Müsahibimiz xalq şairi Zəlimxan Yaqubdu
   
   Klassik möhür almış ədəbiyyat heç vaxt köhnəlmir
   
   - Zəlimxan müəllim, sizi 60 illik yubileyiniz və «Şərəf» ordeni almağınız münasibətilə təbrik edirik.
   - Sağ olun! Azərbaycan dövlətinə, prezident İlham Əliyev cənablarına minnətdaram.
   - Bunun ardınca belə bir suala münasibətinizi öyrənmək istərdik. Azərbaycanın xalq şairi və digər fəxri adlara layiq görülmüş şəxs kimi fəxri adların verilməsinə necə baxırsınız? Belə ki, cəmiyyətdə fəxri adların verilməsinə münasibət birmənalı deyil. Bəziləri deyir ki, fəxri adların verilməsi vacibdir, bir çoxları isə buna ehtiyac olmadığını iddia edirlər.
   - Bu məsələyə bir qədər geniş yanaşsaq, yaxşı olar. Fəxri adlara ciddi münasibət bəsləməliyik. Qoy bunu oxucular da bilsin. Bir dəfə ulu öndərimiz Heydər Əliyevin yanında bu məsələ çox ciddi şəkildə müzakirə olunurdu. Yazıçılardan Anar, Elçin və mən də həmin müzakirədə iştirak edirdik. Etiraf edim ki, Anar, Elçin və mən fəxri adların verilməsinin əleyhinə olduq. Hətta Anar belə bir fikir də işlətdi ki, cənab prezident, mənə fəxri adların verilməsinin əleyhinə çıxmağımı bəzi yoldaşlar nöqsan tuturlar. Həmin şəxslər mənə irad tuturlar ki, mən bütün fəxri adları alandan sonra indi onun verilməsinin əleyhinə çıxıram. Anar bildirdi ki, fəxri adların verilməsi dedi-qodu yaradır. Heydər Əliyev hamımızı dinlədikdən sonra bildirdi ki, biz müstəqil dövlətik. Müstəqil dövlətin atributları - himni, gerbi, bayrağı var. Onda bizim fəxri adlarımız da olmalıdır. Əgər bu fəxri adlar olmasa, biz istedadlı və bacarıqlı adamları nə cür fərqləndirəcəyik. Axı bu insanların zəhmətinə verilən qiymətdir. Yaradıcı insanlara qarşı göstərilən diqqətdir. Yazıçı biləndə ki, onun əsərinə, fəaliyyətinə qiymət verirlər, daha da gözəl yazır. Fəxri adlar və mükafatlar vacibdir, o qalmalıdır.
   İnsan daim qayğıya möhtacdır. Sənətkar başını aşağı salıb işini görməlidir. Çəkilən zəhmət itmir.
   - Əvvəllər də belə fikirlər səslənirdi, indi isə bir qədər də güclənib. Mətbuatda, ədəbi söhbətlərin getdiyi məqamlarda tez-tez vurğulanır ki, klassik şeirin dövrü keçib, onun auditoriyası daralıb. Bu, həqiqətənmi belədi?
   - Bu fikir kökündən yanlışdır. O ədəbiyyat ki, klassik möhürünü alıb, o heç vaxt köhnələ bilməz. O artıq məktəbdir, o artıq ənənədir, o artıq min illərə söykənən müqəddəs dayaqlardan, sarsılmaz qaynaqlardan mayalanan sözün cövhəridi. Zəngin ədəbiyyatı yaradan dahilərin hamısının adları həmin klassik ədəbiyyatla bağlıdı. Heç vaxt, heç zaman klassik ədəbiyyat köhnələ bilməz.
   - Bu məqamda onu da etiraf edək ki, dünya ədəbiyyatına Nizami Gəncəvidən üzü bəri Səməd Vurğuna kimi məhz klassik şeirlə çıxmışıq, başqa cür desək, dünya xalqları bizi elə klassik şeirlə tanıyıblar.
   - Bəli, bu həqiqətdir. Həm də o mənada ki, Azərbaycan xalqını dünyaya tanıdan nə onun neftidir, nə onun təbii sərvətləri. Birinci növbədə yaratdığı uca sözüdür. O sözün başında ki, Nizaminin peyğəmbərliyi, Füzulinin məcnunluğu, Xətainin şahlığı, sərkərdəliyi, Ələsgərin müdrikliyi, Səməd Vurğunun fikir romantikası, Sabirin təpəri, Mirzə Cəlilin yanğısı dayanıb, o ədəbiyyat heç vaxt köhnəlməyəcək, zaman-zaman nəsillər dəyişəcək, ancaq o ədəbiyyat təzə və təravətli qalacaq.
   - Məzmunla formanın vəhdəti əbədidir. Hər bir mövzunun özünəməxsus forması olmalıdır. Yaşadığımız günlərdə çağdaş mövzuları, müasir mündəricəni klassik şeir formasında vermək nə dərəcədə uyarlıdı?
   - Çox yüksək səviyyədə ifadə etmək mümkündü. Səməd Vurğun deyir:
   
   Məhdud ömür eylədik bu aləmdə biz,
   Şahid atalardı, bir də analar.
   Ballı pətəklərə bənzər beynimiz,
   İçində boş qalıb bir çox şanalar.
   
   O içi boş qalmış şanaları doldurmağa qadir olan Azərbaycan ədəbiyyatının gücü, potensial imkanı, romantik vüsəti, çağlar kökü var. Ona görə də hansı forma olur-olsun, hər şeyi istedad həll edir. Burada söhbət nə əruzdan, nə hecadan, nə sərbəstdən getmir. Hər şey əsəri yaradan şairin istedadından asılıdı. Füzuli də böyükdü, Ələsgər də, Nazim Hikmət də, Pablo Neruda da, Rəsul Rza da. Diqqət etdinizsə, sərbəst formada yazanları da deyirəm, klassik formada yazanları da. Janr hələ hər şey deyil. Bütün bədii formalar gözəldi. Formanı istedad gözəlləşdirir və yüksəldir. Bəxtiyar Vahabzadənin belə bir şeiri var:
   
   Təzə yol deyib də qışqırmayın siz,
   Sənət aləmində yol birmi, yüzmü?!
   Əsl sənətkarı yolsuz, cığırsız,
   Heç gördünüzmü?!
   Yaz ürək deyəni, könül deyəni,
   Yol özü dolanıb tapacaq səni.
   Levə nə deyirsən, o qoca loğman
   Özgə bulağından qətrə içmədi.
   Fövqəlbəşər oldu, ancaq heç zaman
   Mujik paltarını o dəyişmədi.
   
   Tolstoy gözəl geyinəndə də Tolstoydu, mujik paltarında olanda da. Forma əsas deyil, əsas məzmundu. Sərbəstdə elə möhtəşəm abidələr var ki, dünya səcdə edir. Hecada və əruzda elə əsərlər yazılıb ki, bu gün də sevilə-sevilə oxunur. Hər bir janrın yetişdirdiyi böyük klassiklər var.
   
   Mən Azərbaycan şairiyəm, mən yapon şairi kimi yazmaq istəmirəm
   
   - Zəlimxan müəllim, artıq çağdaş ədəbi nəsil klassik formanı bəyənmir, yeni formalara daha çox maraq göstərirlər. Gənc yazarlar məzmundan çox, formanın aludəçisinə çevriliblər. Onlar ən dəyərli əsərin klassik formada olmasını qəbul etmir, ancaq yeni formada yazılmış ən aşağı səviyyəli əsəri, nədənsə, yüksək qiymətləndirirlər.
   - Mən gənc yazarların yaradıcılığını izləyirəm. Onlarla çox isti bir münasibətim var. Birdən elə olur ki, mənim yanıma iyirmi nəfər gənc şair birdən gəlir. Onların içərisində çox istedadlı, milli kökə, milli şüura, milli təfəkkürə bağlı, eyni zamanda bəşəri mahiyyət kəsb edən düşüncəyə yiyələnmiş, bir neçə xarici dil bilən istedadlı gənclər var. Öz milli adət-ənənəsini bəyənməyən, klassik ədəbiyyata yuxarıdan aşağı baxan, aşıq poeziyasına, folklora, divan ədəbiyyatına köhnəlib deyən adamların özləri köhnəlib, hissləri köhnəlib. Çünki onlar güman edirlər ki, paltarla dünya gözəlləşir. Əslində paltar formadı, məzmun ürəkdi. Mən Zəlimxan Yaqub min cür forma geyinə bilərəm, paltarımı dəyişə bilərəm, ancaq fikrimi, idealımı, mündəricəmi dəyişə bilmərəm, dəyişsəm, özüm olmaram. Məna, məzmun əbədi olduğundan ona sədaqətli olmalısan. Bütün dünya şairlərinin tərcümeyi-halına, yaradıcılığına diqqət yetirsək, araşdırsaq, görərik ki, ən böyük şairlər ən milli olanı, kökünə-soyuna sadiq qalandı. Füzuli kimi, Puşkin kimi, Dante kimi, Şekspir kimi, Homer kimi. Hər şair öz xalqının içindən çıxanda böyük olur. Məsələn, Danteyə qədər italyanların danışdığı dili çoban dili hesab edirmişlər. Ancaq Dante «İlahi komediya» əsəri ilə italyan dilində möhtəşəm bir abidə ucaltdı. Dahi şəxsiyyətlər ədəbiyyatın da taleyini həll edir, millətin də. Hətta deyərdim ki, dahilər forma və məzmunun da taleyinə imza atırlar. Bütün dövrlərdə gənclərin inkarçılıq meyillərinə rast gəlinir. Ancaq onu da unutmayaq ki, bu inkarçılıq bütün gənclərə xas olan xarakter deyil.
   - Məlum səbəbdən keçmiş bizdən asılı deyil. Ancaq gələcək müəyyən mənada bugünkü gənclikdən asılıdı. Bu baxımdan çağdaş ədəbi nəsil ədəbiyyatımızın gələcəyinə cavabdehdirlər. Çağdaş yazarlar hansı ədəbi təmayül - ənənəvi yola, yoxsa modernizmə meyillənməlidirlər?
   - Bütün dövrlərdə modernizm axtarışdı, müxtəlif cərəyanlardı, eksperimentlərdi, təcrübələrdi. Bunlar heç vaxt oturuşmuş ədəbiyyat ola bilmirlər. Bu təmayülün tərəfdarları modern, modern deyib hara qədər gedəcəklər? Mən Azərbaycan şairiyəm, mən yapon kimi yazmaq istəmirəm, mən Çin şairi kimi yazmaq istəmirəm. Mən Azərbaycan şairi kimi yazmaq istəyirəm. Yapon yapon kimi, çin çin kimi gözəl yaza bilər. Mənim bayatım başqa, yaponun haykusu başqa şeydi.
   Şərq deyilən bir məfhum var. Şərqin yetişdirdiyi klassikləri göz önünə gətirdikdə adam dəhşətə gəlir. Şərqdə inkaredilməz bir qədimlik, sözün neçə minillik ənənəsi var. Deyirlər ki, qoca adam daha müdrik olur. Şərq qocadı, onun poeziyası da müdrikdi. Şərqin fikri, düşüncəsi, idrakı da müdrikdi. Onu da unutmayaq ki, bizdən öyrənirlər. Bu günün özündə də Qərb Şərqi öyrənir. Amerika ədəbiyyatının üç yüz illik, Azərbaycan ədəbiyyatının isə üçminillik yaşı var. Bu rəqəm çox şeydən xəbər verir. Ona görə də parıltı, hay-küy dalınca qaçmaq heç vaxt fayda gətirmir. Böyük ədəbiyyatın yaranması böyük zəhmətdən keçir. Bu baxımdan modernizmlə klassikanı yanaşı qoysaq, müqayisə etsək, klassikanın çəkisi daha ağır gələcək.
   
   Kimlərisə inkar etməklə ədəbiyyatda qalmaq olmaz
   
   - Zəlimxan müəllim, o da var ki, qloballaşma əsrində yaşayırıq. Yaşadığımız zamanda ədəbiyyat xüsusi missiyanın daşıyıcısına çevrilib. Son illərdə dünya ədəbiyyatında ciddi forma və məzmun dəyişikliyi gedir. Bu yeniliklər az da olsa bizim ədəbiyyata da təsir göstərir. Gənc ədəbi qüvvələr öz potensialları daxilində yeniliklərdən faydalanırlar. Gənc yazarların yaradıcılıqları barədə fikirlərinizi bilmək oxucular üçün maraqlı olardı. Ancaq gənc yazarlar içərisində istedadlılarla yanaşı, ifrat inkarçılar da var.
   - Böyük Nizami «Sirlər xəzinəsi» poemasında buyurur:
   
   Cavan ağac bağların gözəlidi, gözəli,
   Qocaldımı, sındırar onu bağbanın əli.
   
   Bu, bir təbiət qanunudu. Təbiət qanunları əsasında da cəmiyyət qanunları formalaşır. Gənclərin inkarçılığını da bir az təbii başa düşməliyik. İnkarçılığın özünü də büsbütün rədd eləmək insafsızlıqdı. Gənclik havalıdı. Gənclik cığaldı. Gənclik göylərlə əlləşən, yuxarıdan aşağı baxandı. Yaşlı nəsil müdrikdi, gəncliyin keçib gəldiyi yolu çoxdan keçib gəlib. Necə ki, Nizami deyib:
   
   Təmkinli oturmağı etdiyi üçün dağ peşə,
   Mötəbərdi yerində varlığı ilə həmişə.
   Dənizə min çay axar, o yenə sakit durar,
   Arxa bir çay gələndə çalxanıb ləngər vurar.
   
   Fikir aydındı, şərhə ehtiyac yoxdu. Yenə təbiətə qayıdaq. Yaz olanda dağların sinəsindən min bulaq axır, payızda o minin doqquzu quruyur, yüzü qalır. Ədəbiyyat da belədi. Gənclik çağlaya-çağlaya gəlir, amma idmanda olduğu kimi, finala bir-iki nəfər çıxa bilir. İnkarçı gəncliyin içərisində kimlər ki, yaradıcılığını uzun müddətə hesablayıb, onlar daha güclü və möhkəm qaynaqlardan yapışırlar. İndiki gəncliyin içərisində savadsız, tamam nihilist olan, nəinki yaxşı ədəbiyyatı, hətta dədəsini də danan üzdəniraq gənclər var. Onu da bilək ki, bu gənclərin ədəbiyyata heç bir dəxli yoxdu. Onların hamısı yellə gəlib, sellə gedəcəklər.
   Kimlərisə inkar etməklə ədəbiyyatda qalmaq mümkün deyil. Mən özümü zaman-zaman xoşbəxt hesab etmişəm. Ona görə ki, xarakterimdə, təbiətimdə əsassız inkarçılıq yoxdu. Əksinə, yaxşı nə varsa, qəbul etmişəm. Hansı şairin adını çəksəniz, mən ondan ən azı bir şeir, bir poetik parça deməsəm, adımın üstündən xətt çəkərəm. Çünki mən ədəbiyyata böyük bir tərbiyə - Aşıq Ələsgər tərbiyəsi, Səməd Vurğun tərbiyəsi ilə gəlmişəm.
   
   Şair baxışı əbədiyyətə hesablanmalıdı
   
   - Sənətkar gözlə görünəni, əllə toxunulanı, yoxsa gözlə görünməyəndən, əllə toxunulmayandan, başqa sözlə, ola bilmişlərdən yox, ola biləcəklərdən yazmalıdı?
   - Hər ikisindən yazmaq məsləhətdi. Gözlə görünəni yazmaq da məsləhətdi, görünməyəni də. Məsələn, gözlə görünməyən Allahdı, gözlə görünməyən sözün özüdü. Şair olandan çox, olmayana can atmasa, o, əsl şair ola bilməz. Şair baxışı yüz ilə, min ilə, əbədiyyətə hesablanmalıdı. Masa arxasında əyləşib əlinə qələm alan şəxs özünü Tolstoya, Çingiz Aytmatova və başqa nəhənglərə bərabər tutmaq qüdrətində deyilsə, ondan böyük yazıçı çıxmayacaq. Mən öz əsərlərimi yazanda bu inamın, bu gücün şahidi olmuşam. «Yunis İmrə» dastanını, «Saz», «Ələsgər», «Peyğəmbər», «Əbədiyyət dastanı»nı yazanda dəstəmaz almışam, dizimi yerə qoymuşam, ağlamışam, Tanrıya dualar etmişəm, güc-qüvvət diləmişəm. Sanki müharibəyə gedirəm, dahilərlə döyüşə girirəm. Düşünmüşəm ki, görəsən, ustadlar məni qəbul edəcəklərmi?! Böyük əsərləri yazmaq üçün böyük güc gərəkdi. Vaqif Səmədoğlu danışır ki, Səməd Vurğun yazı masasının arxasına keçməmişdən əvvəl səliqə-sahmanla geyinər, qalstukunu taxar, hətta deputat nişanını belə döşünə vurar, kəmərini möhkəm bağlayarmış. Deyirdim ki, ay ata, sən evdəsən, niyə özünə əziyyət verirsən, kəməri niyə elə möhkəm çəkirsən, rahat otur da. Səməd Vurğun cavabında deyirmiş: «Ay oğul, mən sözlərlə güləşə çıxıram, belim bərk olmasa, söz məni yıxacaq. Belimi ona görə möhkəm çəkirəm ki, mən sözü yıxım».
   
   100 şairdən 97-si fələyin xərcinə gedib
   
   - İlk şeir kitabınızın təəssüratlarını bu gün necə xatırlayırsınız?
   - Uzun illər mənim kitabım çap olunmadı. Mən kifayət qədər tanınırdım, ancaq kitabımı nəşr etmirdilər. İlk kitabım otuz yaşımda nəşr olunub. Həmin vaxt gənc şairlərin ilk kitabı seriyasından nəşr olunan kitabları ləğv etdilər. Hər kitabdan da bir şeir götürüb «Səhər şəfəqləri» adlı bir almanax buraxdılar. Bu kitaba yüz nəfərin şeiri salınmışdı. Orada şeirləri dərc olunmuş yüz nəfərdən bu gün ədəbiyyatda üçü qalıb, yüzünün doxsan yeddisi fələyin xərcinə gedib. Kimin ki, kökü dərindədi, sazın, muğamın üstündədi, palıd bitən yerdədi, qayanın, dağın, təbiətin qoynundadı, bax, onlar əbədi qalandı.
   - Söhbət yaradıcılıq laboratoriyasından düşmüşkən, yazı üsulunuz necədi, günün hansı vaxtında əlinizə qələm alırsınız?
   - Şair hər dəqiqə, hər an şairlik kökündə köklənməli və o kökü nizamlı saxlamalıdı. Mən sazı gözəl çalıram. Aşıq kimi çalmıram, çox fərqli çalıram. Sazda belə bir sirr var. İki gün çalmayanda pərdələr sənin sözünə baxmır, kökləmək istəyirsən, kökə gəlmir, çalmaq istəyirsən, barmaqların pərdəyə yatmır. Çünki sən iki gün saza xəyanət etmisən. Sazı yaxşı bildiyim üçün özümü də saz kimi saxlayıram, hər gün mütaliə edirəm, hər gün təbimlə, ilhamımla əlləşirəm. Mənim yazı laboratoriyam belədir ki, gecələr fasiləsiz mütaliə edir, ilhama gələndə isə yazıram. Gündüzlər yazmıram, ancaq müşahidə edirəm. Gündüz xalqın, millətin, dövlətin oluram, tədbirlərdə, görüşlərdə, kitab təqdimatlarında iştirak edirəm. Gecələr isə özümün oluram, bir mən, bir qələm, bir dəftər və bir şam. Səfərləri, gəzib-dolaşmağı da mən yazı laboratoriyamın tərkib hissəsinə daxil edirəm. Ömrü boyu yaza-yaza gəzmişəm, gəzə-gəzə yazmışam. Mən sükuta yad bir adamam. Həmişə hərəkətdəyəm. Şeir dəftərimdə nümunə üçün bircə düzəlişə rast gəlməzsiniz. Mən redaktəni içərimdə edirəm:
   
   Desə quş olmalısan, dağlarına qonaram,
   Desə daş olmalısan, yerimdəcə donaram.
   Desə köz olmalısan, köz-köz olub yanaram,
   Mən bu məhəbbətimlə ömrü ömür sanaram
   Vətən ki, gözlərimin ağıdı, qarasıdı,
   Hələ bu harasıdı, hələ bu harasıdı.
   
   Türk xalqları ədəbiyyatında Azərbaycan ədəbiyyatının yeri ucadı.
   - Zəlimxan müəllim, siz də yəqin razılaşarsınız ki, yazıçı, sənətkar üçün ölkədə tanınmaq nə qədər xoşbəxtlikdirsə, Vətənin sərhədlərindən kənarda tanınmaq isə millət üçün qürur mənbəyidi, şərəfdi. Bu mənada bugünkü ədəbiyyatımızda kimlərin imzası kənarda tanınır?
   - Bu sırada Anarın, Elçinin, Əkrəm Əylislinin, Çingiz Abdullayevin adlarını çəkərdim. Ədəbiyyatın dünyada tanınmasında ən mühüm faktor dildir. Türk dilinin yayılma arealından baxsaq, dilimizin imkanı nisbətən yaxşıdır. Amma öz Azərbaycan türkcəmizdən yanaşsaq, bu bir o qədər də geniş deyil. İspan, ingilisdilli ədəbiyyatın yayılma və təbliği imkanları daha genişdi. Adıçəkilən dillərdə bir roman ən azından bir milyon tirajla nəşr olunur. Azərbaycan ədəbiyyatının dünyada tanınması üçün möhtərəm prezidentimizin imzaladığı sərəncamlar əsasında klassiklərimzin əsərləri yenidən çap edilib. Bu da ədəbiyyatımızın tanınmasına xidmət edən amillərdəndi.
   - Türküstanı gəzib dolaşan, ümumən türk ədəbiyyatına bələd olan bir yazar kimi Azərbaycan ədəbiyyatının türk xalqları ədəbiyyatı içərisində yerini, mövqeyini necə səciyyələndirərdiniz?
   - Türk xalqları ədəbiyyatı içərisində Azərbaycan ədəbiyyatı çox ucada dayanır. Amma bir məsələyə təəssüf edirəm. Bunu Türkiyədə olanda görüşlərimdə, çıxışlarımda da bəyan edirəm. Təəssüflər olsun ki, nə Türkiyə ədəbiyyatı Azərbaycanda, nə də Azərbaycan ədəbiyyatı Türkiyədə lazımi səviyyədə təbliğ olunmur. Bu barədə Türkiyənin səlahiyyət sahiblərinə, mədəniyyət nazirinə fikirlərimi bildirmişəm. Azərbaycan ədəbiyyatının bəzi nümunələri Türkiyədə oxunur. Amma bu çox pərakəndə şəkildədi. İnanıram ki, yaxın vaxtlarda Azərbaycan ədəbiyyatı Türkiyədə, türk ədəbiyyatı da Azərbaycanda sistemli şəkildə nəşr edilərək geniş oxucu kütləsinə çatdırılacaq.
   - Çağdaş Azərbaycan ədəbiyyatının ən böyük uğuru nəyi sayardınız?
   - Çətin və düşündürücü sualdı, çoxtərəfli və mübahisəli məsələdi. Bugünkü ədəbiyyatımızın ən böyük uğuru onun min illərdən gələn milli zəmin üzərində sağ-salamat qalmasını sayardım. Tam səmimi deyirəm ki, Azərbaycan ədəbiyyatı İran, Türkiyə və digər qonşu xalqların ədəbiyyatından güclüdü. Poeziyamız, sözün həqiqi mənasında, daha möhtəşəmdi.
   
   Sanballı əsərlərə ciddi ehtiyac duyulur
   
   - Çox güman ki, siz də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu yaxınlarda müasir Azərbaycan elminin, təhsilinin və ədəbiyyatının mövcud vəziyyətini kifayət qədər geniş təhlil olunmuş analitik məqaləsi ilə tanışsınız. Həmin məqalədə son 10 ildə Azərbaycan nəşrində sanballı bir əsərin yazılmadığı qeyd olunur. Siz bu barədə nə deyərdiniz?
   - Ramiz müəllimin bu fikrinə çox hörmətlə yanaşılmalıdır. Ramiz Mehdiyev siyasi xadim olmaqla bərabər, akademikdir. Ramiz müəllim Azərbaycanın mənəvi imkanlarını nəzərə alaraq bu fikri söyləyib. Doğrudan da, Azərbaycanda son dərəcə sanballı əsərlərin yaranmasına ciddi ehtiyac duyulur. Etiraf edək ki, bu gün böyük ədəbiyyatın nümunələri ortalıqda yoxdu. Ramiz müəllimin məqsədi, məramı böyük ədəbi nümunəni ortada görməkdi. Bircə anlıq ədəbiyyatımızın yaxın tarixində yaranmış bir neçə əsəri xatırlasaq, görərik ki, həqiqətən, son on ildə həmin əsərlərə bərabər sayılacaq roman, povest yaranmayıb. Gəlin etiraf edək ki, «Dəli Kür», «Məşhər», «İdeal», «Qətl günü» səviyyəsində əsərlər son onillikdə araya-ərsəyə gəlməyib.
   - Zəlimxan müəllim, mən suallarımı demək olar ki, tamamladım. Soruşmadığım, ancaq sizi narahat edən məsələ varsa, istərdim ki, onu qəzetimiz vasitəsilə cəmiyyətə çatdırasınız.
   - Qəzetinizin adı «Mədəniyyət»dir. Hər bir yazıçı, şair, sənət adamı mədəniyyət cəbhəsinin əsgəridi. Bu gün məni həddindən artıq narahat edən, əhvalımı pozan bir ciddi problem var. O da ruhumuzun işğal olunma təhlükəsidi. Azərbaycan müstəqil dövlətdi, qapılarını bütün dünyanın üzünə açıb, hamı axışıb gəlir. Bu axınla Azərbaycan mənəviyyatına ciddi təhlükə də gəlir. Bu güclü axının milli-mənəvi ruhumuzu sarsıdacağını qədərincə qiymətləndirmirik. Televiziya kanallarında lazımsız və mənasız şoular bizi məhv edir. Telekanallara alim təfəkkürü çıxmalı, oradan aləmə ziyalı işığı yayılmalı, mədəniyyət xadimlərinin hər gün oradan səsi gəlməlidi. Mən o gün «Ovqat» verilişində üzümü telekanallara tutub dedim ki, gənc yazarları dəvət edin, onları dinləyin, onları xalqa tanıdın.
   Mən bəzən Bakını gəzəndə çaşıram, elə bilirəm ki, bura Bakı deyil. Dükan-bazarın reklamlarında o qədər əcnəbi sözlərə rast gəlirsən ki, Bakıda olduğunu unudursan. Buna görə də milli mənliyimizin itməsi təhlükəsinə qarşı mübarizə aparmalıyıq. Çox şükür ki, dövlətimiz bu axına qarşı çox ağıllı bir kurs götürüb. Dövlətimiz muğam musiqisini, folkloru, aşıq musiqisini dirçəldir, milli bayramımız olan Novruzu qaldırır. Yad təsirlərin qarşısında yalnız min illərdən gələn bu mənəvi dəyərlərlə duruş gətirmək olar.
   - Zəlimxan müəllim, maraqlı müsahibə üçün çox sağ olun.
   
   Xeybər GÖYYALLI