Elçin Qafarlı: «Azərbaycan təşkilatın ən fəal üzvlərindəndir»


   “Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ili öz işini uğurla başa çatdırdı. İl çərçivəsində ölkəmizdə keçirilən əlamətdar hadisələrdən biri də Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə TÜRKSOY Daimi Şurasının 26-cı toplantısı oldu. Qeyd edək ki, 1992-ci ilin ortalarında Türkdilli ölkələrin mədəniyyət nazirliklərinin daimi Konseyninin, 1993-cü ildə isə onun icra qurumu TÜRKSOY-un yaranması türkdilli ölkələrin mədəniyyət və incəsənətinin tanıdılması və inkişaf etdirilməsinə xidmət edir. Maraqlıdır, qurum buna nə dərəcədə nail olub? Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı ilə söhbətimiz bu barədə oldu. 
      
   - Azərbaycanla TÜRKSOY arasında əlaqələr hazırda hansı səviyyədədir və Azərbaycan qurumun fəal üzvlərindəndirmi?
   - Azərbaycan TÜRKSOY təşkilatının qurucusu olan dövlətdən biridir. Qurumun bütün tədbirlərdə yaxından iştirak edən, yüksək səviyyəli sənətçi və mədəniyyət xadimləri ilə təmsil olunan Azərbaycan təşkilatın ən fəal üzvlərindəndir. Hazırda əlaqələr ən yüksək həddədir. Bu il Azərbaycan təşkilatda dönəm koordinatorluğunu həyata keçirirdi və sədrliyin yekunu olaraq TÜRKSOY Daimi Şurasının Bakıda keçirilən 26-cı toplantısında təşkilat üçün önəmli qərarlar qəbul olundu. Məsələn, Türkiyənin Mersin və Şimali Kipr Türk Respublikasının Girnə şəhərlərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunmuş TÜRKSOY Opera günləri, Antalya və Ankarada Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş fotosərgi təşkil olundu. TÜRKSOY-a üzv ölkələrin milli kitabxana rəhbərləri Bakıda toplandı. Novruz bayramı tədbirlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının kollektivi yüksək peşəkarlıq nümayiş etdirdi. İl ərzində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərini səhnələşdirdi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı, “Oğuzlar” kollektivi, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının solistləri, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivi Türkiyənin müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış etdilər. Rəssamlarımız, heykəltəraşlarımız, fotoqraflarımız, aşıq, şair və yazıçılarımız TÜRKSOY-un tədbirlərində fəal iştirak ediblər. Xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub və başqaları təşkilatın mərkəzi binasında qəbul ediliblər. 6 üzv ölkənin opera solistlərinin iştirakı ilə beynəlxalq layihə- Hacıbəylinin “Koroğlu” operası” beynəlxalq layihəsi hazırlandı və bu ilin sentyabr ayında Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində səhnəyə qoyuldu. Demək olar ki, dünyada ilk dəfə belə bir layihə TÜRKSOY tərəfindən həyata keçirildi. Dahi Üzeyir bəyin türk dünyasında daha geniş tanıdılması, “Koroğlu” operasının bu ölkələrin repertuarına salınması ilk mərhələ idi. Biz türk dünyasının ümumi qəhrəmanına həsr olunmuş “Koroğlu” operası vasitəsilə türk xalqlarının zəngin opera sənətini dünyaya tanıtmağı planlaşdırmışıq. Gələn il bu operanın Rusiyanın və Avropanın bir neçə şəhərində səhnələşdirilməsi nəzərdə tutulur.
   Hazırda “Dədə Qurqud İrsi” mədəni turizm marşrutunun, “Türk xalqlarının musiqi alətləri” və “Türk xalqlarının mətbəxi” kataloqlarının hazırlanması istiqamətində Azərbaycan tərəfinin təklifləri nəzərdən keçirilir.
   Keçən il Azərbaycan Qafqaz Universitetində keçirilən- TÜRKSOY-un da dəstəklədiyi -“Türk Xalqları Uşaq Ədəbiyyatı” Beynəlxalq Konfransında təşkilatımızı baş müdirin müavini F.Purtaş təmsil edib. Daha sonra TÜRKSOY ilə Qafqaz Universiteti arasında əməkdaşlıq anlaşması imzalanıb, universitetin iki tələbəsi TÜRKSOY təşkilatında 1aylıq təcrübə keçib.
   Bundan başqa, xalça ustası Pərvin Kazımov, şəbəkə ustası Tofiq Rəsulov ve misgər Şaiq Süleymanov 25 sentyabr - 4 oktyabr tarixlərində Ankara Atatürk Mədəniyyət Mərkəzində TÜRKSOY-un dəstəklədiyi “Avrasya Əl Sənətləri” sərgisində öz işlərini nümayiş etdiriblər.
   - Üzv dövlətlər təşkilatı gələcəkdə türk dünyasının YUNESKO-su kimi görmək istəyir. Bu istiqamətdə hansı addımlar planlaşdırılır?
   - Bizim də məqsədimiz zəngin ümumtürk mədəniyyətini beynəlxalq arenada lazımi səviyyədə tanıtmaq və təbliğ etməkdir. Fəaliyyətimizin coğrafiyasını, beynəlxalq əlaqələrimizi genişləndirməyə başlamışıq. Bu il ərzində YUNESKO, Avropa Şurası, Avropa Komissiyası və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə qarşılıqlı səfərlər təşkil olunub. Bu görüşlər zamanı gələn il Parisdə və Brüsseldə TÜRKSOY tərəfindən Novruz bayramının keçirilməsi planlaşdırılmış, Avropa Şurasının Təhsil, Mədəniyyət və İrs, Gənclik və İdman İdarəsinin baş direktoru Qabriela Battaini-Draqoni iki qurum arasında mədəniyyətlərarası dialoqun və əməkdaşlığın qurulması məqsədilə TÜRKSOY ilə birgə memorandumun imzalanmasını təklif edib. Dekabrın 16-da isə Moskvada TÜRKSOY ilə MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu arasında əməkdaşlıq Sazişi imzalanıb. Bundan başqa, türk dünyasının maddi və qeyri-maddi mədəni irs siyahılarının hazırlanması istiqamətində müvafiq işlər aparılmaqdadır. Maddi-mədəni irslə bağlı məlumatlar TÜRKSOY nəzdində fəaliyyət göstərən türk mədəni irsinin qorunması üzrə Bakı Beynəlxalq Mərkəzində toplanmaqdadır. Qeyri-maddi mədəni irslə bağlı TÜRKSOY-un 3-cü seminarının gələn il Azərbaycanda keçiriləcəyi nəzərdə tutulub. Artıq biz daha böyük və uzunmüddətli layihələr hazırlamağa başlamışıq. Məsələn, bu ilin aprelində İstanbulda “Türk ləhcələri arasındakı tərcümə işlərinin bugünkü vəziyyəti və qarşılaşdığı problemlər” adlı beynəlxalq simpozium keçirdik. Məqsədimiz türk xalqlarının ədəbiyyatının birbaşa tərcüməsilə orijinallığının qorunmasıdır. Artıq ilkin bəhrələr var. Bu yaxınlarda hörmətli qələm ustamız Ramiz Əsgər türkmən ədəbiyyatının görkəmli nümayəndəsi- tanınmış şair, yazıçı və publisist Oraz Yağmurun “Qarabağlı ananın ağısı” və Özbək poeziyasının tanınmış nümayəndələrinin əsərlərindən seçmə nümunələrini “XX əsr özbək şeiri antalogiyası” adı ilə Azərbaycan dilinə tərcümə edərək “TÜRKSOY kitabxanası seriyası” başlığı altında çap etdirİb.
   - Başqa xalqların birgə musiqi və sənət festivalları olduğu halda, türk xalqlarının bu tip birgəlikləri yoxdur. Əlbəttə, «Koroğlu” layihəsi istisna edilməklə.
   - TÜRKSOY yarandığı gün türkdilli xalqların musiqi və sənət festivallarını və görüşlərini təşkil edib. Hər il keçirilən opera günləri, rəssam, fotoqraf, heykəltəraşlar və şairlərin görüşləri, rəngarəng Novruz bayramı tədbirləri, türk dünyası aşıqlar festivalı və digər bu kimi tədbirlərdə bütün türk dünyasından peşəkar sənətçilər iştirak edirlər. Bu il ikincisi keçirilən “Min nəfəs bir səs” türkdilli ölkələrin Beynəlxalq teatr festivalında TÜRKSOY-un 8 üzv ölkəsindən, Makedoniya, Bolqarıstan və digər Balkan ölkələrindən türkdilli teatrlar iştirak ediblər. Hər ölkənin teatrı tamaşalarını öz dilində təqdim etmiş və bu çox böyük maraqla qarşılanmışdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı festivalda “Çığ” (Uçqun) tamaşasını göstərib. “Koroğlu” operası layihəsi isə bu tədbirlərin ən böyüyüdür.
   - Bu gün türk xalqlarının əksəriyyətinin öz dövlətləri var və onlar öz mədəniyyətlərini qoruya bilirlər. Elə türk xalqları da var ki, dövlətləri yoxdur və müəyyən mədəni-mənəvi basqı altındadırlar, öz mədəniyyətlərini, sənətlərini qoruya bilmirlər. Bu layihə və festivallarla onların folklorunu, mədəniyyətini, kinosunu qorumaq mümkündürmü?
   - TÜRKSOY təşkilatı bütün dünyada yaşayan türk xalqlarının mədəniyyətinin inkişafına imkan daxilində köməklik edir, dəstək verməyə çalışır. Qurum Qaqauz, Tuva, Saha-Yaqut folklor kollektivlərinin fəaliyyətinə yardım edir. Keçən il “Başqurd şəcərələri” kitabı və Xakas xalq dastanı olan “Xan Mirgen” kitabı təşkilatın dəstəyi ilə türk dilinə tərcümə edilərək çap olunub.
   - TÜRKSOY-un mədəniyyətə verdiyi əsas prioritetlər və yaxın vaxtlarda planlaşdırdığınız tədbirlər...
   - Əsas prioritet türk mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və dünya xalqlarına tanıdılmasıdır. Gələnilki ən böyük tədbirlərimizdən isə Astana şəhərində keçiriləcək “Türk dünyası şəhərsalma və memarlıq qurultayı”nı, “18-ci Xəzər şeir axşamları”nı, «13-cü rəssamlar buluşması»nı, «13-cü Opera günləri»ni, “Koroglu” operasının Avropada və “İstanbul Avropa mədəniyyət paytaxtı 2010” çərçivəsində İstanbulda səhnəyə qoyulmasını, Avropada Novruz bayramının keçirilməsini və oktyabrda Bakıda keçiriləcək “Şərq-Qərb” beynəlxalq kinofestivalı çərçivəsində türk dünyası filmlərinin panoramının təşkil olunmasını, noyabrda ayında Bakıda nəzərdə tutulan “Türk xalqlarının musiqi alətləri” simpoziumunun keçirilməsini və s. qeyd etmək istərdim. Gördüyünüz kimi, qurumun fəaliyyəti genişlənməkdə, inkişaf etməkdədir.
   - Necə düşünürsünüz, TÜRKSOY üçün ən yaddaqalan və önəmli il hansı olub?
   - Təşkilat üçün ən önəmli il yola salmaqda olduğumuz 2010-dur. Belə ki, 2-3 oktyabr tarixlərində Naxçıvan şəhərində keçirilən Türkdilli dövlətlərin Başçılarının 9-cu Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyev TÜRKSOY-un builki fəaliyyətini yüksək qiymətləndirib və təşkilata hərtərəfli dəstək göstərilməsini vurğulayıblar. Bu sözlər öz əksini tədbirin sonunda dövlət başçıları tərəfindən imzalanan Naxçıvan Bəyannaməsində tapıb. Bu böyük bir tarixi hadisədir. Əlbəttə, TÜRKSOY-a belə yüksək dəstəyin verilməsi bizi ruhlandırır, böyük ümidlər verir. İnanırıq ki, bu dəstək ümumtürk mədəniyyətinin inkişafına böyük təsir göstərəcək. Zirvə toplantısının yekununa əsasən, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası yaradılıb. Zənnimcə, 3 oktyabr tarixini türk dünyasının birliyinə yönəlmiş gün olaraq hər il bayram kimi qeyd etmək lazımdır.
   
   Mehparə