Baloğlan Əşrəfov: “Bəzi istedadsızlar əsl sənət və sənətkar olan yerdə əl-qol aça bilmirlər”
   
   O, tanınmışlardandır. Öz musiqi istedadı, ifaçılıq bacarığı, səhnə mədəniyyəti, sadəliyi, təvazökarlığı, səmimiyyəti, qalmaqallardan uzaqlığı ilə fərqlənən, təkcə sənətin deyil, həm də taleyin sərt sınaqlarından çıxan müğənni Baloğlan Əşrəfovu oxuculara təqdim etməyə elə bir ehtiyac yoxdur. Onunla görüşüb söhbətləşmək üçün çalışdığı Muğam evinə telefon açdıq. 
   
   - Baloğlan müəllim, ixtisasca filoloqsunuz, gəncliynizdə sevib-seçdiyiniz müəllimlik peşəsinin ardınca getmisiniz. Bəs sonra nə oldu ki, bu “sövdadan usandınız”. Sirr deyilsə, “bu ayrılıq nədən oldu”?
   - Masallının Bədəlan kəndində doğulmuşam. Bizim dövrümüzdə musiqiyə maraq indiki kimi deyildi. Mən ötən əsrin altmışıncı illərini, orta məktəbdə oxuduğum illəri nəzərdə tuturam. O vaxtkı gənclik romantika ilə dolu bir aləmdə yaşayırdı. Elmə, təhsilə, mütaliəyə son dərəcə böyük maraq vardı. Musiqiyə maraq isə bir növ adi həvəs, hobbi idi. Təsəvvür edin, o vaxtlar ali məktəbə qəbul ola bilməyən gəncləri yaşadığı kənddə, rayonda “başqa cür” qarşılayırdılar. O zaman kəndimizdə hamı musiqini sevsə də heç kəsin evində bir musiqi aləti tapa bilməzdin. Tar, kamança, qarmon nə gəzirdi...Fürsət düşən kimi xəlvət bir guşəyə çəkilib, özüm üçün zümzümə etməyi xoşlayırdım. Radio və televiziyada verilən konsertləri böyük maraqla izləyirdim. Evin yeganə övladı olduğum üçün ailəmizdə mənə qarşı xüsusi diqqət vardı. Atam da musiqiyə olan sevgimi duymuşdu. Günlərin birində, gözləmədiyim halda atam mənim üçün bir qarmon alıb gətirdi. Kənd yerlərində musiqi məktəbi olmadığına görə, qarmon çalmağı müstəqil öyrənməyə başladım. Tezliklə bütün kəndə səs yayıldı. Müəllimlərim,sinfimizin uşaqları bundan xəbər tutdular. Beşinci sinifdə oxuyanda isə atam mənim üçün tar da aldı. Həmin il rayonda musiqi məktəbi açıldı və mən həmin məktəbin tar sinfinə getdim. Az keçmədən oxuduğum orta məktəbdə hamı məni barmaqla göstərirdi. Məktəbimizdə keçirilən bütün tədbirlərdə iştirak edirdim. Onuncu sinifdə oxuyarkən məktəbimizdə radio qovşağı yaradıldı. İstedadlı uşaqlar - yaxşı şeir deyən, oxuyan, musiqi alətində çalmağı bacaranlar tez-tez bu radioda çıxış edirdilər. Mən isə məktəb radiosunda qarmon çalırdım. Bir azdan məni kəndimizin mədəniyyət evinə də dəvət etməyə başladılar. İstedadlı uşaqları bir yerə toplayıb kiçik bir ansambl düzəltdik.Məşqlərə başladıq. Günlərin birində xəbər yayıldı ki, rayon mədəniyyət evində yeniyetmə və gənclər arasında musiqi müsabiqəsi keçiriləcək. Qərara gəldim ki, mən də bu müsabiqədə iştirak edim. Həyatımda ilk dəfə ifa etdiyim “Bakının ulduzları” mahnısı hamının xoşuna gəldi. Bu mənim musiqi dünyasındakı ilk uğurum idi.
   Məktəbi bitirib instituta qəbul ola bilmədim. O illərdə rayonlarda “Məhsul bayramları” keçirilirdi. İlk dəfə olaraq mən də rayon miqyaslı bu tədbirdə iştirak etdim. Artıq məni qonşu rayonlarda da tanımağa başlamışdılar. 1971-ci ildə “Turac təranələri” Ümumrespublika radio olimpiadasının qalibi oldum. Beləliklə, böyük musiqi dünyasının qapıları mənim üzümə açıldı.
   1974-cü ildə Bakıda mərhum sənətkarımız Şövkət Ələkbərovanın rəhbərliyi altında keçirilən Musiqi festivalında isə birinci dərəcəli diploma layiq görüldüm. Lakin ədəbiyyata olan həvəsim də sönməmişdi. Elə ona görə də sənədlərimi universitetin filologiya fakültəsinə verdim. Qiyabi təhsil aldığım üçün musiqiçi fəaliyyətimi də davam etdirirdim. 1982-ci ildə o zamankı Lenin sarayında (hazırda Heydər Əliyev Sarayı) “İstedadlar axtarırıq” adlı müsabiqədə iştirak edərək birinci yeri tutdum. Laureat adını qazandım. Mərhum sənətkarımız maestro Niyazi məni Dövlət Filarmoniyasına dəvət etdi. Ştatdankənar solist kimi fəaliyyətə başladım. İlk vaxtlar böyük sənətkarlarımız İslam Rzayevin, Qulu Əsgərovun ansambllarında çıxış edirdim. Sonradan öz yaratdığım ansamblla Azərbaycanı qarış-qarış gəzməyə başladım. Sonralar təhsilimi başa vurub bir müddət müəllim kimi fəaliyyət göstərsəm də musiqi mənim həyatıma çevrildi.
   - Sizin özünüzəməxsus, orijinal ifa tərzinizi qəbul edənlərlə yanaşı, irad tutanlar, tənqid edənlər də var. Bu yanaşmalara münasibətiniz bilmək istərdik.
   - Əvvəla hər şey çoxluqdan asılıdır. Əgər Azərbaycan xalqı Baloğlanı dəstəkləyirsə, bu, hər şey deməkdir. Mən 38 ildir bu sənətdəyəm. Baloğlan xalqımızın tərbiyəsinə, əxlaqına zidd bir şey eləmir,o, öz musuqisiylə öz xalqına xidmət edir. Kimsə bununla razılaşmırsa, öz işidir. Qoy gedib oxusunlar, özlərini sevdirsinlər. Burda əsas səbəb qısqanclıqdır. Vaxtilə Vaqif Mustafazadə kimi sənətkarı da qəbul etməyiblər, bəyənməyiblər. Yəni yaradıcılıq aləmində qısqanclıq həmişə olub... Mənimsə boş-boşuna çənə vurmağa, kimlərləsə mübahisə etməyə vaxtım yoxdur. Mən çalışıram ki, dinləyicilərimə həmişə təzə bir ovqat bəxş edim. Amma bəziləri, daha doğrusu, istedadı kasadlar əsl sənətkarlara paxıllıq edirlər. Məsələn, mənim mahnılarımı Türkiyədə Sərdar Ortac da oxuyur, amma müəllifinin kim olduğunu demir. Başqası olsaydı, çoxdan məhkəməyə müraciət edərdi. Amma mən belə şeylərdən çox-çox uzağam. Bir də ki, bəzi istedadsızlar əsl sənət və sənətkar olan yerdə əl-qol aça bilmirlər. Mən Ü.Hacıbəyov, F.Əmirov, T.Quliyev , R.Hacıyev, E.Sabitoğlu kimi musiqiçilərimizin yazdıqları mahnıları bu gün də həvəslə oxuyuram.
   Hər musiqi mahnı, hər qafiyəli yazı isə şeir deyil...
   - Əlbəttə, müğənni ürəyinə yatmayan mahnını ürəkdən oxuya bilməz. Məşhur yazarımız Yusif Vəzir Çəmənzəminlinin bir sözü var: “Hökm hər şeyə çatar, qəlbə yox”. Amma bəzən elə olur ki, qeyri-poetik, zəif olan şeirə gözəl mahnı bəstələyirlər, yaxud da əksinə. Bəs sizinçün mahnı nədən başlayır - sözdən, yoxsa musiqidən?
   - Mən 20-25 yaşımdan başlayaraq musiqilərə söz yazmağa başlamışam. Bir şeirin musiqiyə çevrilməsi üçün bəzən uzun müddət vaxt lazım gəlir. Yaradıcılıq prosesi çətin məsələdir. Mən hərdən Muğam Teatrında cavan müğənniləri başıma yığıb sənət söhbətləri aparıram. Onlara tövsiyə edirəm ki, ilk növbədə ifa etdikləri mahnıların sözlərinə diqqət yetirsinlər. Hər küçədən keçənin şeirinə musiqi yazmaq olmaz. Bəzən elə də olur ki, zəif bir musiqi güclü bir şeirin sayəsində sevilir, yadda qalır. Lakin güclü musiqinin sözləri zəifdirsə, onun ömrü çox çəkmir. Korifey sənətçilərimizdən çox şey görüb-götürmüşəm. Sənət dünyası mənim üçün yüngül, ötəri bir əyləncə deyil, müqəddəs məbəd olub. Klassiklərimizin yüzlərlə qəzəlini oxuyub əzbərləmişəm. Toylarda, el şənliklərində, məclislərdə təkcə müğənni kimi yox, həm də milli mədəniyyətimizin,musiqimizin təbliğatçısı olmuşam.
   Toy müğənnisi ikiqat istedadlı olmalıdır...
   - Maraqlıdır, müğənnilərə fəxri adlar verilməsi - istər ictimai rəydə, istərsə də elə sənətçilərin öz aralarında birmənalı qarşılanmır. Daha bir nüans: teleşoularda bəzi müğənnilər əndazəni aşaraq bir-birilərinin ünvanına ləyaqətdən uzaq ifadələr işlədirlər. Axı bu davranış çoxmilyonlu televiziya seyrçilərinə ən azı sayğısızlıq deməkdir. Bu məsələyə münasibətiniz...
   - Fəxri adların verilməsinə isə yuxarıda oturan məmurlar nəzarət edirlər. Onlar bu məsələyə hansı prizmadan yanaşırlar, bunu deyə bilmərəm. Mən tez-tez rayonlarda keçirilən müxtəlif tədbirlərə dəvət alır, dövlət tədbirlərində iştirak edirəm. Görürəm ki, xalq məni sevir. Sənətkar üçün xalqın məhəbbətindən böyük mükafat yoxdur. Bir də ki, mən həmişə saxtakarlıqdan, rola girməkdən uzaq olmuşam. Həyat tərzini, amalını, məqsədini tez-tez dəyişənlərə də nifrət edirəm.Səmimiyyəti, sadəliyi, təbiiliyi sevirəm və bu keyfiyyətləri hamıda görmək istəyirəm. Sənətkar həm də öz tərbiyəsi və ləyaqəti ilə seçilməlidir.
   - Bir sənətkar kimi, bugünkü milli toylarımızın səviyyəsi sizi qane edirmi?
   - Toy ictimai bir hadisədir. Deyim ki, mən toyları konsert səviyyəsində aparıram. Bir mahnını heç vaxt ikinci dəfə oxumuram. Ona görə də həmişə el-oba tərəfindən yaxşı qarşılanmışam. Bu gün də çoxları fəxrlə deyirlər: “Mənim toyumu Baloğlan aparıb”. Heç kəs toya lağ eləyə bilməz. Nazir də, icra başçısı da, polis də toy edir. Amma baxır toyun səviyyəsinə. Toyda oxuyan əsl müğənni heç vaxt bayağı, şit, səviyyəsiz musiqi nömrələri ifa etməməlidir. Toy müğənnisi ikiqat istedadlı olmalıdır. Tutaq ki, Baloğlanın Filarmoniyada konserti olur. Oraya gələnlərin hamısı Baloğlanı sevənlər olur, sevməyənlər isə gəlmirlər. Toyda isə vəziyyət fərqlidir. Toya dəvət olunurlar. Onların arasında Baloğlanı sevənlərlə yanaşı, sevməyənlər də olur. Əsl hünər odur ki, hamını öz ifanla razı salmağı bacarasan.
   - Baloğlan müəllim, məlumdur ki, siz yalnız sənət aləminin çətin sınaqlarından deyil, həm də taleyin gözlənilməz və amansız sınağından çıxmış, ölümlə üz-üzə dayanaraq ona qalib gəlmiş sənət adamlarındansınız. O məşum ağrı-acılar bir müğənni kimi fiziki imkanlarınızı məhdudlaşdırmayıb ki?
   - Əksinə, deyim ki, bu cərrahiyyə əməliyyatından əvvəl mənim səsimdə müəyyən problemlər vardı. Oxuyanda nəfəsimdə bir çətinlik hiss edirdim. Əməliyyatdan sonra bütün bunların hamısı aradan qalxdı. Mən bəlkə də “Ginnesin rekordlar kitabı”na düşə biləcək bir adamam ki, ağır cərahiyyə əməliyyatından iki ay sonra Yaşıl Teatrda 5 saat ayaq üstə konsert verdim. Buna həkimlərin özləri də sevinirlər. Bilirsiniz, əgər Allahın nəzəri varsa, o, insana heç nə bata bilməz. Allaha şükürlər olsun ki, hər şey arxada qaldı.
   
   Söhbətləşdi: Cəlal Tağıyev