Milli Dram Teatrının aktyorları direktorun fikirlərilə razılaşmırlar
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyatovun “Akademik Milli Dram Teatrında islahatların aparılması mütləqdir” başlığı altında APA informasiya agentliyi vasitəsilə yayılan müsahibəsi bu teatrda çalışan aktyor heyəti tərəfindən birmənalı qarşılanmayıb. Müsahibədə direktor repertuar, kadr sahəsində ciddi dəyişikliklərin vacib olduğunu önə çəkərək növbəti açılışa qədər bu islahatların keçirələcəyini bildirib. Teatrın rəhbəri Şekspirin də bostanına daş atmağı unutmayaraq “Dünyada o qədər dramaturq var ki, dünya tək Şekspirdən ibarət deyil ki...” deməklə bərabər, teatrın dirçəldilməsi üçün «legioner» məsələsinə - xaricdən rejissor transferinə də əl ata biləcəklərini söyləyib. Bütün bunlar isə teatrda çalışan aktyorlar tərəfindən heç də birmənalı qarşılanmayıb.
   Məlum oldu ki, narazılar kifayət qədərdir və onları narahat edən məsələlər heç də direktorun qaldırdığı problemlərdən kiçik deyil. Müsahibədə vurğulanan bəzi məqamlarla razılaşmayan teatrın 20-dək aktyor heyəti adından respublikamızın tanınmış və çox sevilən 3 aktyoru etirazlarını bildirmək üçün redaksiyamıza gəldilər. Beləliklə, Milli Dram Teatrının aktyorları Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Ramiz Novruzun fikir və mülahizələrini oxucuların müzakirəsinə veririk.
   
    - Doğrudanmı, Milli Dram Teatrında islahatlara ehtiyac var?
   Nurəddin Mehdixanlı: İslahatların vaxtı çoxdan çatıb. Lakin bunu bəyan edənlərin özləri islahatların qarşısını kəsiblər. Əlbəttə, biz istəyirik ki, teatrlarımızda islahatlar getsin. Amma bu nə üçün lazımdır və necə getməlidir sualı ətrafında düşünmək gərəkdir. İslahatlar mövcud potensialdan düzgün istifadə etməklə aparılmalıdır.
   - Bir müddət rejissor məsələsi qabardıldı, indi isə islahatların hədəfi kimi aktyor heyəti göstərilir...
   N.M: Bilirsiniz, biz mətbuatın azad olduğu bir dönəmdə yaşayırıq. Lakin vəziyyətə fikir verin, “teatrlarımız işləmir”, “baxımlı tamaşa yoxdur” kimi açıqlamalarla qəzetlərdə çıxış edənlər, əslində, son 30 ildə istər aktyor, istər rejissor olsun teatrlarımızda baş rolların ifaçıları, əsərləri səhnələşdirənlərdir. Belə çıxır ki, özünüzü tənqid edirsiniz? Əvəzində isə deyirlər ki, kimlərsə kənara çəkilsin, vəziyyəti özümüz düzəldəcəyik. Bu məntiqidirmi? Problemləri görmürdünüzmü? Bəli, mən onunla razıyam ki, Milli Dram Teatrına 70 yox, 40 aktyor lazımdır. Lakin o aktyorlar saxlanılmalıdır ki, zamanla ayaqlaşa bilir, savadı, ağlı, istedadı, sənəti buna imkan verir.
   - Görünür, islahatların vacibliyini anlayıblar...
   N.M: Bunu qəbul edərdik, amma islahat adı altında kimsə baş rejissor olmaq, kimsə vəzifəsini qorumaq istəyirsə, bu cür məram 137 illik teatr tariximizə zərbədir. Həyatlarının 30-40 ilini teatra həsr etmiş bizləri inkar etmək nə qədər düzdür, islahat üçün obyekt düzgünmü seçilib? Diriykən bir nəsli öldürməklə nə qazanılacaq... Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, professor Ağakişi Kazımov bəyan edir ki, 6 ay bundan əvvəl başa düşdüm ki, indiyə qədər köhnə metodlarla işləmişəm və söz verirəm ki, yeni metodları mənimsəməyincə tamaşa qoymayacağam.
   - A.Kazımov kifayət qədər tənqid olunub, yəqin ki, tənqiddən nəticə çıxarır, bu ki, yaxşı haldır....
   N.M: Ağakişi müəllimin yaşısa artıq 70-i ötüb. İndi o qənaətə gəlib ki, bu vaxta qədər düz işləməyib? Amma baxın, indi teatrımızda nə etmək lazım olduğu barədə sağa-sola məsləhətlər verir. Halbuki son 4 ildə onun 3 tamaşasını bağlayıblar. Bunun nə demək olduğunu başa düşən adam ərizə verib işdən gedərdi, islahat gözləməzdi.
   - “Hamlet Xanızadə, Mikayıl Mirzə, Səməndər Rzayev, Həsən Turabov, Əliabbas Qədirov və Həsən Məmmədovun dünyalarını dəyişmələri ilə teatrın sütunları qırıldı”. Bu, Maqbet müəllimin baxışıdır...
   N.M: Ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində teatra gələn aktyor nəslinə qarşı son vaxtlarda qəribə bir kampaniya aparılır. Maqbet müəllimə sual ünvanlamaq lazımdır ki, bəs o sənətkar nəslindən sonra gələnlər? 80-ci illərdən bu yana teatrın yükünü çiyinlərində daşıyanlar kimlərdir?
   - O aktyorları biz də, xalq da, yəqin ki, Maqbet müəllim də yaxşı tanıyır...
   N.M: Firəngiz Mütəllimova, Ramiz Novruz, Bəsti Cəfərova, Zemfira Nərimanova, İlham Əsgərov, Səidə Quliyeva... Sən bunları necə dana bilərsən ki, bunlar 30 ildir teatrı yaşadırlar? Əslində islahatdan danışan bu adamlar teatrı diriltmək adı altında Şeyx Nəsrullahlıq edənlərdir. Dövlətimiz Milli Dram Teatrına kifayət qədər pul ayırıb, gözəl təmir gedir, bütün texniki imkanlar yaradılacaq, arzu bundan ibarətdir ki, bura əsl teatr məbədinə çevrilsin, yeni nəfəs gəlsin. Amma kimlərsə müxtəlif yollarla orada özlərinə yer tutmaq istəyirlər. Lakin buna böyük bir aktyor nəslini inkar etməklə yiyələnmək ən azı insafdan deyil. Bu metodla isə teatra yeni nəfəs gətirmək mümkün deyil, əksinə, teatrımızın inkişafı bu nəslin potensialı ilə bağlıdır.
   Ramiz Novruz: Nurəddinin dedikləri tam həqiqəti ortaya qoyur. O adamları biz yaxşı tanıyırıq. Onların idarəetməsinin də, rejissurasının da səviyyəsi bizə məlumdur. Onlar heç vaxt teatrla ayaqlaşa bilməyiblər, dünya teatrından xəbərləri belə yoxdur. Tükənmiş adamlar islahatlara nə verə bilər?!
   Kiçik bir haşiyə çıxım. Bizim aktyor nəslindən əvvəl Fuad Poladov, Kamal Xudaverdiyev, Amaliya Pənahova kimi sənətkarlar nəsli vardı. Durğunluq isə rejissor Tofiq Kazımovun vəfatından sonra başladı. Biz məhz o vaxt teatra gəldik. Durğunluq yarandığından o vaxtkı aktyor heyəti kino və sair işlərə daha çox vaxt ayırırdılar. Tamaşa vaxtı salon dolmurdu. Tezliklə biz gənclər baş rollarda oynamağa başladıq, elə vəziyyət yarandı ki, tamaşalara biletlər əllərdə satılmağa başladı. “Billur sarayda”, “Atabəylər” və sair tamaşalar uğur qazandı. Eyni zamanda Azərbaycandan kənarda da bizim oyunumuz bəyənildi. Şəxsən mən Məlik Dadaşovla dublyor olmuşam, Qacarı o da, mən də oynamışıq. Məlik müəllim məni təbrik də edib. Eləcə də o biri aktyorlar.
   - Bəs bu gün müzakirə etdiyimiz hal, sizcə, konkret nədən qaynaqlanır?
   R.N: Əgər islahatlar aparılacaqsa, bunu nazirliyimiz həyata keçirməlidir. Əslində islahatların nəticəsindən qorxan, vəzifəsindən ikiəlli yapışan adamlardır ki, çay gəlməmiş çırmanıb, suyu bulandırırlar. Fikir verin, biri mətbuata çıxıb deyir ki, mənim dostum filankəs rejissor olsa, teatrı xilas edər, biri deyir filankəs direktor olsa, yaxşı olacaq, biri də deyir rejissoram, mən xilas edə bilərəm. Çox təəssüf ki, bizim direktor Maqbet müəllim də bu oyuna düşüb və müsahibə verib, əslində özünü sığortalamaq istəyir ki, mən də sizin kimi düşünürəm. Yəni aktyor yoxdur, teatr yoxdur, siz düz deyirsiniz, bir şey olsa, məni də müdafiə edin. Mən anlamıram, 20 il baş rolları oynayan Nurəddin Mehdixanlını, Bəsti Cəfərovanı görməmək mümkündürmü? Direktorumuz əslində qeyri-peşəkar yanaşması ilə teatrı bilmədiyini bəyan edib...
   - Müsahibədə “Otellonu iki nəfər oynayacaq, ikinci Otello gənclərdən olmalıdır” məsələsini nəzərdə tutursunuz?
   R.N. Bəli. Rusiya teatrlarında 20-30 teatrın içindən belə güclə Otellonu oynaya biləcək aktyor tapmaq mümkündür. Direktorumuzun bu fikri, sadəcə, absurddur. Yaxud deyir ki, “İblis”i tamaşaya qoyuram, İblis qadın olacaq. Bilirsiniz, H.Cavidin öz vaxtında bu əsər tamaşaya qoyulub və iblis kişi qiyafəsindədir. Yenilik etmək üçün daha uğurlu ideyalar tapmaq lazımdır. Digər tərəfdən kimi hansı rola dəvət etmək və sair inzibatçı direktorun yox, baş rejissorun, rejissorun səlahiyyətindədir. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Hətta baş rejissor rejissorun bölgüsünə qarışa bilməz, bu, yaradıcı heyətə təhqirdir. Qoy hansısa rejissor bizə desin ki, sizə rol verdik, bacarmadınız, oynaya bilmədiniz... Bunu deyən rejissor olarsa, qəbul edərik. Axı belə şey olmayıb. Məlik Dadaşovun bizi oynumuzdan sonra təbrik etməyinin səbəbi ondaydı ki, o, əsl sənət adamı idi. Deməli, yaradıcı iş əsl sənət adamlarının işi olmalıdır. Səhnəyə münasibətdə biz də o əxlaqın daşıyıcılarıyıq.
   Bəsti Cəfərova: Rejissor heç vaxt yaxşı aktyoru itirmək istəməz, aktyorun hansı məktəbdən, nəsildən olması əhəmiyyətli deyil. Hər kəsin öz yeri var. Bu gün gözəl aktyorlarımız da, rejissorlarımız da var. Amma bizim teatrda son zamanlar rol bölgüsündə qəribə prinsiplər meydana çıxıb. Bu, sənət prinsipi deyil. Hansı aktyor sona qədər tamaşanı apara bilər - ona rol verilimir.
   - Bəs konkret siz özünüz rol almırsınız?
   B.C: Son doqquz ildə bircə M.Ələkbərzadənin “Poçt şöbəsində xəyal” tamaşasında rol almışam. Mənə embarqo qoyulub. Mən incəsənət aləmində sözümü demişəm. Yaxşı ki, Mədəniyyət və Turizm Nazirliyi mənim adıma əsərlər göndərirdi, yoxsa hörmətli direktorumuz məni səhnədən tamamilə uzaqlaşdırardı. Ramiz Məlikovdan, Yaşar Nuridən soruşun, axırıncı dəfə nə vaxt baş rolda oynayıblar?
   N.M: Kiminsə mətbuatda «teatr yoxdur» deməsi, teatrbazlıq etməsi hələ sənət mükaliməsi deyil. Gəlsinlər oturaq, dünya teatrından tutmuş, nəzəri məsələlərə qədər hər şeyi müzakirə edək. Bizim repertuara baxın. Cavid, Şekspir, Aytmatov, Lorka, Mirzə Cəlil... Son 4 ildə Maqbet müəllimin rəhbərliyində hansı əsərlər qoyulub? Xatırladıqda gülünc mənzərə alınar. Maqbet müəllim bu halda günahı rejissorların üzərinə atır. Sonra da görün nə deyir: “Otello”dan başqa tamaşa yoxdur? Bilmir ki, aktyor elə “Otello”da yetişir. Uğursuzluğa uğramış “Şeyda”da, ”Əsmər”də və sairdə yetişməyəcək.
   R.N: Onun yanaşmasına baxın. Deyir ki, teatrımız Füzuli meydanında yerləşir, gərək Füzulidən bir əsər oynayaq...
   N.M: Maqbet müəllimin repertuarına baxın. “Eloğlu” tam fiaskoya uğradı. Tamaşa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadağan edildi. Mirmehdi Seyidzadənin “Füzuli-Əsmər” əsəri. Tamaşaya baxın. Əvvəlcə Füzulinin qəzəlləri oxunur, sonra Seydzadənin, sonra Mərahim müəllimin, sonra aktyor Pərviz Bağırovun şeirləri oxunur. Hanı o tamaşa? Niyə Arif Mədətovun dalınca düşmüşük, məqsəd nədir? Akademik teatr bu düşüncə ilə idarə edilə bilərmi?
   Maqbet müəllimdən soruşan lazımdır ki, teatr təmirdə olduğu dövrdə xarici və ölkə içi qastrollarda camaatın qarşısına nə ilə çıxmısan? “Dəlilər və ağıllılar”, “Natəvan”, “Mesenat”, “Hökmdar və qızı”... Hamısında da biz varıq. “Kaş araba aşmayaydı” gözəl tamaşadır, Trabzonda uğur qazanıb. Amma bizim Kazanda, rus teatrlarının belə çəkindiyi bir məkanda qazandığımız uğuru niyə demir? Türkiyənin 35 bölgəsində tamaşalarımız anşlaqla keçib, demir.
   - O, sizin adınızı çəkir...
   N.M: Mənə dünya teatrını bilən liderimiz Heydər Əliyev qiymət verib, bu bəsimdir. Amma Maqbet müəllim bir aktyor nəslini görməyə məcburdur. Sən illərdir ki, mövsümü açan və bağlayan (“Hökmdar və qızı” tamaşası nəzərdə tutulur-red.) Bəsti Cəfərovanı necə görməyə bilərsən? Həzi Aslanov rolu ilə keçmiş SSRİ məkanında tanınan Ramiz Novruzu necə inkar edə bilərsən?
   - Müsahibədə deyilir ki, hadisə olacaq tamaşa qoyulmayıb...
   N.M: Məgər “Mesenat” hadisə deyildi? “Hələ sevirəm deməmişdilər” tamaşası türk iş adamları tərəfindən 4 dəfə alınıb.
   - Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov teatrınızın Qarabağın tarixinə müraciət etmədiyini söyləyib.
   B.C: “Hökmdar və qızı”, “Natəvan” məhz Qarabağın tarixini əks etdirir. “Xəcalət” və sair tamaşalar isə Qarabağla bağlı müasir hadisələri canlandırır.
   N.M: “Hələ sevirəm deməmişdilər” tamaşası da o sıradadır. Tamaşa zamanı milliyyətcə rus tamaşaçılar belə göz yaşlarını saxlaya bilmirdilər. Sadəcə olaraq “teatr yoxdur” deyənlər özləri teatra getmirlər. Gedən adam belə danışmaz.
   - Söz açdığımız müsahibədə vurğulanır ki, rejissor işi təkmilləşdiriləcək, onların sayları azaldılacaq.
   N.M: Mən sizə deyim. Bu gün bizim teatrda rejissorların səlahiyyəti alınıb. Bu adam B.Osmanovu, R. Almuradlını, M.Fərzəlibəyovu rejissor saymır? M.Ələkbərzadə müasir teatrı bilən istedadlı rejissorumuzdur. Bunlarsız sən necə dünyaya çıxa, tamaşa qoya bilərsən?
   - Müsahibədə xaricdən rejissor transferindən danışılır.
   R.N: Bəli, belə təklif irəli sürür, ardınca isə deyir ki, özümüzün də güclü rejissorlarımız var, aktyorlarımız isə dünya səviyyəsindən geri qalmır. Bu nə məntiqdir?!
   - Bəlkə direktorun təşkilatçılığı sizi qane etmir.
   N.M: Əksinə, o, təşkilatçılıq qabiliyyətinə görə unikal adamdır. Şəxsən məni hər tamaşadan sonra qucaqlayıb təbrik edir. Amma direktorluq inzibati funksiyalıdır, sən rejissorun səlahiyyətinə müdaxilədən tutmuş yaradıcı prosesə qarışırsansa, teatra zərbə vurursan. Əgər şəxsi məsələ olsaydı, mən çoxdan bəyan edərdim ki, texniki heyətin otaqları olub, biz aktyorlar isə ən əlverişsiz bir bucağa sığınmışıq. Amma dövlət cəmi 75 aktyora görə qalan 200-ə yaxın işçiyə maaş verir. Aktyor isə əyləşməyə yer tapmır. Mən onun direktor olmağına qəti etiraz etmirəm.
   - Direktor gənc kadrlarla işləmək istədiyini, amma ştatın olmadığını, yerlərin tutulduğunu bildirir.
   R.N: Bir il ərzində o, 3 nəfəri işə götürüb, yaşları da 60-dan yuxarıdır. Gəncliyə belə yol açırlar?
   B.C: İncəsənət qurban tələb edir deyə özümüzü teatra həsr etmişik, dövlət kifayət qədər bizi qiymətləndirib. Necə olur ki, 72 yaşında direktor olar, ondan 20 yaş kiçik aktyor olmaz? Bizim oyunumuz Məlik Dadaşovun, Hökumə Qurbanovanın daxil olduğu Bədii Şurada müzakirə olunardı. İndiki Bədii Şuraya isə nazirlik tərəfindən bizlər seçilmişik. Direktor isə şuranı lazımsız quruma çevirib, saymır.
   Maqbet müəllim deyir ki, bu gün səhnədə qəhrəman yoxdur. Başa düşmürəm, Aydın, Natəvan, Hökmdar qızı qəhrəman deyillər?
   N.M: “Varlı qadın” tamaşasını biz də, Gənclər Teatrı da hazırladı. F.Mütəllimova 50 dəfə anşlaq verdi. Hər dəfə zal dolu olurdu. Bunun üstündən xətt çəkmək olarmı?
   B.C: İslahatlar haqqında danışır, amma onun açıqlamalarının islahata heç bir dəxli yoxdur. Hər hansı məntiqə, əsasa söykənən bir şey ortaya qoymur.
   N.M: İslahat inkişaf deməkdir. Bunu da nazirliyimiz həyata keçirəcək, əsaslarını da elan edəcək. Amma mətbuatda özünü teatr bilicisi göstərənlər nə gəldi danışırlar və məlum olur ki, bu adamlar əslində teatrlardakı vəziyyətdən ümumiyyətlə xəbərsizdirlər.
   R.N: Yeri gəlmişkən, teatrşünaslarımız kiçik hisslərlə yaşayırlar, aşkar surətdə hər kəs öz dostunu tərifləyir. Hərə özünə bir aktyor seçib. Cəfər Cəfərov, İsmayıl Şıxlı vaxtilə məni tənqid ediblər, amma mən razı qalmışam. Amma indi tərifləsələr belə, görürsən ki, sənətdən uzaq mülahizə yürüdürlər. Teatrımızın uğurlu tamaşaları haqqında fundamental yazılar isə yazılmır.
   N.M: Biz ən çətin vaxtlarda teatra gəlmişik. İndi istənilən şərait var. Amma yaxşı ordunun başında əsl sərkərdə durmalıdır. Dövlət istənilən şərati yaradır. Təsəvvür edin “Cavad xan” filminin çəkilişi üçün 20 biznesmenə məktub göndərdik. Verdikləri vur-tut 300 manat oldu. Amma prezidentə müraciətimizdən cəmi bir həftə sonra bütün maliyyə ödənildi və film çəkildi.
   B.C: Biz A.Pənahovanın, Ş.Məmmədovanın teatra gəlməsinə qarşı deyilik. O, bunu deməklə, sadəcə bizi qarşı-qarşıya qoymaq istəyir.
   R.N: Z. Nərimanova niyə evdə oturub. O, bütün kriteriyaları ilə əsl aktyordur. Hər aktyorun xüsusi yeri var.
   - Bəs nə üçün bunları müsahibədən sonra deyirsiniz?
   N.M: Düz 6 aydır ki, teatrın nüfuzuna xələl gətirən yazılar gedir və elə 6 aydır ki, şəxsən mən mətbuatda da, televiziyada da öz sözümü deyirəm. Problemi həll etməli adam isə mən deyiləm. Ancaq problemin həlli zamanı çatıb.
   - Bizcə, müzakirələri, ən azı teatrımız naminə sivil qaydada davam etdirmək lazımdır. Siz qarşı tərəflə, fərqli fikirlərlə çıxış edəcək adamlarla yeni müzakirəmizdə iştiraka razısınızmı?
   N.M: Biz buna hazırıq. Buyursunlar, biz də sözümüzü deyək, onlar da. Bilirsiniz, diqqət edin, son illər dövlət başçısı - hörmətli İlham Əliyev təkcə teatr məsələləri ilə bağlı nə qədər real addımlar atıb, teatrların təmiri, ayrılan vəsait, göstərilən qayğı... Bunların qarşılığında bizim tək bir məqsədimiz səhnə həyatını daha da işıqlandırmaq, teatrımızı dünya sərhədlərinə çıxarmaq olmalıdır. Bizə yaradılan şərait yaradıcılığımızı daha da genişləndirmək üçün verilən stimuldur. Biz enerjimizi buna sərf etməliyik.
   R.N: İstəyimiz məhz yaradıcı mühitin inkişafı, hər kəsin öz vəzifəsini yerinə yetirməli olduğunu çatdırmaq idi. Dövlət başçısı İlham Əliyevin birbaşa nəzarəti altında teatrlarımız həm də yeni bir dövrə qədəm qoyur. Bunu görülən işlərdən aydınca sezmək olar. Bu gün, obrazlı desək, teatrlarımızın səhnəsi daha da işıqlıdır.
   
   Söhbəti qələmə aldı:
   Sabutay

   
   P.S. “Mədəniyyət” qəzeti olaraq biz hər bir məsələnin müzakirəsinə, hər kəsə tribuna verməyə hazırıq. Amma arzu edirik ki, qocaman Milli Teatrımızda hər bir şey sonucda elə səhnə xatirinə, mədəniyyətimiz naminə ədalətlə həll edilsin. Biz teatra hər zaman sizlərin səsini eşitmək üçün, gözəl rollarınızdan, görülən işlərdən yazmaq üçün gələk.