üçün rol sevgisi daha böyük anlamdır. Aktyor öz rolunu təkcə sevməməlidir, həm də əzizləməlidir, həmişə daxilində yaşatmalıdır. Bu olmasa, o rolu tamaşaçı da sevməz. Baxmayaraq ki, əksər rollarımı uzun illərdir oynayıram, amma yenə də hər tamaşadan əvvəl həyəcan keçirirəm.
   
   Fəxriyyə ABDULLAYEVA