Əlif Şəfəq: “Mən yazarkən sərxoşlar kimi hisslərimlə yazıram”
   
   Yazar Əlif Şəfəq bu günə qədər yazdığı 9 kitabın əsasında tam yeni bir romanını oxuculara təqdim edərək yenidən gündəmə daxil olub. Onun əsərlərinin Azərbaycanda da sevildiyini və oxunduğunu nəzərə alaraq Türkiyə mətbuatına verdiyi ən son müsahibəsini oxuculara təqdim edirik.
   
   - “Kağız halva” haqqında bu bir həyat anlarıdır, qarın doydurmaq üçün deyil, deyirsiniz, bu kitabı yazmaq hansı zərurətdən doğdu?
   - Bütün kitablarım arasında bir körpü olacaq əsər ortaya qoymaq istədim. Bu həm sadiq oxucularımın, həm də məni yenicə tanıyanlar üçün xüsusi bir kitab hədiyyəsi olmalı idi. Eləcə də son işimin mənim üçün də xüsusi əhəmiyyəti var.
   - Bəs o ehtiyac nədən doğuldu?
   - Kütlənin sevgisini qazanmış “Eşq” romanımdan sonra dönüb geriyə baxdım. Haralardan keçdim, qələmim nələr yazdı deyə. Yolumun xəritəsini nəzərdən keçirdim. Buna ehtiyac vardı, çünki mən yazarkən sərxoşlar kimi hisslərimlə yazıram.
   - Bu kitabı həm özünüzün, həm də oxucunun kitabı adlandıraqmı?
   - Təbii...Oxucular imza günlərində kitabı mənə təqdim edirlər. Onların qeydlərini oxuyuram. Bir oxucu kitabın müəyyən hissələrini göstərərək dedi ki, bunlar mənim düşüncələrimlə o qədər üst-üstə düşür ki, sanki siz deyil, mən yazmışam.
   - Deməli, yazar kimi deyil, oxucu olaraq düşündünüz...
   - Oxucunu düşünərək yazdım. Mən oxucularımdan enerji alıram.
   - “Eşq” romanınızın eyforiyası hələ bitməyib...
   - Həm öz həyatımda, həm də qələmimdə mövzu olaraq eşqin xüsusi yeri var, “Eşq” buradan yarandı. Mənim üçün yazmaq da bir sevgi işidir. Amma söyləməliyəm ki, indiyə qədər yazdığım kitablar içində aparıcı sayacağım kitabım ortada yoxdur. Sadəcə “Eşq” son romanım olaraq gündəmə daxil olmuşdu...
   - Yazı prosesində özünüzü unutduğunuzu deyirsiniz, “Kağız halvanı” yazmaq üçün digər kitablarınızı nəzərdən keçirərkən mən bunları necə yazdım dediyiniz an oldumu?
   - Olur, özü də tez-tez. Oxucular bəzən romanlarımdan söhbət açanda hansısa hissənin mənim yazmış olduğuma belə inanmıram. Elə oxucularım var ki, kitablarımı məndən daha yaxşı analiz edirlər.
   - Özündə olmadan yazmaq, bu trans halıdır?
   - Açığı rasional vəziyyətdə yazmıram, əsərlərim mühəndis planı kimi ortaya çıxmır. Əsrlərdən gələn ənginlikləri duyaraq yazıram. Romançılıqda iki texnika var. Bu günə qədər rasional xarakterlər, fantastika və intriqaların əvvəldən təyin edildiyi texnikanın üzərində çox dayanıldı. Bu yöndə çox gözəl əsərlər də yazılıb. Amma ikinci yol da var, hisslərlə yazmaq. Ağılla yazmaq maddənin bərk halıdırsa, hisslə yazmaq maye halıdır. Axıcıdır, hər istiqamətə çevrilir, yazarın ruhi halını da dəyişir. Yazarkən ağladığım, güldüyüm, özümlə danışdığım anlar olur.
   - Oxucu da bəlkə bu səbəblə sizin kitablarınızı oxuyarkən ağlayır, gülür...
   - Yazarkən, yazdığım mətnlə öz aramda məsafə qoymuram. Özümü mətnin üzərinə yerləşdirmirəm, özümü o mətnin tanrısı zənn etmirəm. Bu əhəmiyyətli bir detaldır.
   - Xarakterlərin birimi olub yazırsınız?
   - Xeyr, xarakterlərin cəmi oluram. Bu, bir az da aktyorluq, onun ruhi halını duymaq üçün bu belə olmalıdır. Ədəbiyyat özünü izah etmək deyil. Bu günün ədəbiyyatında təəssüf ki, bu hal üstündür. Mən yazarkən özümlə maraqlanmıram, tam tərsinə, özümdən sıxılıram. Bu bədəndən çıxmaq və bir başqasının bədəninə girə bilmək, sonra bir başqasının, sonra bir başqasının... Məncə, sənətin gücü buradadır. Ədəbiyyatla təsəvvüf arasında bir paralellik var. İkisində də əsas olan, “mən” duyğusunu aşmaqdır. Yazarkən o “mən” olmaqdan çıxma halını sevirəm.
   - Oxucularınızla yaxın bir əlaqəniz var. Normal həyatda da insanlara belə yaxınsınız?
   - Gündəlik həyatımda, normal insan əlaqələrimdə çox yadam. Amma oxucularımla bunun tam tərsidir. Onları ruhdaşım olaraq görürəm, biz bir kitabda görüşürüksə mənanı birlikdə yaradırıq. Roman sənətinin, sənətin digər budaqlarında olmayan çox xüsusi bir tərəfi var; təklik. Yazarkən də, oxuyarkən də təksiniz. Oxucunun təkliyiylə yazarın təkliyi arasında qurulan ruhi bir bağ var. Bu səbəbdən oxucu mənim aynadakı əksimdir.
   - Türklər kitab oxumur - tezisinə də qatılmırsınız...
   - Çox qatılmıram. Bizdə elə romantik bir oxucu var ki , bir kitabı sevdiyi zaman onu ailənin bir parçası olaraq görür və götürüb ailə fərdlərinə oxudur, xaricdəki qohumlarıyla da paylaşır. Belə bir şeyi başqa yerdə görmədim.
   - Məşhur bir yazarsınız, bu sizin üçün nəyi ifadə edir?
   - Mənim üçün həqiqi, səmimi ədəbiyyat oxucusu çox qiymətlidir. Məşhuram deyə cəmiyyətə, oxucuya yuxarıdan aşağı baxa bilmərəm.
   - Kitablarınız nobelli Orxan Pamukdan daha çox satılır, bu hansı hisslər oyadır?
   - Türk ədəbiyyatı o qədər zəngin və çoxsəslidir ki!
   Yazar və sənətçilərimizin mükafatlar qazanması çox sevindiricidir, məncə, hamımız bu uğurlara sevinməliyik. Kiminsə uğuru kimdənsə oğurlanmış pay deyil.
   -“Eşq” romanınızın film variantı səbirsizliklə gözlənilir...
   - Bununla əlaqədar çox gözəl təkliflər edilib. Əsərimin gözəl bir filmə çevrilməsini çox istərdim. Amma filmin yaranmasının zamanını, bunun üçün lazım olanları gözləyirəm.
   - Sizin musiqiyə və filmlərlə, digər sənətlərə xüsusi məhəbbətiniz var...
   - Bir silsilə ssenari yazdım, bir film ssenarisi tam hazırdır, bir çox mahnıların sözlərimi yazdım... Xüsusilə sənətin bu iki budağı - musiqi və kino mənim üçün çox əhəmiyyətlidir. Çünki bunlardan təsirlənirəm. Yazarkən çox vizual düşünürəm. Bütün romanlarımda isə musiqinin bir proyeksiyası vardır. Ədəbiyyat digər sənət sahələrindən daha uca bir sənət deyil. Daha üstün bir qüllədə deyilik. Hər kəs kimiyik.
   - Əsərlərinizdə diqqəti çəkən “bacılıq” metaforası var...Qadını yalnız qadınmı anlaya bilər?
   - Bu, bəlkə də öz həyatımdan irəli gəlir. Boşanmış bir ana tərbiyəsində böyüməli olmuşam. Və qadın mübarizəsini görmüşəm. Ona dəstəyi isə verən qadının olmamağı təəssüfedicidir.
   - Bu, nəyi anladır, bacılıq nə deməkdir?
   - Çox sadə, bir başqa qadının xoşbəxtliyini duyub xoşbəxt ola bilirikmi? İkincisi, bir başqa qadının daha məhsuldar, daha xoşbəxt, daha müvəffəqiyyətli olması üçün dəstək veririkmi? Bunlarda təəssüf ki, geri qalmışıq.
   - “Biz analar oğullarımızı padşah kimi yetişdirdiyimiz üçün kişi hakimiyyəti üstündür” deyirsiniz. Oğlunuz Əmr Zahirlə əlaqəniz necədir?
   - İşi nəzəriyyədə tənqid etmək başqa bir şey, həyata keçirmək başqa... Təbii mən bu mövzulara nə qədər şüurlu yaxınlaşa biləcəyəm, bunu zaman göstərəcək. İndidən çox böyük iddia edə bilmərəm. Cəmiyyətdə oyuncaqlardan başlayaraq o qədər dəqiq bir təhlil etməli ayrıntılar var ki... Amma bundan başqa ictimai cinsiyyət kodları var, inandığımız, təəssüf ki, daxililəşdirdiyimiz və uşaqlarımıza öyrətdiyimiz kodlar. Qadınlar bu mövzuda şüurlarını dəyişdirsə hər şey dəyişər, onları yetişdirən biz analarıq. Kişi hakimiyyəti kişinin qadına tətbiqi deyil. Qadınların bir-birinə tətbiq etdiyi ayrıseçkilikçiliyə diqqət yetirməliyik.
   - Qız uşaqları da atalarına daha çox bağlı olur...
    Niyə belə, bilmirəm...Səbəbi açılmayan bir sirdir.
    - Uşaqlarınıza nağıl danışırsınızmı?
   -Bəli, onlar üçün nağıllar uydururam. Bəzən eyni nağılın sonunu dəyişdirirəm. Məsələn, bir şahzadənin, cadugərin baxımından hekayə yazıram.
   -Yaxşı, 2010-dan nələr gözləyirsiniz? 
  - Ürəklərimizin yumşalmasını, şiddət yerinə söhbət olmasını və bir də eşqimizin və eşq axtarışımızın daim olmasını diləyirəm.
   
   Hazırladı: Sabutay