Cəfər Cəfərov: "Azərbaycan turizminə qeyri-peşəkar kadr lazım deyil"
   
   Qəzetimizin son sayı ilin mədəniyyət və turizm sahəsinin yekun nəticələrinə hesablandığından istədik ki, Azərbaycan Turizm İnstitutunun bir illik fəaliyyətinə də nəzər salaq. İnstitutun rektoru Cəfər Cəfərovla müsahibədə də məqsəd elə bu idi. Amma söhbətimiz şaxələndi. Müsahibə boyu turizmdə yüksək xidmət səviyyəsindən tutmuş keyfiyyətli kadr hazırlığına qədər bir çox sahələrə toxunduq. Rektor institutun bir il ərzində imza atdığı uğurlardan da danışdı:
   
   - İşlərimiz əvvəldən müəyyənləşdirilmiş strategiyaya uyğun gedir. Bir neçə il əvvəl ATİ-nin inkişaf strategiyası adlı sənəd hazırladıq. Əvvəllər bu, müəyyən vaxt üçün nəzərdə tutulsa da, sonra Azərbaycanda turizmin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramına uyğun olaraq müddəti 2016-cı ilə qədər uzatdıq. Bu sənədin içərisində bir neçə istiqamət var. Bu istiqamətlərdən biri və ən əsası tədrisin mükəmməl qurulmasıdır. ATİ yarandığı gündən bu məsələyə önəm vermişik. Artıq strukturlaşma prosesinin birinci mərhələsi başa çatmaq üzrədir. 2010-cu ildə ilk məzun buraxılışımız olacaq. Bundan sonra müəyyən dəyişikliklərin olması gözlənilir. Amma bu dəyişikliklər fənlərə təsir etməyəcək. Hazırda bizim əsas işimiz fənlərin və həmin fənləri tədris edən müəllimlərin oturuşmasına, bununla paralel olaraq isə keyfiyyətin qaldırılmasına nail olmaqdır. Birinci buraxılışdan sonra bir neçə fakültə əsasında işimizi davam etdirmək niyyətindəyik. Hazırda 9 ixtisasımız var. Gələnilki qəbul üçün əlavə iki ixtisasın götürülməsini də nəzərdə tuturuq. Bu da qəbul edildikdən sonra bir fakültənin içərisində 11 ixtisas yerləşməsi müəyyən çətinliklər doğurur. Belə olduqda bütün yükü kafedralar arasında paylaşdırmaq istəyirk. Elmi-metodiki şuranın iclaslarının kökündə də bu məsələ durur: hərə öz səlahiyyətləri çərçivəsində işini keyfiyyətlə görsün. İstəyirik ki, kafedralar özlərini tam səlahiyyətli hesab etsinlər. ATİ klassik ali məktəb olmadığından kafedra bir fənn üzrə ixtisaslaşmayıb. Bizdə elə kafedralar var ki, özündə 30 fənni birləşdirir. Burada da əsas rolu fənn komissiyaları oynayır. Məsələn, dillər kafedrasında bütün güc ingilis dili üzrə fənn komissiyasının üzərinə düşür. Bu, strukturlaşma prosesində çox önəmlidir. Ötən tədris ilinin sonlarına yaxın iki kafedradan beş kafedraya keçdik. Elə kafedralar var ki, yarandığı cəmi bir ildir. Bunların oturuşması üçün vaxt lazımdır. Bundan əlavə, dərsliklərin hazırlanması ilə bağlı müəyyən işlər görürük. Turizm fənni üzrə dünyada qəbul edilən dərslikləri ya tərcümə edəcəyik, ya da tələbələrin dil hazırlığına böyük önəm verdiyimizdən onları birbaşa orijinaldan istifadə edəcəyik.
   - Tələbələr lazım olan dərs vəsaitlərini ATİ-nin öz kitabxanasından əldə edə bilirlərmi?
   - İxtisas ədəbiyyatı baxımından bizim kitabxana ölkədə birincidir. Digər fənlər üzrə isə başqa kitabxanalara müraciət edə bilərlər. Bizim kitabxana fondumuz artıq beş mini keçib. Bunların da xeyli hissəsi ixtisasa aiddir. Rus, ingilis, alman dillərində olan kitablarımız da var. Dövlət Dillər Universiteti məktəbləri istisna olmaq şərtilə, bizdə heç bir ali təhsil ocağında olmayan qədər dilə saat ayrılır. Bir tələbə təhsil müddətində 3000 saatdan çox dərsdə oturur. Bunun 1000 saata yaxını dil dərsləridir. Bəzən elmi şuranın iclaslarında belə bir haqlı sualla qarşılaşıram ki, menecment ixtisası üzrə oxuyan tələbənin vaxtını ixtisasdan çox dil dərslərinə sərf etməsi nə qədər doğrudur? Amma hələlik buna məcburuq. Çünki dili bilmədən turizm biznesində işləmək qeyri-mümkündür. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də ötən konfransda qarşımızda ciddi tələb qoydu ki, keyfiyyətsiz kadr Azərbaycan turizminə lazım deyil.
   - Elə mən də sizə bununla bağlı sual vermək istəyirdim. Nazir ötən konfransda qarşınızda belə bir tələb qoydu ki, üç dəfə imtahan verib kəsilən tələbəyə diplom verilməsin. Sizdə belə tələbələrin sayı çoxdurmu?
   - Belə tələbələrimiz var. ATİ bütün fəaliyyəti dövründə iki dəfə tələbə xaric edib. Bunlar da davranışla bağlı olub. Tələbələrimiz arasında xeyli sayda kəsiri olanlar var. Boloniya sistemində kurs anlayışı yoxdur. Şərtlərdən biri budur ki, tələbənin aşağıdan və yuxarıdan fənn seçmək ixtiyarı var. Bu nə deməkdir? Əgər tələbə yaxşı oxuyursa, öz dərslərini çatdırırsa, onda o, özündən yuxarı pillədə oxuyanların dərslərindən birini götürüb oxuya bilər. Zəruri fənlərdən başqa, tələbə müəllim və fənn seçimində sərbəstdir. Bu minvalla, biz hesablamışıq ki, həmin tələbə 240 kreditlik proqramı bitirə bilər. Aşağıdan fənn seçmək o deməkdir ki, tələbə vaxtında hər hansı fənni mənimsəməyib. Onda o, özündən aşağı kursda oxuyan tələbələrlə birlikdə öz dərsləri ilə yanaşı, borclu qaldığı fəndən də hazırlaşmalıdır. Bunun da limiti var. Tələbə bacarıqlıdırsa, iki fənn götürə bilər. Yuxarıdan da, aşağıdan da.
   - Əgər tələbənin ikidən çox kəsiri varsa, bu halda onları necə verməlidir?
   - Bizim hətta 15 kəsiri olan tələbəmiz var. Diplom almaq istəyən tələbə necə olur-olsun, borclarını verməlidir. Biz bunun üçün tələbələrə müxtəlif formalarda əlavə imkanlar yaradırıq. Bu məqsədlə yay məktəbləri təşkil etmişik. Müəyyən müddət ərzində tələbələr nisbətən qısaldılmış dərslərə gəlirlər, sonra isə imtahan verirlər. Burada da limit nəzərdə tutulub. Üç fənni də bu yolla əritmək mümkündür. Bundan başqa, kəsiri olan tələbələrə kömək məqsədilə axşam məktəbləri də yaratmışıq. Altı nəfərlik qrup şəklində dərslər davam etdirilir. Bütün bunları ona görə edirik ki, yeni yaranmış ali məktəbdə tələbələr hər şeyə uyğunlaşa bilsinlər. Biz az sayda tələbənin diplom almasında qətiyyən maraqlı deyilik. Əksinə, ATİ-də təhsil alan tələbələrin hamısının diplom almasını istəyirik. Yaxşı tələbələrimiz çoxdur.
    - ATİ gələn il ilk məzunlarını buraxacaq. Neçə tələbə diplom almağa namizəddir?
   - Birinci il 200 nəfər qəbulumuz olub. Bunların 74-ü qiyabiçidir, beş il oxuyacaqlar. Yerdə qalan 126 nəfər bu il qurtarmalıdır. Təxmini hesablamalarımıza görə ən yaxşı halda onların 70-80 faizinin diplom almaq şansı var. Amma bu, 60 və 50 faiz də ola bilər.
   - Bunun səbəbini nədə görürsünüz?
   - Səbəblər çoxdur. Birinci səbəb odu ki, bizim institutda tələbələr yalnız bilikləri sayəsində qiymət alırlar. Bilikli, savadlı tələbələr çoxdur. Ancaq bunun əks göstəricisi də var. Tələbələrin bəziləri məsuliyyətsizdir. Onlar vəziyyətin ciddiliyini başa düşmürlər. Fikirləşirlər ki, bu il olmayacaq, növbəti il olacaq. Anlamırlar ki, bu illər ömürdən götürülmüş məzuniyyətdir.
   Keyfiyyətli tədris vermək bizim birinci işimizdir. Mən bugünlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının toplantısında iştirak edirdim. ATİ Azərbaycanda fəaliyyət göstərən ali məktəblər içərisində reytinqə görə 5-ci yerdədir. Bu reytinq ali məktəblərin ixtisas kodlarını abituriyentlərin ərizələrində neçənci yerdə göstərmələri, qəbul olan abituriyentlərin topladıqları balların miqdarı və ali məktəbə sənəd verənlərin ümumi bilik səviyyəsi ilə müəyyənləşdirilir. Qısası, burada ali məktəbin, konkret olaraq isə ixtisasın populyarlığından söhbət gedir.
   - Bayaq keyfiyyətdən danışdınız. Məlumdur ki, Azərbaycanda çox az sayda turizm işini mükəmməl bilən mütəxəssis var. Bu insanların təcrübəsindən yararlanırsınızmı?
   - Bəli. Mən dəvət olunduğum bütün tədbirlərdə iştirak etməyə çalışıram. Birincisi, ona görə ki, bu, institutun tanıdılması üçün lazımdır. Digər tərəfdən, bütün əlaqələrdən istifadə etməklə bacarıqlı insanları ATİ-yə cəlb etmək istəyirik. Turizm sənayesində çalışan bütün insanlarla bu barədə söhbət gedir. Elə fənlər var ki, biz onu tədris etməyə illərdir mütəxəssis tapa bilmirik. Məsələn, bronlaşdırma ilə bağlı fənnin tədrisini mütəxəssis problemi üzündən dörd ildir yubadırdıq. Yalnız bu il turizm şirkətlərindən birində gənc və bacarıqlı bir mütəxəssis tapmışıq. Başlanğıc mərhələdə bu işi belə etməkdən başqa yol yoxdur. Ümumi fənlər üzrə ən yaxşı müəllimləri axtarıb tapırıq. İxtisas fənləri ilə bağlı mütəxəssisləri isə yalnız sənayedə axtarmalı oluruq. Düşünürəm ki, bu çətinliklər də müvəqqətidir. Çünki bizim öz tələbələrimiz bir neçə ildən sonra bacarıqlı mütəxəssis olacaqlar. Onda bizim bu problemlərimiz öz həllini tapacaq.
   - Turizm şirkətlərindən, hotellərdən məzun olacaq tələbələrinizə iş təklifləri gəlirmi?
   - Təkliflər çoxdur. Heç məzun olmağı gözləmirlər. İndidən işləyən tələbələrimiz var. "Lənvarq"da, "Holedeyn", "Park İnn", "Hyatt Park" hotellərində işləyən tələbələrimiz var. Bunların hamısının kökündə də təcrübə durur. Yay ərzində tələbələr bu hotellərdə təcrübə keçərkən rəhbərliyin diqqətini cəlb edirlər. Gələcəyin mütəxəssisi olacaq bu uşaqlar təbii ki, hotellər üçün çox qiymətli kadrlardır və biznesinin çiçəklənməsini istəyənlər onlardan vaz keçməyəcək. Bundan sonra isə başqa bir məsələ ortaya çıxır ki, bu kadr həmin hoteldə qalacaq, yoxsa sərfəli təklif gələndə çıxıb gedəcək.
   - Elə hotel rəhbərlərini də ən çox qorxudan bu məsələdir. Onlarla söhbətimizdə dəfələrlə bunun şahidi olmuşuq. Bu səbəbdən də bəzi menecerlər işçilərinin təcrübə mübadiləsi məqsədilə xaricə getmələrinə maliyyə sərf etmək istəmirlər.
   - Onların başqa çıxış yolları yoxdur. Keyfiyyətli işçini əldə saxlamaq üçün onun maddi təminatını ödəmək lazımdır. Bu, əmək bazarıdır. Bilirsiniz, bizdə hələ də turizmçi düşüncəsi hələ lazımi səviyyədə deyil. Çox adam mövsümi işləyir. Ona görə də xidmətin keyfiyyətindən əksər insanlar narazılıq edirlər. İnfrastruktura qoyulan investisiya qədər vəsait də kadra qoyulmalıdır. Yalnız bu halda yüksək keyfiyyətdən danışmaq mümkündür.
   - Bu il sizdə magistraturaya qəbul olacaqmı?
   - Olacaq. Ötən il də bu məsələ qaldırılmışdı. İnstitut yeni yarandığından bakalavr pilləsi axıra çatmamış, kafedralar oturuşmamış bu işə girişmək məsuliyyət tələb edirdi. Çünki magistratura təhsili ciddidir. Bu səbəbdən bu məsələni indiyə qədər saxlamaqda düşünürəm ki, düz etmişik. İstəyirdik ki, bizim ilk buraxılışımız olan tələbələrin də bura imtahan vermək şansı olsun. Təxminən 30 nəfəri əhatə edən magistratura pilləmiz olacaq.
   - 2009-cu il ATİ üçün nə ilə yadda qaldı? Sualımızı daha da konkretləşdirək: bir il ərzində hansı önəmli layihələrə imza atdınız?
   - Layihələrimiz çoxdur. Beynəlxalq əməkdaşlıq etmədən inkişafdan danışmaq qeyri-mümkündür. Bu baxımdan xüsusilə qeyd etməliyəm ki, Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığımızı getdikcə dərinləşdiririk. Erasmus-Mundos Xarici Əməkdaşlıq Proqramı çərçivəsində 16 ali məktəblə əlaqələr qurmuşuq. Bu əlaqələrdən istifadə edərək Yunanıstanın Saloniki şəhərində yerləşən "Qrek" hotellər şəbəkəsi ilə münasibət qurduq. Bu da bizə tələbələrimizə təcrübə mübadiləsi keçmək üçün yeni imkanlar açdı. Bundan başqa, Türkiyənin İstanbul şəhərində Beynəlxalq Universitetlər Assosiasiyası və İstanbul Universitetinin birlikdə təşkil etdiyi Avrasiya rektorlar toplantısında ATİ-ni təmsil etdim. Toplantının yekununda ATİ Beynəlxalq Universitetlər Assosiasiyasına üzv qəbul edildi. Sonra isə Sankt-Peterburq şəhərində keçirilən "Turizm və hotelçilik üzrə ixtisaslaşmış universitetlərin və işəgötürənlərin qarşılıqlı fəaliyyət strategiyası üzrə Beynəlxalq Forum"da iştirak etdim. Burada MDB ölkələrindən xidmət və hotelçilik üzrə yeganə iştirakçı ATİ idi. Beynəlxalq forumun iştirakçıları tərəfindən yaradılan Xidmət üzrə İxtisaslaşmış Universitetlərin Milli Elmi-Tədqiqat Texnoloji Konsorsiumuna üzv qəbul edildik. İnstitutumuz bu il ərzində daha iki təşkilatın - Xəzər Dənizi Assosiasiyası və AUDEM-ə (Demokratiya üçün Universitetlər Assosiasiyası) üzv oldu.
   Ölkə daxilində bir sıra layihələr həyata keçiririk. Şahdağ Qış-Yay Turizm İstirahət Kompleksi layihəsinə də qoşulmuşuq. Kompleksin kadr potensialını təmin etmək məqsədilə institutumuzda hazırlıqlar gedir. Gədəbəydə "Siemens"in muzeyini yaratmaq niyyətindəyik. Ümumiyyətlə, respublikamızın şimal, cənub və qərb bölgələrində ayrı-ayrı mövzular üzrə layihələr həyata keçiririk.
   İl ərzində 20-yə yaxın konfrans keçirmişik.
   Bu il institutda yeni bir mərhələyə başlandı. Biz ali məktəb olaraq quruculuğumuzun yekun mərhələsinə qədəm qoyuruq, yəni məzun buraxılışına hazırlaşırıq. Düşünürəm ki, ATİ yalnız turizm sahəsi ilə işini məhdudlaşdırmayacaq. Turizm sənayesinin ehtiyacları ödəndikcə, biz xidmət sahəsilə bağlı sahələrlə də məşğul olacağıq.
   Söhbətləşdi:
   Fəxriyyə ABDULLAYEVA